ÜÇÜNCÜ DÜNYANIN QORXUSU

ƏLİ RZA XƏLƏFLİNİN «ÜÇÜNCÜ DÜNYANIN

QORXUSU» POVESTİ HAQQINDA

         MÜLAHİZƏLƏRİM

 

        Mən  payızı  çox  sevirəm. Bilmirəm, üzü  payıza  doğulduğuma  görəmi  və  ya  payız  adama  saralıb  tökülən  yarpaqlarıyla  insan  ömrünə  daxil  olacaq  əsil  həqiqət  olan  xəzanımı  xatırladır? Bəlkə  bununla  bir  bağlılıq  görürəm. Amma  bu  sevgimin mahiyyətinə  vara  bilmirəm. Bir  onu  bilirəm  ki, payıza  çox  bağlıyam. Payızda  daha  çox  yazıram. Yatmış  duyğularım  oyanır, inanıram  ki, yayın qora bişirən atəşindən sağ çıxdım, deyəsən  bir  il  də  yaşayacağam. Bəlkə  heç  vaxt  sevmədiyim  yayın  ürək  partladan  istisindən  sonra  havaların  sərinləşməsi  məni  payıza  o  qədər  bağlayır. Çünki duyğularım  oyanır, ruhumda  yeni  bir  canlanma  başlayır. Bu  canlanma  təzə  həyatın qapısın  açır  mənim  üçün…  

            Məhz  həmin  vaxtlarda  «Kredo»ya  gəldim. Cəfakeş  Əli  Rza  Xələfli  mənə  yenicə  çapdan  çıxmış  kitablarını  təqdim  etdi. Diqqətimi «Üçüncü  dünyanın  qorxusu» əsəri  cəlb  etdi. Artıq  müəllifin  saytından  bu  kitab  haqqında  məlumatım  var  idi. Ancaq  povesti  oxuyandan  sonra  ondan  yazmaq  duyğusu  könlümdən  keçdi. Sözdən  söz  yaradan  Əli  Rza  Xələfli  əsərdə  hər  bir  kəsin  ürəyində  yatmış  duyğuları  oyadan  həqiqətdən  söz  açır. Həqiqət  isə  bir  çox  mətləblərin  ortaya  çıxmasında  insana  yardımçı  olur,  hərçənd  ki, bəzən  o  adamlara  xoş  gəlməsə də!..

         Biz  insanlar,  doğulub  həyatı  dərk  edəndən  sonra,  bir  içində  yaşadığımız  dünyanı, bir  də  uşaqlıqdan  evdə  böyüklərimizdən, böyüyüb  özümüzü  dərk edəndən  sonra  isə  din  adamlarından, dini  kitablardan  bəhrələnib  məlumatlanırıq  ki, bəs  haqq  dünyası  var,  insan  dünyasın  dəyişəndən  sonra  öz  yaxşı  və  pis  əməlləri  ilə birlikdə  haqq  dünyasına  qovuşur. Səmavi  kitablar  o  dünyanın  varlığından  bizlərə  gen-bol məlumat  verir. Bu  məlumata, yəni  o  biri  dünyanın  varlığına  inanan  inanır, inanmayan  isə  yox. Mənə  elə  gəlir  ki, inananların  sayı  inanmayanlardan çoxdur.  Ancaq  gəlin etiraf  edək  ki, günbəgün  cəmiyyətdə  yalançı  peyğəmbərlərin  sayı  artmaqdadır. Hətta  Allahlıq  iddiasına  düşənlər  də  yalançı  peyğəmbərlərlə  yarışmadadı. Bu  o  düşüncə  sahiblərinin  öz  işidir, çünki  hər  kəs  öz  ağlının  aynasından  yaşadığımız  dünyaya  sarı  boylanır. Amma  mən  mövzudan  kənarə  çıxmaq   istəmirəm, ona  görə  də  qayıdıram  yazacağım  mövzunun  üstünə…

