Вы просматриваете: Главная > Məqalələr > ANADAN ŞAİR DOĞULAN MÜŞFİQ…

ANADAN ŞAİR DOĞULAN MÜŞFİQ…


ANADAN ŞAİR DOĞULAN MÜŞFİQ…
(Mikayıl Müşfiqin əziz xatirəsinə)

Neft Daşlarında – Geofizikada işlədiyim vaxtlarda hər dəfə Böyük Zirə (Nargin) adasının yanından sərnişin gəmimiz keçərkən istər-istəməz, özümdən asılı olmayaraq qəhər məni boğurdu… O ada tərəfə baxa bilmirdim. Mənə elə gəlirdi ki, o adada bir zaman dəhşətlər içində haqsızcasına güllə-boran edilmiş insanların bədbəxt ruhları dolaşır. Sanki bu ruhlar bütün günü bir-birlərinə iblislər əlində qırılmış ömürlərinin şirinliklərindən bəhs edə-edə, acı qəh-qəhələr çəkə-çəkə o yan, bu yana vurnuxa-vurnuxa sarı tüstü dumanda bozaran Bakıya sarı boylanırlar…Böyük Zirə adasına yetişəndə, hətta gəminin göyərtəsində bərkdən səs çıxardan adamlara, üzdə büruzə verməsəm də ürəyimdə acığım tuturdu. Çünki istəyirdim ki, onlar da mənim kimi Böyük Zirə adasına baxanda orda şəhid olanların əziz xatirəsinə hörmət əlaməti olaraq bir anlıq da olsa sükuta dalsınlar. Elə zənn edirdim ki, əgər belə etsək, orada sərgərdan dolaşan ruhlar da toxtaqlıq tapar…
Çünki orada məhv olan insanların çox qismi aylıq qazanc haqqı üçün gəmidə gedən adi insanlar kimi deyildi. Onların əksəriyyəti milli mənsubiyyətinə görə, milli dəyərinə görə, xalqın arasından çıxmış sayılıb-seçilən şəxsiyyətlər idi. Onları zamanın acı fırtınası şeytanların ağız-ağıza verib ulaşdığı bir dövürdə haqsızcasına, imansızcasına tarimar etdi. Bütün arzularını, istəklərini heçə-puça endirdi. Evlərini xaraba qoydu, ailələrini zorla zindanlara atdı, sürgünə yolladı, boş qalmış xanimanlarında bayaquşlar uladı…
Bu yaxınlarda televiziya kanalarının birindən deyirdilər ki, bəs oranı turist məskəni etmək istəyirlər. Doğrusu bu xəbəri eşidəndə çox pis olmuşdum. Çox zaman şayələr həqiqətə çevrilir…
Yaxşı olardı ki, hökümətimizin başında duranlar nakam ruhların qaynaşdığı bu adanı qoruğ etsin. O ada açıq muzey kimi fəaliyyət göstərsin. Yerli əhali və ölkəmizə qonaq qismində gələnlər üçün Böyük Zirə adasıyla tanış olmaq üçün gediş-gəliş gəmiləri fəaliyyət göstərsin. Ən nəhayət orada faciəli şəkildə öldürülənlərin ruhuna hörmət əlaməti olaraq abidə ucaldılsın… Çünki hələ də həmin adada dustaqların vaxtı ikən yaşadağı uçuq-sökük daxmalar qalmaqdadır…
Hələ məktəb zamanından şeirlərini sevə-sevə oxuyub bir nəfəsə əzbərlədiyimiz Mikayıl Müşfiq də belə bir bədbəxt tale yaşadı. Bəxtinə iyirmi doqquz il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun məhəbbət dolu, eşq dolu şeirlərinin axıcılığı da bizlərə diqqtə edir. Cəsədləri Xəzərin qorxulu fırtınalarına yem olan faciə qəhrəmanlarından biri də yəqin ki, Müşfiqdir… Həyatının baharında, ömrünün bar-bəhər verdiyi zamanlarda cismi yox edilib, ruhu incidilən Müşfiq!… Nə idi bu böyük, bu istedadlı şairimizin günahı?!.. Hətta ona qəbiri də çox gördülər…Bugün müşfiqsevərlər, onun xatirəsini əziz tutanlar Xızı bölgəsinə, onun doğulduğu ata evinə üz tutmalı olurlar. Ona yadigar məzarda qoymamaq üçün çox guman ki, cismini Xəzərin sularına qərq etdilər!..
