Вы просматриваете: Главная > Şeirlər > YANDIQ SU VERİN BİZƏ

YANDIQ SU VERİN BİZƏ

YANDIQ SU VERİN BİZƏ

 (Bakıda yanan binada həlak olanların ruhuna!)

 

Bu səhər gözümüzü tüstüyə açdıq,

Bir udum hava üçün Allaha əl açdıq,

Yandıq, su verin bizə,

Acı tüstü köz basır dilimizə.

Naləmizdən bütün yatmışlar oyandı,

Bir arzumuz var idi – bu cəhənnəmdən çıxmaq,

Bu arzumuz əbədi yandı,

Dilimizdən fəryadlar qopdu,

Alovlar diləklərimizi də qəlbimizdə

axtarıb tapdı…

Onları da yandırdı çırta-çırtla,

Yana-yana vidalaşdıq həyatla…

***

Mən yaş yarımlıq Ömərəm,

Mən iki yaşlı Ayxanam,

Mən üç yaşlı Fərəhəm,

Mən beş yaşlı Ayanam,

Mən tələbə Ülkərəm,

Arzularım ürəyimdə qaldı,

Məni nişanlım yox, alovlar aldı…

On altı yaşlı qardaşım,

anam da mənimlə yandı,

Bizim üçün həyat birgə dayandı…

 

Siz ey haqqa, ədalətə can deyənlər,

Unudulmasın bu acı günlər!

Siz ey haqqı, ədaləti pul üçün döyənlər,

Tərəzini əyənlər,

İçinizdə vicdan deyilən bir məfhum varmı?

İnsan da insanı belə günə qoyarmı?

Heç dodaqlarımızdan qopan fəryadımızı duydunuzmu?

Özünüzü bizim yerimizə qoydunuzmu?

Biz hər gün sizin yuxularınıza gələcəyik,

Sizinlə birlikdə öləcəyik,

Ruhumuz sizlərə əzab verəcək,

Bizə etdiklərinizi ölənədək gözləriniz görəcək,

Bizim hıçqırtılarımız qulaqlarınızda partlayacaq,

İçinizdə quracaq sönməyən ocaq!

 

Bunu sizə on altı yaşlı mən Davud deyirəm,

Bunu sizə iyirmi yeddi yaşlı mən Yaşar deyirəm,

Bunu sizə otuz doqquz yaşlı mən Nazilə deyirəm,

Bunu sizə qırx üç yaşlı mən Zülfiyyə deyirəm,

Bunu sizə qırx altı yaşlı mən Sahib deyirəm,

Bunu sizə əlli səkkiz yaşlı mən Alla deyirəm,

Bunu sizə altımış yaşlı mən Firəngiz deyirəm,

Bunu sizə altımış yeddi yaşlı mən Yuri deyirəm,

Bunu sizə altımış səkkiz yaşlı mən Elmira deyirəm,

Bunu sizə səksən yeddi yaşlı mən Lyubov deyirəm,

Sizi günahlarınız alovlandıracaq,

Biz yanan kimi yandıracaq!

 

Ey bizlərə gözlərindən yaşlar tökənlər,

Bu müsibətə acı çəkənlər,

Ciblərə axan pullar yandırdı bizi,

Biz yandıq,

Allah qorusun onlardan sizi!

Bu dəfə də qərənfilləri pulgirlər ağlatdı,

Allahım, bu necə həyatdı?!

Bizi həyatdan etdilər…

Ahımız titrətdi yaxınları, yadları…

Ey Vətən övladları,

Bizə göz yaşı tökməyin,

Biz çəkəni siz çəkməyin…

Biz çəkəni siz çəkməyin…

21.05.2015

 

Şirin Xanım Kərimbəyli Şadiman

 

 

 

 

 

 

 

 

Bir cavab yazın