      Maraqlı  burasındadır  ki, odlu-alovlu  nəzmi  ilə, publisist  yazıları  ilə  cilid-cilid  kitablar  yapan  Əli  Rza  Xələfli  bu  dəfə  oxuculara  bədii  nəsrin  dili  ilə  üçüncü  dünyanın  varlığından  bəhs  edir.  Bəli,  düz  oxudunuz, məhz  üçüncü  dünya!… Bəs  üçüncü  dünya  hardadır ? Müəllif  üçüncü  dünyanın  insan  qəlbində,  könülündə  yuva  saldığından  söhbət  açır. Bəli, heç  kəsə  sirr  deyıl  ki, hər  kəsin  könülündə  gizli  bir  dünya  var. Əli  Rza Xələfli  bu  dünyanı  üçüncü  dünya  adlandırır. Əslində  müəllifin  «üçüncü  dünya»  adlandırdığı  dünyada  təkcə  kiminləsə  olmuş  eşq,  məhəbbət  ağrısı  yox,  itirilmiş  günlər,  ötüb  keçən  ömrün  taxça-taxça  düzülmüş  acıları, göz  yaşlarının  nə  vaxtsa  gürşadlar, leysanlar  doğmuş  dəryaları, çayları, gölləri, zirvələrində  əlçim-əlçim  qarları  parlayan  qəm  dağları, neçə-neçə  diləkləri  heç-puç  edən  dərələri, insan  arzularını  bir  anda  xıncım-xıncım  edən  sıldırım  qayaları  var. Biz  bu  dərinliyə  varanda  insan  qəlbində  sirli  dünya  olduğu  ehtimalına  varırıq. Bu  dünyanın  qapıları  daim  adamın  özündən  başqa  qeyrilərin  üzünə  bağlı  olur. İnsan  öz  ağrı-acılarıyla  ölənə  qədər  iç  dünyası  ilə, üçüncü  dünya  ilə  baş-başa  qalır. Hətta  üçüncü  dünyanın  qapılarını  öz  əzizlərinin  üzünə  belə  açmır. Əli  Rza  Xələfli  məhz  bu  reallığı  növbəti  kitabının  mövzusu  edib.

        Müəllifin «Üçüncü  dünyanın  qorxusu» povesti  başdan-başa  mesaj  məktublardan  ibarətdir. Əsərdə  iki  obraz  var. Kişi  və  Qadın. Hər  ikisi  ailəlidir. Amma  nə  vaxtsa  bir-birlərini  uzaqdan-uzağa  seviblər. Əfsus  ki,  bu  sevgi  hansınınsa  günahı  ucbatından  baş  tutmayıb. İllər  keçdikdən  sonra  Qadın  hardansa  onun  telefon nömrəsin  tapıb  ona  zəng  edir. Kişi Qadının  qəfil  zəngini  həyatında  bir  çevriliş  sanır. Üçüncü  dünyada,  başın  atıb  yatmış,  məhəbbət  yenidən  baş  qaldırır, onun  şölələri  yenidən  keçmişdə  bir-birini  sevmiş  ürəkləri  yandırır. Amma  hər  ikisi  ailəli,  hər  ikisi  saysız-hesabsız  şəxsi  qayğılar, çətinliklər  ilə  üzbəüz.  Ancaq  bütün  bu  qadağalar, keçilməzlər,  heç  olmasa,  onların  bir-birinə  telefon  vasitəsi  ilə  mesaj  yazmaq  istəyini  öldürə  bilmir. Baxmayaraq  ki, qadın  xəstədir, ağır  cərrahiyyə  əməliyyatı keçirib  və  tez-tez  əsəb  sarsıntıları  ilə  baş-başadır. Ancaq o  indi  üçüncü  dünyada  haçansa  məzarlanmış, fəqət,  torpaq  altdan  boy  atıb  qalxmış,  yaşlı  bir  ağacın  zoğ  atmış,  fidanına  bənzəyən  məhəbbətinə  layla  çalır. Bu  laylanın  könül  oxşayan  şərqisi,  lap  uzaqlardan  gələn  pıçıltılarla,  onun  qulaqlarına  dolur, Qadında  xoş  ovqatlar  yaradır,  ağır  xəstəliyin  törətdiyi  fəsadları,  yavaş-yavaş  ona  unutdurur. Hətta  həkimlər  də onun  halının  belə  tezkən  yaxşılaşmasına  təəccüb edirlər. O  hər  gün  ona  yazılan  mesajları  səbirsizliklə  gözləyir, telefondan  səs  gəlməyəndə darıxır, səbirsizləşir, sanki  qandınçın  yeni  həyat  başlayıb, hər  şey  təzələnib,  lap  elə  onun  köksündə  baş  qaldıran  gecikib  yollarda  azmış, hansısa  qəfil  əsən  tufanın  qovğalarında  göylərə  sovrulmuş  məhəbbəti  də! Povestin  diqqət  çəkən  məziyyətlərindən  biri  də  odur  ki, burada  təsvir  olunan  obrazlar  dərin  psixoloji sarsıntılar  içərisində  ağrı-acılarını bir-birlərilə  bölüşürlər… 