Bu yaxınlarda internet portallarında Müşfiqlə bağlı səhifələri aramağa başladım. Bu böyük şairə saytlarda bir sevgi, bir istək, bir məhəbbət gördüm. Bəlkə o, birinci şairdirki onun haqqında vikipediyadan, vikimənbədən tutmuş facebook da daxil olmaqla nə qədər istəyirsən gen-bol məlumatlar var. Şeirləri internet çatlarında çinar kimi sıralanıb. Ürəyim qürur hissi ilə doldu, sağ olsun bu portalları qurub-yaradan və insanlarımızın istifadəsinə verən kəslər! O kəslər ki, bizim çoxlarımızın bəyənmədiyimiz, ürəyi Vətən eşqiylə yanan qeyrətli, həqiqi mənada qürur doğuracaq gənc insanlarımızdır. Belə gənclərin şəninə nə qədər qürurverici sözlər desək azdır. Necə deyərlər, ömürləri ləyaqət çərçivəsində uzun, bəxtləri ağ olsun! Bu gənclər Azərbaycanımız üçün çox böyük işlər görürlər internet çatlarında. Onların özləri də elə Müşfiq qədər əzizdirlər bizlərə.
İnternet nədir? İnternet Yer kürəsini öz cibində gəzdirmək deməkdir. Dünyada baş verən bütün hadisələrdən gün ərzində xəbərdar olursan. Hətta imkansızlıq ucbatından xarici ölkələrə ayaq basa bilməyən insanlarımız internet vasitəsi ilə bütün dünyanı səyahət edə bilir. Keçən əsrin 90-cı illərdə səsimizi içimizdə batıranlar, bugün sürətli internet bazarında öz səsləri dərin quyunun dibindən gəlir.
Beləliklə mətləbdən qaçmayaq. Yazacağımız mövzunun üzərinə qayıdaq. Hətta vikimənbədə Müşfiqin dillər əzbəri olan «Yenə o bağ olaydı», «Oxu tar», «Maralım», «Yaşa könül», «Sənə qurban», «Küləklər» kimi eşqi-məhəbbətdən bəhs edən 50 –yə yaxın həyati şeirləri ilə bahəm bolşevik abi-havasını tərənnüm edən «28 aprel», «Zəfər səsləri», «Əmək», «İrəli» kimi şeirləri də yer alıb. Bəs sovet dövrünün yaranışını böyük bir şövqilə nəzmə çəkən şairi kimlər ölüm girdabına sürükləmişdi? Hansı qara əllər iyrənc caynaqlarını onun yaxasına keçirmişdi? Axı o hələ çox gənc idi, amma gənc olmasına baxmayaraq 70 il, 80 il qələmi kağızlarda ah-vay edən şairlərin yaza bilmədiklərini o cəmi-cümlətanı iyirmi doqquz ilin içində yaza bilmişdi. Əgər Allah verən ömrü qoysaydılar yaşamağa hələ neçə-neçə dastanların, poemaların, şeirlərin müəllifi olacaqdı. Amma qoymadılar. Niyə görə?.. Ona görə ki, Müşfiq anadan şair doğulmuşdu… Bunu isə o zamanın dırnaq arsı mənəviyyat adamlarının bir çoxu götürə bilmədi. Çünki Müşfiq cilalanmış almaz idi. O öz misra şəfəqləri ilə aləmə nur saçırdı…
