MƏNƏVİYYAT İŞIĞINDA
YAXUD ELMAN RÜSTƏMOVUN «BAŞKƏSƏNLƏR»
VƏ «ANAMA MƏKTUB» KİTABLARI HAQQINDA MÜLAHİZƏLƏRİM
Müasir Azərbaycan ədəbiyyatını mütaliə etdikdə söz adamlarını bir neçə qismə bölmək məcburiyyətində qalırsan. Bir qism söz adamları iyirmi illik müstəqilliyimizin yalnız cah-calallı tərəflərini qələminin yaradıcılıq yolu seçir. Bununla da yaşadığı cəmiyyətdə öz ziyallıq amalına xidmət etdiyini zənn edir. Amma mənə elə gəlir ki, qələmi əlinə alıb özünü yazıçı qiyafəsində görən hər bir kəs doğulduğu yurdun, vətənin ağrı-acılarını, millətinin əyər-əskikliklərini vicdanın hökmüylə ürəyinin cəfasına, qələminin vəfasına söykənib yazıya gətirməlidir. Bu heç də iqtidarda olan hakimiyyətə zidd getmək yox, onun inkişafına təkan verməkdir. Cəmiyyətdə baş verən haqsızlıqlar da, vicdan tərəzisinin əyilməsi də, kasıbın, imkansızın göz yaşı da, işsizlik də, məmur özbaşnalığı da, amansızlıq-imansızlıq da hökmən yazarın qələmindən keçib vərəqlər üstünə səpələnir. Bəli, cəmiyyətdə baş-verən özbaşnalıqlara özünü şair, yazıçı, jurnalist sayan qələm əhli birinci səsini qaldırır və qaldırmalıdır. Məhz Elman Rüstəmov (Qəmgin) o qism qələm əhlindəndir ki, cəmiyyətin ağrı-acılarına, kəsə yolla desək
haqq tərəzisini əyilməsinə dözə bilmir. Yalançı təriflərdən, riyakar gülüşlərdən, həyası olmayan baxışlardan bezir. Dərdini ağlından qaynayıb çıxan sözlərin ağrısına bükür və onu publisist, hekayə, şeir dili ilə oxucusuna çatdırır. Elə söz adamının müqəddəs diləyi odur ki, düzə qələmini çalsın, yaltaqlığa, məddahlığa, yalançı təriflərə yox desin. Bəzi yazar qurumlarının daxilində öz əndazəsinə, yazısına-pozusuna vurulan və özünü anadangəlmə yazar qismində görən bir çox söz adamlarımız bilməlidir ki, yazçı olmaq hansısa birliyin daxilindən yox öz içindən başlayır. Öz içindən başlayan yazçılığının bər-bəhərini də oxucu dadamağa müyəssər olur və ondan əməlli-başlı zövq alır. Necə ki, mən qələmdaşım Elman bəy Qəmginin kitablarını oxuduqca mənəvi qidalandım, hətta hərdən bir göz yaşı içində qəh-qəh çəkib güldüm də! Hörmətli oxucuları dəyərli yazıçımızın 2010-cu ildə «Qanun» nəşriyyatında çap olunmuş «Başkəsənlər» kitabı ilə tanış etmək istəyirəm. Kitab üç hissədən ibarətdir. Kitabın birinci hissəsi müxtəlif illərdə yazılmış və dövrü mətbuatda çap olunmuş hekayələrdən ibarətdir. Kitabın birinci hekayəsi olan «Kreml qülləsi» diqqətimi cəlb etdi, hətta oxuyub bir doyunca güldüm də. Əgər yazıçı oxucunu öz yazdıqları ilə