       Bəlkə  Qadınla  Kişi  obrazı  müəllif  tərəfindən  düşünülmüş  şəkildə  adsızdır. Çünki  müəllif  bu  adsız  obrazları  deyəsən  bütün  dünyada  sevgisinin  ağrısını  yaşamışların xatirəsinə  həsr  edib. Qəlblər  arasında  uçulan  körpülərin  ağrı-acılarının  gətirdiyi  həyacanlar  nakam  ürəklərdə  dərin-dərin  yaralar  açıb. Əsrlərlə  adı  tarixə  düşməmiş  Leyli  və  Məcnun  timsallılar  bu  dünyanı  nakam  tərk  edib. Öz  istəklərinin  odunda  yana-yana  ruhən kül  olublar. Amma  insanın  bir  qəribə  tərəfi  də  var  ki,  o  ürəyində  illərlə  yığılıb  qalmış  dərdini  kimi  ilə  isə  bölüşmək  istəyir. Ona  görə  özünə  daim  əziz  bir  həmdəm  axtarır. Bu  həmdəm  isə  çox  vaxt  insanın  iç  dünyası  olur. Rəvayətə  görə  Makedonyalı  İsgəndər  öz  sirrini  heç  kəsə  deməzmiş. Amma  ürəkdə  yığılıb  qalan  sirlər  bir  müddətdən  sonra  ürəyə  ağırlıq  edib  dərdə  çevrilir. Böyük  hökümdar  öz  dərdini  quyuya  danışmaq  məcburiyyətində  qalıb  və  bunla  da, o,  özünə  təsəlli  tapıbmış…

            Gəlin  etiraf  edək  ki, insan  əzəli  dünyanın  ağrıları  içində  itib-batır. Adama  təsəlli  verən, onunla  daim  sevgili  munis  kimi  pıçıldaşan  üçüncü  dünyasında-iç  dünyasında  ona  təsəlli  olan  bəlkə  də  ruhudur. Ürəyinin  ruhla  bağlı  gizliliyi, insanın  özünün  özünə  ruhaniliyidir. Ən  ağır  anlarda  insan  bəzən  daxildən  pıçıltılar  eşidir. Bu  pıçıltılar  adamı  ruhlandırır,  hansısa  bir  işin  qulpundan  yapışmağa  sövq  edir. Adam  daxildən  gələn  pıçıltıların  möcüzəsindən  baş  aça  bilmir. Hardan  gəlir  bu  ilahi  səs? Qulağa  dolan  sədalar  hansı  gözə  görünməz  varlığın  möcüzəsidir? İnsan  saatlarla  öz  içinə  çəkilir, özüylə  haqq-hesab  edir, etdiyi  səhvləri  can  tərəzisində  ölçür-biçir. Ona  edilən  yaxşılıqları-yamanlıqları  və  ya  özünün  etdiyi  yanlışlıqları  çək-çevir  edir. Bəzən  üçüncü  dünyaya  qapılmalar  dəliliyə,  ruhu  sarsıntılara,  intihara  gətirib  çıxarır. Allah  heç  kəsi  daxili  tənhalığa  mübtəla  etməsin. Əli  Rza  Xələflinin  « Üçüncü  dünyanın  qorxusu»  kitabında, məhz  daxili  tənhalıqdan  əzab  çəkən  iki  orta  yaşlı  insanın  ürək  çırpıntıları,  keçirdikləri  həyat  sarsıntıları  ustalıqla,  bədii  sözün  qüdrətiylə  oxuculara  çatdırılır. Onları  nə  ailə, uşaq, nə  də  o  duyğulardan  doğan  fərəhli  anlar  sevindirmir. İstər  Kişi, istər  Qadın  hər  ikisi  daxilən  tənha  və  bədbəxtdirlər. Bəs  bu  bədbəxtçiliyin  kökündə  nə  durur? Cəmiyyətin  qayda-qanunlarına,  sanki  çox  vaxt  ailədə  diktator  rolunu  oynayan  ailə  başçılarının  hegemonluğumu? Övladlarına  öz  əşyası  kimi  baxmalarımı  məhəbbətsiz  qurulan  ailələrin  sayını  çoxaldır? Və  yaxud  əsrlərlə  milli  adət-ənənələrin  kökündə  dayanan  mövhumatmı  və  bu  mövhumatın  xofundan  doğan  yanlışlıqlarmı?!  Nə  qədər  ölkəmizdə  sevgisiz  qurulan  ailələr  var. Xüsusiylə  də  qohumlarla, xalaqızı, bibiqızı, əmiqızı, dayıqızı  və  çox  vaxt  bu  alilələrdə  doğulan  xəstə,  zəif,  ağıldan  kəm  uşaqlar….

