Вы просматриваете: Главная > Şeirlər > ÖMRƏ XOŞ GƏLMİSƏN

ÖMRƏ XOŞ GƏLMİSƏN

ÖMRƏ XOŞ GƏLMİSƏN

 

Durmusan qapımın ağzında kövrək,

Titrəyir önündə bu yorğun ürək,

Ömrün illərini adladın yüyrək,

Nədən nigaransan, bir söylə yaşım?

Ömrə xoş gəlmisən, ay altımışım.

 

Sənin yollarına çiçəkmi düzüm?

Sənimi oxşasın gecəm-gündüzüm?

Qəhərə bürünüb hönkürür dözüm,

Artır duyğulara çökən təlaşım,

Ömrə xoş gəlmisən, ay altımışım.

 

Pəncərəm önündə payızım durub,

Məsum uşaqlartək boyunun burub,

Məni də yolların enişi yorub,

Usanıb ağıla yurd olan başım,

Ömrə xoş gəlmisən, ay altımışım.

 

Gəl səni körpətək bələyə salım,

Qoparım zamandan ürəyə salım.

Sən qaçan ömrümə qonan vüsalım,

Müddət ver çeşmətək qaynayım-daşım,

Ömrə xoş gəlmisən, ay altımışım.

 

Vaxtın anlarına sığa bilmirəm,

Könlümü aləmdən yığa bilmirəm,

Bu dəli hisləri boğa bilmirəm,

Təzə yola çıxan ey ömrə naşım,

Ömrə xoş gəlmisən, ay altımışım.

 

Baharım günlərdən gen düşür daha,

Gələn sabahıma çən düşür daha,

Ömrümün saçına dən düşür daha,

Qarşıdan boylanır boz məzar daşım…

Ömrə xoş gəlmisən, ay altımışım.

 

Mənim də içimdə təlatüm yatır,

Könlü gah tufana, gah oda atır,

Təbimin atəşi bağra od çatır,

İtirmə özünü yollarda naşım,

Ömrə xoş gəlmisən, ay altımışım.

 

Gəl ol Şadimana ana qucağı,

Ürəyim ruhumun səma ucağı,

Qarşıdan boylanır bax qürub çağı,

Kədərlə sevinci öpür göz yaşım,

Ömrə xoş gəlmisən, ay altımışım.

Ömrə xoş gəlmisən, ay altımışım.

02.09.2015

Şirin Xanım Kərimbəyli Şadiman