güldürürsə, ağladırsa, ən nəhayət düşündürə bilirsə, demək o bu yolda uğur qazanıb. Elə Elman Rüstəmov da uğur qazanan sənətkarlarımızdandır. Çünki sənətkarlığın qiyməti, nə aldığın mükafatlar da, nə də yerli-yersiz təriflərdədir. Sənətkarlığın qiyməti onun araya-ərsəyə gətirdiyin ədəbi-bədii məhsuldadır. Bu hekayədə həqiqətən göz yaşı içində gülüş var. İşğallar altında inləyən böyük bir millətin dilinin, mədəniyyətinin, siyasətinin basqıları altında inlədiyinini bu kiçik hekayədə eyhamlarla, oxcunun diqqətinə çatdırır və düşünməyə vadar edir. Hekayənin sonunda «Mən isə raketi Kremlin qülləsinə oxşatmışam və anketdə Kremlinin qülləsini çəkmişəm sən demə…» Sovet dövründə Rus dilini bilməyən kənd uşaqlarımız Rusiyanın muxtəlif şəhərlərində ali təhsil alırdılar. Onlardan az bir qismi ali təhsilli mütəxəssis kimi yetişirdi. Özü də min bir əziyyətlərə qatlaşa-qatlaşa. Müəllif bu çətinlikləri yığcam bir hekayədə oxucusuna ustalıqla çatdırır. Onun «Ağ vərəq», «Mən «tupoy», «Çaşbaş Əhməd» kimi hekayələri kitabda yer alıb. Bu hekayələr öz oxunaqlığı ilə, ürəyəyatımlığı ilə diqqəti cəlb edir.
Mən isə müəllifin «Başkəsənlər» hekayəsinin üstündə xüsusən dayanmaq istəyirəm. Elə uşaq vaxtlarımdan nənəmin türklər haqqında danışdığı şirin-şəkər xatirələri mənədə onlara xüsusi məhəbbət yaratmışdı. Nənəm deyirdi ki, türklər gəlməsəydi, erməni-rus dəstələri bizi tamamilə məhv edəcəkdilər. Hətta 1918-ci il dəhşətlərində nənəmin də bir bələkdə olan qız uşağını oda atıb yandırmışdılar. O, dünyasını dəyişənə qədər namaz üstündə şəhid türk əskərlərinin ruhuna salavat çevirərdi. Və onlar böyük məhəbbətlə yad edərdi… Elə Elman bəy də «Başkəsənlər» hekayəsində türkiyəli oğlanla azərbaycanlı qızın ali məktəbdə bir-birini sevməsindən, bir müddət sonra onların toy mərasimində baş verən məzəli əhvalatlardan bəhs edir. Və illər boyu bir-birindən ayrı düşmüş eyni dilin, eyni kökün, eyni dinin daşyıcıları olan Türkiyə türkləri ilə Azərbaycan türklərinin dillərində işlənən bəzi sözlərin başqa-başqa mənalar daşıması bir-birləri arasında anlaşılmazlıq yaratmasını qələmə alır. Burada həm ürək ağradıcı kədər, həm də düşündürücü gülüş vardır. Çünki Türkiyə türklərinin çoxdan çəkilmiş filmlərinə baxdıqda onlarla demək olar ki eyni dili danışdığımızın şahidi olursan. Sonralar isə Türkiyə türkilərinin dilində, sanki bizim dilimizdən uzaqlaşma olub. Amma Azərbaycan türkcəsinə yaxşı bələd olan hər bir kəs üçün Türkiyə türkcəsi də o qədər çətinlik törətməz.