         Müəllif  iki  sevən  qəlbin  dili  ilə,  az  qala,  ağrıları  qarabasmalar  kimi  dilə  gətirir. Hər  ikisi  telefon  yazışmasının  onların  həyatda  yaxşı  heç  bir  şey  etməyəcəyinə  əmindirlər. Adama  elə  gəlir  ki,  nisgilli  bir  ayrılma  ilə  bitəcək  bu  yazışmanın  kökündə  inamsızlıq  var.  Əsərin  sonlarında  bir-birinə  sənlə  müraciət  edən  nakam  məhəbbət  daşıyıcıları  uğursuz  eşqi  yenidən  ürəklərində  dəfn  etmək  qərarı  ilə  baş-başa  qalırlar. Hər  ikisi  bir-biriylə  birləşmək  qorxusunun  sonradan  baş  verəcək  fəsadlarının  ağrısıyla  qol-boyundurlar, çünki  önlərində  bir  keçilməz  dağ  var. O  dağın  başından  sal  buzlar  asılıb  üzü  aşağı, əl  vursalar  qopub  onları  sıldırım  qayalardan  dərə  aşağı  yuvarladarlar…

            Müəllif  əsərin  bir  yerində  Kişi  surətnin  dili ilə  Keygidər  quşundan  söhbət  açır. Bu  quş  insan, yurd  sevgisinin  rəmzi  obrazıdır.  Bu  obrazı  əsərdə  səsləndirməklə  Əli  Rza  Xələfli  öz  oxucularını  yurda,  kökə,  soya  bağlılığa  çağırır, çünki  bu  bağlılıq  qırılanda  insan  ürəyində  ən  pak  sevgi  olan  yurd  sevgisi  də  ölər. Adam  soyunu, kökünü  unudar,  başqa  millətlərin  əlində  oyuncağa  çevrilər. İki  obraz  arasında  hərdən  əsəbi,  çılğın  yazışmalar  da  olur,  hərdən  bir  xasiyyətlərinin  gizli  tərəfləri  üzə  çıxır. Gizli  tərəflərin  önündə  də  yenə  sevgi  durur. O  sevgi  saf,  büllur  sular  tək  dupduru,  gözündən  qaynayan  bulaqlara  bənzəyir. Məhəbbət  insan  həyatına  qəfil  gəlir  və  qəfil  də  insan  ruhunda  zəlzələlər  qoparır,  müdhiş  təlatümlər  yaradır,  insanı  öz  əsirinə  çevirir. Amma  hamı  da,  mənə  elə  gəlir  ki,  sevən  qəlb  sahibi  deyil.  Çünki  məhəbbət Allahın  vergisidir,  istedad  kimi  o  da  hər  adama  verilmir.  Məhəbbət  də  seçilmiş  adamlara  verilir. Çoxları  heç  sevginin  böyüklüyünü,  ucalıgını  dərk  etmək  gücündə  deyil. Sevgisiz  ailə  qurur,  sevgisiz  övladlar  dünyaya  gəlir,  sevgisiz  də  öz  ömrünü  bitirib  bu  dünyanı  tərk  edir. Bəlkə  o  sevgisiz  ailələrdən  doğulan  uşaqlar  da  sonradan  böyük-böyük  qan-qırğınların,  cinayətlərin,  amansızlıqların  müəllifinə  çevrilirlər. İnanmıram  ki,  sevgiylə  doğulmuş  bir  insan  kiminsə  həyatına  qəsd  edə, pisliyə,  yamanlığa  rəvac  verə…

