BUNDAN SONRA ÇIXAR CANI YOXSULUN
Dərdlərinə çarə hanı yoxsulun?
Bundan sonra çıxar canı yoxsulun.
İtiribdi çoxdan varı-mülkünü,
Çörək üçün satıb köhnə kürkünü,
Mehman edib qəlbə qorxu-hürkünü,
Qaralıbdı yaman qanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Haram cibli tikir hündür imarət,
Sonra gedib hacı edir ziyarət,
Vicdan qarət, iman qarət, din qarət,
Əhvalını yaxşı tanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Quru evin heç-neçəyə satıbdı,
Borc içində ömrü-günü batıbdı,
Manatın da bəxti daha yatıbdı,
Oğul-uşaq dolu yanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Kim çatıbdı bu dünyada karına?
Sığınıbdı namusuna, arına,
Quru çörək tapmayır heç qarına,
Batdı qalan adı-sanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Qolu zorlu daş yağdırır başına,
Divan tutub daş üstündə daşına,
Heç baxmayır gözdən axan yaşına,
Damarında donub qanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Hey səbrinin ağzın duzla ovubdu,
Nəyi varsa daha satıb-sovubdu,
Şər-xətanı özündən yan qovubdu,
Dərdi çoxdu tükü sanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Külfətini baxa bilmir gözünə,
Nifrət edir yağı təki özünə,
Çıxmayır ki, daha millət üzünə,
Aləmə var hər nişanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
İş tapmayır kasıbçılıq eyləyə,
Həsrət qalıb evində hər diləyə,
Az qalıbdı quzu təki mələyə,
Qara gəlib daha anı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Varlıların çox rənbərəng maşını,
Ona tərəf heç fırlatmır başını,
Görəndə də çatır yaytək qaşını,
Bitməz daha heç divanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Gündən-günə suyu yaman bulanır,
Dükan gördü elə ağzı sulanır,
Öz evini satmaq ilə dolanır,
Gəlib yenə pis zamanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Mənzil satıb dəyişdirmək peşəsi,
Ciyər dərddən dağ-dağ olub şişəsi,
Yoxdu daha doğma, isti güşəsi,
Hey dəyişir ev ünvanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Ev dəllalı olanlar da şellənir,
Kasıbların bellərində yellənir,
Açdıqları ofislərdə tellənir,
Süfrəsində yox yavanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Baş açmıram bu fələyin işindən,
Təmizləri çox keçirir dişindən,
Uzaq düşüb çox ev öz biş-düşündən,
Halına yox mehribanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Ey Şadiman, çoxları can üstədi,
Ac qalmaqdan çox mədələr xəstədi,
Hiylə, fitnə, yalanlar üst-üstədi,
Qalmayıbdı ah-amanı yoxsulun,
Bundan sonra çıxar canı yoxsulun.
Bundan sonra çıxar canı yoxsulun.
13.05.2001
Şirin Xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.