Elman Rüstəmovun «Başkəsənlər» kitabında ikinci hissədə «Şeirlər» yer alır. Bir yazar olaraq şeir ruhuma daha yaxın olduğu üçün bu bölmədən xüsusi bir maraqla söhbət açmaq istəyirəm. Əksər hallarda tənqidçilərimiz şeirdə mənadan, məzmundan öncə kəşflər axtarırlar. Amma mənə elə gəlir ki, şeir də yaradıcılıq növünün bir usuludur. Onunla da çox mətləbləri, çox incəlikləri, dövrün ağrı-acılarını, zaman tərəzisinin əyilməsini daha yüyürək yolla oxucuya çatdırmaq olar. Çünki şeirin dili daha itidir, daha kəsicidir, daha ağrıdıcıdır. Biz bugün dastanlarımızda, bayatılarımızda, ağılarımızda, laylalarımızda tarixin dolaylarında baş vermiş bir çox mətləbləri açıq-aşkar görürük. Hər bir dövürün yazarı öz tarixini təbii olaraq bədii ədəbiyyatın dili ilə kitab səhifələrinə həkk edir. Elə Elman Rüstəmovun «Başkəsənlər» kitabındakı şeir bölməsi yaşadığı dövürün bənzərsizliklərini, qeyri-adi incəliklərini, ağrıdıcı, düşündürücü, güldürücü məqamlarını şerin dili ilə nəzmə çəkir. Onun «Heykəllər də canlıdır» şeiri dərin-dərin mətləblərdən xəbər verir. Şeirdə müxtəlif zamanlarda müxtəlif talelər yaşamış təfəkkürlü, təkəbbürlü insanların heykəl ömüründən bəhs edir. Şeirdə Qarabağda erməni cəlladları tərəfindən gülləbaran olunmuş Natəvanın, Üzeyrin, Bülbülün incik heykəllərindən söz açır. Dahi Marksın, Leninin, Kirovun, Əzizbəyovun, Nərimanovun və bir çoxlarının heykəl ömrünü nəzmə çəkir. Müəllif elə şeirin ilk misralarında heykəllər barədə tutarlı açıqlama verir:
Heykəllər də canlıdır,
Doğulur,
Yaşayır,
Ölür.
Heykəli dərd–qəm deyil,
Zaman özü öldürür.
Doğrudan da belədir. Bir zamanlar Leninin heykəlləri ilə bəzənmiş Azərbaycanda indi bir dənə də olsun onun heykəlinə rast gəlmək mümkün deyil. Məni hərdən bir heykəltaraşlara elə ürəyim yanır ki… Axı, bu heykəllər onların yaradıcılıq işidir. Öz ürəklərini, öz vaxtlarını qoyublar bu heykəllərə… Amma axırda müəllif şeiri gözəl, tutarlı bir sonluqla bitirir:
Nə yaxşı ki,Nizami,
Füzulimiz yaşayır,
Yenə dərsi soyulan,
Cilalanan, yonulan,
Nəsiminin heykəli,
Avropalaşmış Şərqdə,
Günəş kimi parlayır.
Doğurdan da kimlər at oynatmayıb bu ölkədə, amma Nizami, Füzuli, Nəsimi öz müdirikliyi ilə zirvədən boylanır, dünya durduqca da boylanacaqdır. Müəllifin bir-birindən dəyərli, bir-birindən maraqlı şeirlərini oxuyarkən oxucu bu mövzulardan bir çox məlumatlar toplayır, tarixin görümlü-baxımlı, ölümlü-qalımlı günlərinə çıraq tutur. Onun «Hitlerin uşaqları və yaxud qana boyanmış röya», İşıq idarəsinin rəisi haqqında ballada», «Mən hansı bir insana» şeirlərini maraqla oxumamış keçə bilmirsən. Beləliklə dəyərli oxuculara diləyim budur ki, Elman Rüstəmov yaradıcılığına diqqət kəsilsinlər.
Ümumiyyətlə, mütalidən, kitabdan, kitabxanadan gen düşməsinlər. Çünki nə internet,
nə televizya, nə radio mütaliənin yerini verməz. Mütaliə insanın mənəvi aləmini zənginləşdirir, onda bəşəri hissləri cilalyır, onu ilahi eşqə munis edir. Mənə elə gəlir ki, son vaxtlar cəmiyyətimizdə mənəvi kasadlıq yaranıb. Bu insanların geyimindən tutmuş hər bir məsələdə özünü açıq-saçıq büruzə verməkdədir. İnsanların simasında bir soyuqluq, bir biganəlik yaranıb. Mütaliə – insanın öz ruhuna qaydışıdır, insani hisslərinin həyat toplusudur. Mütaliə edən şəxs heç zaman şər-şeytana ulaşmaz, xeyirxah, həyatsevər, vətəsevər olar.