              Müəllifin  Kişi  və  Qadın  obrazı  yanığlı  bir dillə  öz  həyatlarını  görünməyən  tərəflərini  bir-birlərinə  açırlar. Təbii söz  sərrafı  olan müəllif  «Üçüncü  dünyanın  qorxusu»nu real  dünyamıza  ünvanlanan  mesaj  məktublar  vasitəsi  ilə  qədirbilən  oxuculara  çatdırır. O, oxuculara  müasir  zəmanədə  minlərin, milyonların  yaşadığı  acı  həqiqətləri  əsərin  qəhrəmanlarının  dili  ilə  aşikar  edir. İnsanları  öz  hissləri, öz  ürəkləri  ilə  oynamamağa  dəvət  edir. Bu  mesaj  məktublar  məhəbbətə  keçici  deyənləri  həll  olunası  çox  çətin  olan  riyazi məsələrlə  baş-başa  qoyur.

        Bu  sevgi  öz  kollarının  müvəqqəti  səadətlərinə  qovuşmuş  cəmi  bir  neçə  günlüyə  açmış  gülləri  xatırladır  mənə… Açanda  gözəl  olurlar,  solanda  kədərli. Dalbadal  yazılan  könül  mesajları  açmış  güllər  tək  necə  bəxtiyardırlar, onlar  hər  iki  ürəyi  sevindirir,  onları  sözlə  ovundurur,  olub  keçənlərin  dəlisov  hissləri  ilə  yandırır. Könül  xanəsi  adlanan  üçüncü  dünya  Əli  Rza  Xələflinin  yazdığı  kimi  öz  qorxuları  ilə,  öz  şiddətləri  ilə  adamı  zaman-zaman  göynədir, amma  hərdənbir  mümtaz  da  edir. Hər  dəfə  telefon  mesaj  siqnalları  gələndə  qadın  özünü, hətta  öz  ailəsinin  yanında  olduğunu  unudur, həzin  könül  pıçıltılarının  sorağı  ilə  növbəti  mesajı  gözləyir…

           Hər  adamın  içində  bir  iç  dünya  var. Əsərdə  Qadın  da, Kişi  də  bu  iç  dünyası  ilə  baş-başadır. Bu  dünya  sirlərlə  doludur. İnsan  nə  qədər  sağdır,  nə  qədər  arzularla  qol-boyundur, onlardan  kam  almaq  istəyi  bitib-tükənmir. Hələ  bilinmir  üzünə  açılan  sabahlar  arzulara  qəsbkar  olacaq, ya  ana  nəvazişi  ilə  onun  boynuna qol  salacaq, uzun  saatların  həyat  körpülərindən  keçməyə  ona  dəstək  olacaq. Bütün  bunlar  insan  üçün  sual  olaraq  qalır, amma  o  ruhdan  düşmür,  yaşamaq  eşqi  bir  anda  onu  tərk  etmir.  Povestdə  Kişinin  yuxuda  özünün  dünyasını  dəyişməsi,  yasa  gələnlərin  biganəliyi,  onun  öz  yas  mərasiminə  kənardan  tamaşa  etməsi, ətrafdan  ikrah  doğuran, kinayəli, başqasının  kədərinə  sevinmək  kimi  bir  mənzərənin  şahidi  olmasından  bəhs  olunur. O, bu  insanların  çoxusunu  tanımasından, onun  keçmiş  həmkarlarının  olmasından  söz  açır. Müəllif  burda  ibrətamiz  məsələyə  toxunur. Doğurdan,  bu  gün  şoya  çevrilmiş  yas  mərasimlərinin  gurultusu  toylardan  beşbetər  qulaq  tutur, görəsən  dünyasını  dəyişənə  yas  yiyələri  nə  dərəcədə  sağlığında  can  deyib-can  eşidiblər  ki,  dünyasını  dəyişən  üçin  bu  qədər  can  fəşanlıq  edilir? Əli Rza  Xələfli  hamını  düşündürən bir  məsələyə  toxunub. Sağlığında  onunla  xoş  rəftarda  olmuş  adamlar  indi  kənardan  onun  meydinə  baxıb  qımışırlar. Əsərin  qəhrəmanı  yuxuda  bu  acı  səhnənin  şahidi  olur. Onun  ölümünə  sevinənlər  dünən  onunla  deyib  gülüb,  bir  masa  arxasında  sağlıq  deyən  kəslər  deyildimi? Bəs  bu  biganəlik,  qeyri-insani  duyğular  nədən  doğub  ki,  dünənin dostluqları, tanışlıqları  bu  günün  yasında  gülüşə  çevrilib?