Bu nurun işığından gözləri qamaşanlar öz alayarımçıq bacarıqlarından qorxdular, qorxdular ki, Müşfiq sağ olsa onlar Müşfiqin yanında çox solğun, üzgün, cılız, aciz görünəcəklər. Elə ona görə də şeirləri ilə könülləri ovsunlayan, ürəkləri riqqətə gətirən şairi susdurdular. Susdurdular ki, bülbül kimi cəh-cəh vuran misraları, bəndləri bir də şair qəlbindən doğulmasın. Onlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin də qətlinə fərman verdilər. Onlar ədəbiyyatımızı, kitab rəfini bəzəyəcək Müşfiqin doğulmamış əsərlərinə həsrət qoydular. Onlar ən nəhayət mənəviyyatımıza zərbə vurdular Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi şairləri məhv etməklə… Özləri nə qazandılar, nəyi qazandılar bilmirəm, amma biz belə mənəviyyat adamlarını itirməklə çox şeyləri bada verdik. «Kommunist» qəzetinin 20 iyun 1937-ci il sayında Ə. Əkbər adlı müəllif «Musavatçıların tulası Müşfiq» adlı bir məqalə çap etdirib. Məqalənin kiçik bir parçasını istəkli oxuculara diqqətinə təqdim etmək istəyirəm: -« İkiüzlü Əhməd Cavad, Hüseyn Cavid, Sanılı və onların ayrılmaz quyruğu olan Mikayıl Müşfiq uzun illər boyu sosializm quruculuğumuza istər açıq, istərsə də gizli surətdə zidd olmuş və murdar işlərini davam etdirmişlər» Adından da göründüyü kimi məqalə başdan-başa təhqir, böhtan, kinayə ilə doludur. 5 yanvar 1938-ci ildə isə Müşfiqi güllələyiblər. Bu məqaləni nə erməni, nə rus, nə yəhudi yazıb. Bu məqaləni adından göründüyü kimi Ə. Əkbər yazıb, necə deyərlər kökü özümüzdən olan baltalar… Bu gün də Ə. Əkbərlərin xələfləri mövcudur, amma dövür o dövür deyil, ona görə də Ə. Əkbərlər o qədər əl-qol ata bilmirlər…
Lakin çox illər ağlımızın gerçəkliyindən qorxaqlıq boylandı, içimiz ağrılar içində alışıb yandı. Öz ahımızın fəryadına xəlvəti hıçqırdıq, bu hıçqırtılar kirpiklər üstündə şəbnəmlər təki parladı gecəbəgündüz… Biz uzun illər özümüzə gələ bilmədik. Bu gün də hələ yaşlı nəsilimiz o qorxuların xofu altından titrək baxışlarla ətrafa boylanmaqdadır. O illərin qanlı havasını udanlar, zəhər kimi ciyərlərinə çəkənlər öz küskün mənləri ilə başa-başa inləməkdədirlər. Elə bu sətirləri yaza-yaza Müşfiqin ürəyindən qopub qələminə süzülən ağ vərəqlər üstündə göyərçin tək qanad açan «Yenə o bağ olaydı» şeiri qulaqlarımda səslənir:
Yenə o bağ olaydı,
yenə yığışaraq siz,
O bağa köçəydiniz,
Bizdə muradımızca
fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Arzuya bax, sevgilim,
tellərindən incəmi?
Söylə ürəyincəmi?