«Xoşbəxt günlərimin acı göz yaşı» və yuxarda haqqında söhbət açdığımız «Başkəsənlər» kitabı ilə oxuculara yaxşı tanış olan Elman Rüstəmov (Qəmginin) 2011 –ci ildə çapdan çıxmış «Anama məktub» kitabı da öz oxunaqlığı ilə heç o biri kitablarından geridə qalmır. Kitabda «Səfirin telefonu» tragedik komediyasında başdan-başa cəmiyyətimizdə baş verən bir çox iyrəncliklər qələmin qüdrətiylə sətirlər içində ay-haray salır. Müəllif bu əsərdə pulla təhsil alıb, ancaq biliyi heç bir qəpiklik olmayan, əslində bədbəxt insanları kəskin tənqid atəşinə tutur. Əsərdə iştirak edən surətlərin adları artıq oxucuya çox mətləbləri aşkar edir. Qiyamzadə, Bərbərzadə, Dəllalzadə, Mollazadə və sair. Müəllif əsərdə cəmiyyətin \görünməyən tərəflərini önə çəkir və əslində insanlığa, inkişafa, yüksəlişə zidd adamları üz-üzə qoyur və özü də bir yazıçı ustalığı ilə bu obrazlarla söz döyüşünə çıxır. O, əsərdə baş qəhrəmanlardan biri olan Qiyamzadənin dili ilə deyir : «Çoxunuz Akademiya qurtarmısınız, ancaq bir ünvanı oxuyub müəyyənləşdirə bilmirsiniz…» Doğrudan da ətrafımızda valideynləri tərəfindən min bir əziyyətlə oxudulan, amma sonda heç bir iş yerinə yaramayan onlarla ali təhsilli cavanlara rast gəlirsən, işsiz, bekar, bacarığı olmayan belə gəncləri görəndə adamın ürəyi ağrıyır.
Elman Rüstəmovun «Anama məktub» kitabında hekayələr bölməsi də var. Hekayələr bölməsində «Məhsətili qul», «Göz yaşı ilə isladılmış «Triaksion»», Çaş-baş Əhmədin sərgüzəştləri», «Anama məktub» və digər hekayələri rəvanlığı və axıcılığı ilə diqqəti cəlb edir. Ümumiyyətlə, müəllif cəmiyyətin içində baş verən gerçəklikləri bir yazıçı dəqiqliyi ilə görüb qiymətləndirməyi bacarır. Və onu sözün qüdrəti ilə gah nəzmə, gah nəsirə çəkir.
Elman bəyin kitabları ilə tanış olduqda göz önünə Vətən təəssübü çəkən yaşadığı cəmiyyətin ağrı-acılarını çox düzgün qiymətləndirməyi bacaran vicdanlı, millətinə, yurduna vəfalı bir qələm əhli gözlərin önündə canlanır. O, məhz güldən-bülbüldən yox, qəlbini titrədən məqamları qələmə alır. O, «Məhsəti qul» hekayəsində Bakıda neçə illərdi xalqımızın dilindən düşməyən qul bazarından bəhs edir. Burada ali təhsilli adamlardan tutmuş bütün zümrələrdən olan insanlara rast gəlmək olar. Onların bircə amacı axaşama evlərinə beş-on manat çörək pulu apara bilməkdir. Oğurluq, əyrilik, haram, rüşvət əllərindən gəlməyən bu zavallı insanlar onun-bunun qapısında günəmuzd işləməyə məcburdular. Məhz hörmətli yazarımız da cəmiyyətimizin üzqarası olan bu acınacaqlı vəziyyəti qələmə alır. Hekayənin əvvəlində yazıçının qeyd etdiyi kimi «Qul bazarına sükut çökmüşdü, İmkanlı ağalar yayın istisindən Atlantyaya, «Atlanta», dənizkənarı villarına qaçdıqları üçün qullar işsiz qalmışdı…» Bu yaxınlarda bizə də işlə əlaqədar bu qullardan ikisi gəlib çıxmışdı. Bu ana qədər öz gözümlə görməmişdim onları… Doğrusu çox ürəyim ağrıdı və bir neçə gün özümə gələ bilmədim. Çünki mən millətimizi bu vəziyyətdə görmək istəmirəm…