        Yeri  gəlmişkən  povestin  məni  xoşuma  gəlməyən  tərəfləri  haqqında  da  öz  fikirlərimi  dəyərli  oxucularımla  bölüşmək  istəyirəm. Bu  da  ailəli  bir  qadının,  əri, iki  uşağı  olan  olan  bir  ananın  haçansa  məhəbbəti  olmuş  bir  adama  telefon  açması  və  onunla  sevgi  mesajlarına  rəvac  verməsidir. Mütləqi  azadlıq  yoxdur. Hər  kəs  öz  hisslərinin  əsirinə  çevrilsə, onda  nə  ailə  səadəti,  nə  kişi, nə  qadın  sədaqəti,  nə  də  ailə  olar. Mən  bu  qadını  əsərin  mənfi  obrazı  kimi  qiymətləndirirəm. Müəllif  bu  obrazı  əsərinə  gətirməklə  qadınların  iradəsiz,  hisslərlə  yaşayan, hətta  yeri  gəlsə  öz  ərini, övladlarını  da  sevgisinə  qurban  vermək  dərəcəsində  olmasından  söz  açır. Bu  fikirlə  isə  qəti  şəkildə  razı  deyiləm.  Qadınların  hamısı  belə  deyil, belə  qadınlar  həm  cəmiyyətə,  həm  də  öz  başlarına  bəladırlar. Çünki  hansı  kişi  istəyər  ki,  onun  yarısı  başqa  bir  kişi  ilə  belə  bir  həyatı  yaşasın…Freyd  fəlsəfəsi  deyəsən  bizim  milli  sərvətimiz  olan  ailə  təmizliyimizi  də  yavaş-yavaş  işğal  etməyə  başlayır. Çünki  bizdə  indi  sürətli  Avropalaşma  gedir. Avropa  xeyirli  tərəflərindən  çox,  ziyanlı  tərəflərilə  bizim  həyatımıza  kobud  şəkildə  soxulmağa  başlayıb.  Avropada  həyatını  hisslərin  əsirinə  çevirən  kişilər  və  qadınlar  axırda  cəhcəlalı  evlərində  ömürlərini  intiharla  başa  vururlar.  Freyd  fəlsəfəsi  Avropanı  necə  əsir  edibsə, orda  bütün  bağlılıqlar qohum, ata-ana, övlad  bağlılıqları  dəhşətli  bir  zəlzələdən  dartılan  min  bir  yerə  parçalanan  zəncirləri  xatırladır  adama. Hətta  ailə  bağlılıqlarının  beşiyi  olan  İngiltərə  də  bu  acnacaqlı  faktla  üz-üzədir.  İnsan  mağaradan  ailəyə  gəlib,  bu  yolda  nə  qədər  keçilməzlərlə  üz-üzə  qalıb. Hətta  heyvanlar  arasında  qu  quşları,  durnalar, canavarlar  və  mənim  bilmədiyim  bir  çox  canlılar  ailə  bağlıqları  içərisində  yaşayır.