O, gözə görünməz, odu ürək yandıran sirli ilhamın gücü misralardan boy göstərir. İnsanın ruhuyla dildarlıq edir. Bax budur Müşfiq şeirinin sehiri! Ürəklərdə məbəd tikən, odu keçməz məşəl yandıran ilahi ovsunu. Onu aradan götürənlər də elə bu ovsundan qorxdular. Müşfiqin ata yurdu uca dağlar qoynundan boylanan Xızı bölgəsində Sayadlı kəndində yerləşirdi. O bölgənin insanları fars dili olsalar da Müşfiqin dahiyanə şeirləri təmiz Azərbaycan türkcəsinin axarı-buxarı ilə cilalanıb. Onun şeirlərini oxuyanda Azərbaycan türkəsinə heyran olmaya bilmirsən. Onun hər şeiri çeşmə kimi çağlayır, bulaq kimi gözündən qanayır. İlahi bir pıçıltı duyursan bu nəğməkar şairin şeirlərində…
Bugün özlərinə nəğməkar şair adı qoyub yazdıqları cızma-qaralara yüzlərlə mahnılar bəstələdənlərin nə şeirlərinin sözləri, nə musiqisi yadda qalmır. Çünki ilhamsız yazılan şeirlərdir. İlhamla yazılan şerin musiqisi də elə onun özüylə birgə doğulur. İstedadlı şairimiz Mikayıl Müşfiqin şeirlərində olduğu kimi…
Onun «Maralım» şeirində istəkli sevgilinin surəti canlanır. Sən onun gözəlliyindən vəcdə gəlirsən, ruhun içində həyat eşqi çağlayır, sevdanın əli ömür dəftərini varaqlayır, könülü haldan-hala salır, bu şeir qəlbə munis olub ürəyində qalır:
Dolaşma sıldırım sal qayalıqda,
Daşlar ayağını əzər, maralım!
Gəl səni bəsləyim gözümün üstdə,
Etmə aşiqindən həzər, maralım!…
Və yaxud «Sənə qurban» şerində istəkli sevgilisinə hər misradan bir uca söz sarayı yapır:
Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir qal sənə qurban.
Nə zaman istəsən əziz canımı
Qumral gözlərinlə al sənə qurban.
Bu gün pula-vara hərislər, beşgünlük ailə həyatı quranlar, doğulan uşaqların həyatını faciə dolu ömürlə qol boyun edənlər Mikayıl Müşfiq şeirlərindən bəhrələnsəydilər mənə elə gəlir ki, pis olmazdı. Onlar sevginin ucalığını, həyatın şirin olduğu qədər, acı olduğunu dərk edərdilər və qurduqları ailə həyatının möhkəmliyi üçün cani-dildən çalışardılar. Çünki Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin, məhəbbətin yenilməzliyi, möhtəşəmliyi insan ürəyində məhramanə hisslər bəsləyir. Onu nəinki öz sevdiyinə kəc baxmağa, əksinə adamı bu ilahi hissə ömrü-billah sadiq qalmağa səsləyir.
Bu gün yazıq şeirin başına min bir oyun açan, bir-birini bəyənməyən şairlər ordusu yaranıb. Özü də biri-birindən müştəbeh, biri-birindən havalı! Şeirə postmoderin yarlığı yapışdırıb, onun halı-əhvalını pərişan edən bu dırnaq arası söz bahadırları nəinki ədəbiyyatımızı şeirlə parlatmaq istəyirlər, hətta onu belə getsə şeirsiz qoymaq istəyirlər. Bu gün ədəbiyyat portallarında gen-bol şeirləri çap olunan bu dırnaqarası istedad sahiblərinin şəninə internetdən başı çıxan və orda bir oxucu kimi sözünü deməyi bacaran insanlar həqarət dolu məktublar yazılar. Hətta şeirin necə yazılmasını bu qələm sahiblərinə başa salamağa çalışırlar. Əziz söz və qələm sahibləri, bu ürəkbulandırıcı, başgicələndirici bir mənzərə deyilmi?!..
Əgər biz ingilis kimi yazmaq istəyirksə ingilisin Şekspri olub və onun yazdıqlarını oxuduqca oxumaq itəyirsən. Hərgah biz rus kimi yazmaq istəyiriksə rusun Puşkini olub onun şeirlərinin axıcılığına heyran olmaya bilmirsən.