Müəllifin « Anama məktub» hekayəsi xüsusilə öyüdverici, ürəkağrıdıcı bir həqiqətlə oxucunu baş-başa qoyur. O, 20 il Vətəndən Hollandiyaya iş dalınca getmiş bir vətən insanından söz açır. 20 ildə anasına bir dəfə də məktub yazmayan oğul, hətta anasının adını da unudub. Bugün nəinki Hollandiyaya, dünyanın dörd bir tərəfinə səpələnmiş vətən övladları bir paça çörək üçün yurd-yuvasından uzaq düşmüş və yol gözləyən əzizlərini intizarda qoymuşlar. Amma təəssüf ki, öz ölkəmizin içində də yaşlı valideynlərini qocalar evinə atan, onların varlığını öz süfrəsinin qırağında görmək istəməyən neçə-neçə adı bilinməz soydaşlarımız var ki, onlar cəmiyyətimizə üz qarsıdırlar. Çünki bugün addığımız yanlışlıqlar sabahın bünövrəsində titrəyişlərə, çəkişmələrə, özümüzdən uzaqlaşamağa, yadlaşmaya aparıb çıxarır. Öz köknünə yad olan insanların isə aqibəti dünyaya çoxdan bəllidir. Dünya belə insan topluluqlarını tarix səhnəsindən silib arxivlərə asanlıqla atır, çox vaxt isə arxivlərdə də it-bata düşürlər.
Bizim millətdə də kökünə-soyuna yadlaşma göz önündədir. Quzey Azərbaycanın paytaxtı Bakı indi görünməz-tanınmaz dərəcədə dilini dəyişməklə məşğuldur. Bu küçələrdə vurulan reklamlardan tutmuş, dükanların adlarına qədər müşahidə olunmaqdadır. Biz artıq sürətlə ruslaşmadan ingilisləşməyə doğru gedirik. Əlqərəz hansı dildə danışırıq danışaq təki öz dilimiz olmasın. Əslində heç caamatı da qınamaq olmaz, rus dili, ingilis dili bilməyəni heç bir idarəyə işə götürmürlər. Balam bu igilisdən, rusdan soruşan yoxmu ki, mənim öz gözəl mükəmməl dilim ola-ola mən sənin dilinədə niyə danışım? Dəyrəli oxucular elə guman edərələr ki, mən dil öyrnməyə qarşı çıxıram. Əsla. Neçə dil istəyirsən öyrən, amma öz dilin də öz vətənində işlək olsun. Axı, bu bizim Vətənimizdi, nə ingilisin nə də rusun deyil. Hətta televizya aparıcılarının bəziləri də tez-tez gah ingilis, gah rus sözlərinə müracət edir. Mənim «Əhsən» sözümə nə olub ki, tez-tez «bravo» deyirlər? Atalar demişkən: «Yağışdan çıxıb, yağmura düşmüşük». Əlqərəz, alllah bizim axırımızı xeyrə calasın… Mətləbdən uzaqlaşmayaq, sözünü, sözə söykəmiş qələminin qədirini bilən Elman Rüstəmov da hekayədə özünü-sözünü unudan, hətta onu dünyaya gətirən doğmaca anasının da adını yaddaşından silən dırnaqarası oğulları kəskin tənqid atəşinə tutur.
Müəllifin «Anama məktub» kitabında müxtəlif illərdə dövrü mətbuatda çap olunmuş məqalələri də yer alıb. Onun «İngilisin it siyasəti» məqaləsi bugünümüzün ikili dünyasının acı mənzərələrinin gerçək təsviridir. Məqalə ev şəraitində bəslənən, əzizlənən itlərdən bəhs edir. Heyvanı təbiətin qoynundan qoparıb evə salan və onu uşaq kimi əzizləyən insanların əslində faciəvi həyat məzərəsini gözlərimiz önünə gətirir. İtləri adamlardan çox sevən qərblilər bütün dünyaya ədəb dərsi keçirlər. Demokratya pərdəsi adı altında insanları öz kök-soyundan uzaqlaşdırır, kosmapalit mühitin qurbanı edirlər. Tarix bizə diqtə edir ki, öz dəyrləri ilə yaşayan xalqlar uzun ömrlü olublar, yəni tarix səhnəsində əsrlərlə zirvələr fəth ediblər.