        Mənəvi  dəyərlərin  uçurum  qarşısında  qaldığı  bir  dövürə  gəlib  çatmışıq. Yeri  gəlmişkən  müasir  zamanəmizdə  mesajla,  təsadüfü  telefon  tanışlığı  ilə  qurulan  ailələrin  də  sayı  artmaqdadır. Bu  ailələrin  də  ömrü  çox  vaxt  uzun  olmur. Artıq  inkişaf  etmiş  ölkələrdə,  xüsusi  ilə  Avropada  ailə  təməlləri  uçub  tökülmə  təhlükəsi  ilə  üzbəüzdür. Bizim  ölkədə  də  göz önündə  əfsus  bu  problemlər  günbəgün  artmaqdadır. Amma  pisxoloqların  göstərdiyi  hesablamalar  deyir  ki, heç  də  ailəsizlik  böyük  xöşbəxtliyə  yol  açmır. O  insanı  tənhalıq  uçrumuna  aparır. Onlar  öz  bacı-qardaşlarının,  ata-analarının  yanında  olsa  belə  ruhən  tənhadırlar. İnsanı  bu  tənhalıqdan  isə  yalnız  bir  sevdiyi  kəs, gözünün  gördüyü, ürəyinin  tutduğu  şəxs  xilas  edə  bilər. Bu  şəxsi  isə  tapmaq  çox  vaxt  hər  insanı  taleyinə  düşmür. Bir  az  xudpəsəndlik, bir  az  tənbəllik, bir az  adamlara  yuxarıdan  aşağı  baxmaq,  bəzən  insanı  tənhalığa  aparan  səbəblərdir. Qadınların  mənsəb  qurmaq  arzusu,  layiq  olduqlarından  daha  yüksək  mərtəbələrə  can  atmaları,  qadının  qadın  yerini,  kişinin  kişi  yerini  bilməmələri,  və  yaxud  bilə-bilə  bunu  inkar  etmələri onları  tənhalığa  düçar  edir. Bu  da  istər  qadın,  istər  kişi  üçün  böyük  faciədir. Məhəbbət  adiləşib, sevgilər  pulla, varla  əvəz  olunur, sevgisiz  qurulan  ailələr  isə  bir  sabun  köpüyünə  bənzəyir, nə  qədər  qabarsa  o  qədər  gözəl  görünür, amma  partlayanda  isə  bir  an  əvvəlki  gözəlliyini  itirir.  İndiki  qurulan  ailələrin  çoxu  da  elə  sabun  köpüyünün  taleyini  yaşayır. Bir  soyuq  nəfəs,  bir  soyuq  baxış  dəyən  kimi  dağılıb  tökülür.

        Əsərin  bir  yerində  Qadının  xəstə  günlərində,  20  il  bir  yastığa baş  qoyduğu,  ərininın  onun  çarpayısının  yanını  kəsməsi,  ona  bir  uşaq  kimi  qulluq  etməsi  önə  çəkilir. Baxmayaraq  ki, Qadın  öz  ərini  sevməyib,  ancaq  ər  həyat  yoldaşının  çətin  vaxtlarında  ona  həmdəm  olub. Onun  ağrı-acılarına  şərik  olub. Qadının  xəstəlik  üzündən  çəkdiyi  əzablara  biganə  qalmayıb. Deməli  bir  damın  altında  yaşayan  bu  iki  cütlükdə  sevgi  olmasa  da,  insani  hisslər  ölmübmüş, hərçənd  ki, ölsəydi  neçə  illər  bir  damın  altında  yaşamazdılar. İndi  bu  ağır  məqamda  əri  onun  dadına  yetməzdi.  Deməli  ailə  içində  də  hələ  körpülər  uçmayıbmış. Çətin  anlarda  bir-birlərinə  can  deməyi  bacara  biliblər. Məhz  insani  hisslər  də  ailəni  bu  günə  qədər  qoruyub  saxlayıb. Onun  dağılmasına,  məhvinə  fərman  verməyib. Fikirimcə, müəllif  demək  istəyir  ki,  arada  sevgi  olmasa da  heç  olmasa  insani  duyğular  adamları  tərk  etməsin.

       Həqiqi  sevgi  elə  alidir ki,  o  ötəri  hisslərin  fövqündən  qat-qat  yüksəkdədir. Qadın  bu  yüksək,  bu  ali  hissin  əsiridir. Bəlkə  də  məktub – mesajlar  ürəkdə  illərlə  yığılıb  qalmış  ailə  daxili  qayğılar,  çətinliklər,  ağrı-acılar  girdabında  çapalayan  qəlbi  üçün  bir  ümid  yeri,  müvəqqəti  də  olsa  sevinc  mənbəyidir. Bu  mərhələ  Qadını  yaşadır  onun  yenidən  həyatı  sevməyə  sövq  edir. O  sevgilisin  ona  yolladığı  mesajlardan  xoşbəxdir. O, xoşbəxtliyin  illərlə  uzanmasını  istəyir. Mesajlar  on  günlə  ara  verəndə  o  özünə  yer  tapmır, öncəki  günlərinin  qayıtmasını  istəyir. Əslində  hər  iki  tərəf  istər  Qadın,  istər  Kişi  kifayət  qədər  qaygılarla  yükləniblər. Onlar  bu  yükün  ağırlığını  çiyinlərində  hiss  edə-edə  öz  şəxsi  hisslərinin  əsirinə  çevrilirlər.