Ədəbiyyatdan pul çıxarmaq istəyənlər, onu qazanc mənbəyinə çevirmək istəyənlər bilməlidirlər ki, bədii yaradıcılıq ilahi ruhun məhsuludr. O ani fikirlə, içib dəmlənməklə yaranmır. Onun yaranması üçün gərək anadan şair doğulasan Mikayıl Müşfiq kimi… Şair ilhamın nə olduğunu anlamayan, lakin şairlik sevdasına düşənlərə bir dördlüyündə yazırdı:
Şairə ilhamdan mayə gərəkdir,
Anasız çocuğa dayə gərəkdir,
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə hayə gərəkdir!…
Bu gün Mikayıl Müşfiq həyatda yoxdur, onu ömrünün iyirmi doqquzuncu ilində bugünki şair olmaq istəyən və anadan şair doğulmayan həmtayların sələfləri susdurdular. Cismən onu məhv etdilər, həyatının çiçəkləndiyi vaxda onu sevməyə, sevilməyə həsrət qoydular. Onu gülüzlü yarından ayırdılar, ona vətən xaini, xalq düşməni damğası vurdular. Onun şair ruhunun qarşısında bir tələ qurdular, bir səd kimi durdular. Və qismən də olsa arzularına çatdılar. Amma bu ilhamlı şairi, ilham pərisi anbaan sinəsində cövlan edən şairi cismən öldürdülər. Fəqət mənən onu həyatdan apara bilmədilər. Çünki bu gün Müşfiq çox mənəm-mənəm deyən şairləri internet portallarında çoxdan ötüb keçib, öz ölməz, əbədi yaşar şeirləri ilə!… Facebookda Mikayıl Müşfiq səhifəsi var. Minlərlə oxucu onun şeirlərini şəninə xoş sözlər yazır, onun ruhuna Allahdan rəhmət diləyirlər. Sonra da deyirik ki, gənclik kitab oxumur, axı bu internet portallarında var-gəl edən əsasən gənc oxucu ordusudur ki, yorulmadan mütaliə edirlər. Və yaxşını pisdən ayırmağı bacarırlar. Belə gənclərimizə Allahdan cansağlığı diləyib, onlarla qürur hissi keçirdiyimi bəyan etmək istəyirəm.
Müşfiqin könlündə coşub-çağlayan məhəbbət, sanki mavi donlu bir mələk idi. Bu mələyin donunun qırçın ətəklərini qəlbində baş qaldırıb tüğyan edən ilham küləkləri əlləri oxşayan yelpiklər təki əzizləyirdi.. O, məhəbbət mövzulu hər şerində sevgiyə misra-misra könül kərpicləri ilə məbəd yapırdı. Sanki bu məbədən ilahi ruhun sədası göylərin bağrına dikəlirdi. Ordan buludların göz yaşına çevrilib yerlərə ələnməkçin… Bu ələnən gurşadlardan bağları, çəmənlikləri bəzəyən çiçəklər doğulurdu, Müşfiqin şeirlərinin ruhunda… Amma bu ilahi eşqin carçısını susdurdular. Sanki könül bülbülünün bağrına min bir yerdən ox vurdular.
Müşfiq daxilən azad idi, onun daxili azadlığı çeşmələr təki çağlayan misralarından görünür. Amma o da dövrünün şairləri kimi bolşeviklərin, əli qanlara batmış cəlladların zor gücünə yaratdığı başıpozuq qurluşa şeirlər həsr edirdi. Bu şeirlər onun ruhundan, canından doğulmasa da, o, bunları yazıb o dövürün mətbuat səhfələrində nəşr etdirirdi. Ancaq təəssüf ki bədxahlar onun yazdığı bu şeirlərə məhəl qoymadılar, ürəyi ilahi məhəbbət eşqiylə döyünən şairi məhv etdilər.
Müşfiq 5 iyun 1908-ci ildə Bakıda rus imperiyasının tüğyan etdiyi bir zamanda doğuldu, onun bayrağını, 1918-ci ildə on yaşında olarkən səkkizaylıq müstəqilliyimizin şahidi olub üç rəngli istiqlal bayrağımızı və ən nəhayət sovet bayrağını gördü. Onun körpəlik həyatı imperiyaların toqquşduğu və qanlı müharibələrin tüğyan etdiyi bir dövürə düşdü. 1920-ci ildə Azərbaycanda bolşeviklər qələbə çalanda Müşfiqin on iki yaşı var idi. Gəncliyə yetdikcə bu dəhşətli çaxnaşmalar onun şair ruhunu öz yolundan döndərə bilmədi. Onun duyğuları şeirə çevrilib vərəqlər üstünə axdı, eşqə bağlı könülləri titrətmək üçün… Bir-birindən oxunaqlı, bir-birindən axıcı şeirlər ilə cilalanmış kitabları çap olundu.
Müşfiq həyat eşqiylə çağlayan könlünü ilahi misralarının şirinliyində ovudurdu. Bu şeirlərin hər biri sevgilisinə öz sevdalı diliylə şərqi bəstələyən bir bəstəkar ovsunu ilə, könül duyğularını rənglər içində hamarlayan və onlardan rəsmlər çəkən rəssam işığı ilə sehirlənmişdi. Bu şeirlər müxtəlif zamanların sevgi şərqiləri idi. Neçə-neçə nəsilləri yola salacaq, bu Vətən var olduqca Müşfiqin şeirləri də, yaratdığı əsərlər də Azərbaycanımızla bahəm, onun dəyərli, vətənsevər insanlarının dilindən düşməyəcək…
Şeri yaşadan onun müəllifi yox, onun şeir kimi doğuluşudur. Şeiri yaşadan nə müəllifə verilən ödüllər, nə təmtəraqlı təriflərdir. Şeiri ilham yaşadır. İnsan bədənində can olduğu kimi, əsil şerin də bədənində ilham var. Həm müəllifi, həm şeiri əbədi yaşar ilham edir. Onu da böyük Yaradan hər kəsə vermir. Əgər şeir şeir kimi doğulubsa, onu nə zaman qadağaları, nə qara fikirli insanlar əbəbiyyatdan, insanların qəlbindən, düşüncəsindən silə bilməz. Bir el məsəlində deyildiyi kimi: «Su axar, çuxurun tapar». Müşfiqin şeirlərinin qarşısına keçilməz sədlər çəkib, onu yağı damğasıyla susduranlar, burnundan uzağı görməyən adamlar idi. Onlar ədəbiyyatımızı Müşfiqin şeirlərindən təmizləmək istədilər. Əksinə Mikayıl Müşfiq xalqın qəlbində bir əfsanəvi qəhrəmana çevrildi, onun sevda dolu şeirləri el-el, oba-oba dolaşdı, xalqın könlündə istəkli bir yer tutdu. Onu susduranlar xalqın gözündə kiçilib yox oldular, Müşfiq isə xalqın qəlbində yenidən doğuldu öz ruhu oxşar bir-birindən şahanə, gözəl misraları ilə… Şair «Oxu» şeirində təkcə öz sevgilisinin yox, həyatı cani-dildən sevən insanların ruhunu dinlədir:
Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə.
Nəğməndə oynasın sellərin səsi,
Dan yerindən əsən yellərin səsi!
Bakı ərazisi, ümumilikdə Abşeron bölgəsi muğamın, qəzəlin beşiyidir. Burda tar hər insan qəlbinin istəkli qonağıdır. Onun telindən qopan sədaları burda uşaqdan böyüyə hamı sevir. Çünki tarın əsrarəngiz tellərindən muğamın şöbələri yaranıb bəmdə-zildə muğam xıridarlarının nəfəslərində pərvəriş tapıb. Elə Müşfiq də dağlı ailəsində böyüb boya-başa çatmışdı, o, muğamı da, qəzəli də çox sevirdi. Elə o sevgidən yana onun «Oxu tar» şeiri yaranıb. Dünən olduğu kimi bu gün də, sabah da xalqın könlündə bu şeir zaman-zaman yaşayacaqdır. İstedadı sellər təki aşıb-daşmış şair «Oxu tar» şeiri ilə tara əbədi bir heykəl yonub. Nə qədər ki, vətən insanı durur, bu şeirdə onunla bahəm yaşayacaqdır:
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim,
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütlənin, şirini, şərbəti-
Alovlu sənəti!…
Tarın qəlb titrədən sehrinə düşmüş şair onun tellərinin fəğanını misralarının dili ilə oxucunun ürəyinə bir şərbət kimi səpir. Tarın mizrabının tellərə haray salan sədaları altında qulaqlarında bağırı yandıran «Segah», «Çahargah», «Humayın», «Şahnaz», «Şüştər»» səslənir. Budur, Müşfiqin bulaq kimi çağlamış istedadının bəhrəsi!…
İlhamı sellər təki aşıb-daşan Müşfiqin «Həyat sevgisi» şeiri/, sanki öz dostu-yarı ilə, doğmaları ilə vida şeridir. Bədbəxt taleli şair, elə bil başına gələcək fəlakətin acı yellərinin qoxusunu qabaqcadan duyubmuş, ona görə insan ruhunu qəmləndirən, onu qəhər yaşları ilə boğan bu şeir yaranıb:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Özünə Müşfiq adını təxəllüs götürən şair, yəqin ki, bu adın ərəbcədən tərcüməsini bilməmiş deyildi. Müşfiq – şəfaqətli, mərhəmətli, ürəyi yumşaq, mehriban deməkdir. Amma çox təəssüf ki, dövür onunla mərhəmətli, şəfaqətli, mehriban olmadı. Bir el bayatısında deyildiyi kimi:
Fələyin qəhri mənə,
Gəlmədi rəhmi mənə.
Doldurub qəm piyaləsin
İçirtdi zəhri mənə…
Onun ilhamla çağlayan ürəyini susdurdular, hətta bir quru məzarı da ona çox gördülər. Hələ uşaq vaxtlarımda Siyəzən rayonunun girəcəyində Mikayıl Müşfiqin büstü küskün görkəmi ilə rayona gəlib-gedənlərin nəzərini cəlb edərdi. Bizi də ədəbiyyat müəllimlərimiz həmin büstün önünə gətirər və biz də onun şeirlərini əzbərdən deyərdik… Bu gün də o büst Siyəzənin girəcəyini bəzəməkdədir. Müşfiq öz küskün və yaraşıqlı görkəmi ilə üzü Xıdırzindəyə –Beşbarmağa, Xızı dağlarına sarı boylanmaqdadır…Amma onun məhvinə fərman verənlər isə nə özləri, nə izləri, nə də sözləri xalqın qəlbində yoxdur!…Çünki gec-tez zaman öz sözünü deyir, bu ikiayaqlı bəndələr hansı imansızlıqları, haqsızlıqları etsələr də, fələk hər kəsin əməlini öz qarşısına çıxarır. İstər yaxşı mənada, istər pis mənada. Müşfiqin də qətlinə fərman verənlər yəqin ki, Yaradanın qəzəbinə gəlməmiş deyillər. Arxivlər açılır, hər kəsin əməlləri yavaş-yavaş üzə çıxır və çıxacaq… Onsuz da dünyaya gələn istədi-istəmədi bir gün bu dünyadan yığışıb getməlidir. Mikayıl Müşfiq iyirmi doqquz illik ömrü ilə ədəbiyyatımızda öz nəhəng və möhtəşəm şeir heykəlini yondu, bu heykəli nə zamanın qasırğaları, nə tufanları yox edə bilməz. Çünki o heykəl xalqın ürəyində ucalıb qeyri-adi istedad sahibi olan dahi şairin özü tərəfindən. Ruhun şad olsun, ey qəlbimizdə iyirmi doqquz yaşlı qalan şair!…Allah sənə qəni-qəni rəhmət etsin…
19.11.2011
Şirin Xanım Kərimbəyli Şadiman

Bir cavab yazın