Dəyərli yazarımız, Elman Rüstəmovun kitabının sonu «Hüseyn Cavidin antimaqutlaşma peyvəndi» məqaləsi ilə bitir. Bəlkə müəllifin bu yazını axıra saxlamasının bir rəmzi mənası da var. Kitab başdan-başa cəmiyyətin ağrı-acıları ilə doludur, o yenidən oxucularını yaddaşlarını çözələməyə, olub keçənləri göz önünə gətirməyə çağırır. Yazının əvvəli belə başlayır: «Ey türk, niyə məhv etdilər Hüseyn Cavidi və Cavid kimiləri, Hüseyn Cavidləri, Əhməd Cavadları, Ruhulla Axundovları, Heydər Hüseynovları, Səlman Mümtazları? Nə idi günahları?» Əslində cəmiyyətdə baş verənlər həmin cəmiyyətin sakinləri ilə birbaşa əlaqədardır. Manqutlaşma, soy-kökdən uzaqlaşma, əslinə xor baxma sonda insanları bir çox çaxnaşmalarla, fəlakətlərlə, ağrı-acılarla baş-başa qoyur. Ağac öz kökünün üstə bitər deyirlər. Elə müəllifin də dediyi kimi « odur ki, nə qədər gec deyil, gəlin unutqanlığa qarşı vaksini tapaq, millətimizi vaksinasya edək. Öz keçmişlərini unutmamaq üçün .»
Sonda dəyərli qələmdaşım – Elman Rüstəmova demək istəyirəm ki, sizin iki kitabınızı oxuyandan sonra belə qənaətə gəldim ki, sizə heç də Qəmgin adı yaraşmır. Çünki siz qəmginliyi həyat devizi edib bir küncə sıxılıb qalan adam təsiri bağışlamadınız mənə. Əksinə sizin ağlınızdan zərər-zərə qopub düşən hekayələriniz, şeirləriniz, məqalələriniz cəmiyyətin bəlalarını üzə çıxarıb onu sərt qamçıyla döyəcləyən Mirzə Cəlil babamı, Mirzə Ələkbər Sabir babamı xatırlatdı mənə…
Bilirsiniz, sözü vaxtında deməyi bacaranlar sözün amaldaşına və əməldaşına çevrilirlər. Həm vətənə xidmətdə, həm oxucuya dəyərli əsərələr bəxş etməkdə seçilirlər. Sizin yazılarınızda çaş-baş içində qalan isanların dünya tutmaz əzablarını gördüm. Bu əsərlərdə öz müsbəti-mənfiliyi ilə bir-biriylə çarpışmada olan talelər gəldi mənim gözümün önünə. Çox təəssüf ki, cəmiyyətimizdə oxucu boşluğu var. Əgər cəmiyyətdə insanlarımız bir-iki manatından keçib kitab almış olsaydı, siz də bu dəyərli kitablarınızı 300 nüsxə ilə yox, daha çox nüsxə ilə buraxa bilərdiniz. Əfsuslar olsun ki, insanlarımız təkcə maddi yox, mənəvi aclıq içindədir. Dünən Cəlil Məmədquluzadələr bundan əzab çəkirdi, bu gün isə biz… Allah bizi o gündən saxlasın ki, qələm əhli əlindən qələmi birdəfəlik yerə qoysun və qarışsın bu mütaliyə etməyən caamata!… Bax o gün bizim mənəvi çöküşümüz olar, allah bizi o gündən qorusun. Bizə elmimizi artırmaq lazımdır, elmimizi, soydaşlar!Sizə isə dəyərli həmkarım, yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Tanrı ürəyinizi qorusun.
24.12.2011