           Əli  Rza  Xələfli «Üçüncü dünyanın  qorxusu»  kitabında  obrazların  dili  ilə  məhəbbətin  aliliyini  önə  çəkir, sevgiyə  gəldi-gedər  bir  hiss  kimi  baxanların  aqibətinə  axırda  ağrılı  bir  həyat  düşdüyünü  oxucuya  çatdırır. O,  sevib-sevilməyin  insan  həyatında  oynadığı  önəmi  məktub-mesajlarda  suya  həsrət  dodaqlar  kimi  qurtum-qurtum  ürəklərə  içirdir. Nə  yazıq  ki,  bəzən  ürəklər  bu  istəkdən  çox  vaxt  uzaq  olurlar,  istəsələr  belə  öz  istəklərinə  qovuşa  bilmirlər. Min  bir  qadağaları, min  bir  sədləri,  keçilməzləri  aşmaq  iqtarında  ola  bilmirlər. Sevgiyə  sərkərdə  ola  bilməsələr  də sənətdə, elmdə, işdə  böyük  uğurlar  qazanırlar. Öz  böyük  məhəbbətlərini  bu  yolda  xərcləyirlər. Ömürlərini  isə  tənha  başa  vururlar. Sevda  dolu  gecələrin  pıçıltıları  yatır  tənhalıqlarda. Öz  ömürlərini  bumbuz  divarlar  arxasında  kimsəsiz  gecələrin  sakitliyinə  qurban  verirlər.

       Əsərin  sonlarında  müəllif  mesajlarla  surətləri  bir-birinə  o  qədər  yaxınlaşdırır  ki, tərəflərin  bir-birinə  evlənmək  təklif  etmək  arzusu  ortaya  çıxır. Artıq  nə  ailə,  nə  yaş,  nə  ətraf  Qadın  və  Kişini  düşündürmür. Onları  düşündürən  yalnız  bir-birinə  qovuşmaq  istəyidir. Bu  istək  isə  yenə  də  qorxu  ilə  dilə  gətirilir. Çünki  onların  məhəbbətləri  arasında keçilməz  sədlər  var. Ailə, uşaq, yaş, qohum-əqrəba, dost-tanış, adət-ənənə, bir  də  yorulub  yollarda  azmış  eşq  və  ondan  doğan  uğursuz  sevgi… Ona  görə  müəllif  onların  bir-birinə  razılıq  verəcəyini  qorxu  adlandırıb.      

        Əli  Rza  Xələflinin  «Üçüncü  dünyanın  qorxusu»  kitabı  hisslər  və  düşüncələr  toplusudur. Zənn  edirəm  ki, fəlsəfi  anlamlarla  çulğalanmış  bu  məhəbbət  povesti  xüsusən  gənclər  üçün  oxunaqlı  bir  kitab  olacaq. Əsərdə  başdan-başa  mesaj  məktublara  yer  verilsə  də  bu  heç  də  əsərin  yaxşı  mənada  bədii  ədəbiyyatı  sevənlər  tərəfindən  müsbət  qarşılanacağına  mane  olmayacaq. Yaradıcılığı  boyu  istər  publisist  məqalələri, istər  bədii  yaradıcılığıyla  könlünün  təbii  duyğularını  söz  ovqatına  kökləyən  müəllif  inanıram  ki, insanın  iç  dünyasının  sehri  ilə  də  oxucunu  ovsunlaya  biləcək. Yazımın  sonunda  arzu  edirəm  ki,  qadınlar  onların  başına  bəla  ola  biləcək  hisslərin  xəyanətindən  uzaq  olsunlar. Həqiqi  sevgi  ilə  ailə  qursunlar,  mala-pula  allanmasınlar  və  sonradan  da  sonu  görünməz  əzablara  düçar  olmasınlar. Müəllifin  özü  demişkən  qəlbləri  birləşdirən «körpülər  yanmasa» insanlar öz  istəklərinə  qovuşa  bilərlər…

    23.09.2011

 

 

 

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın