SEVDAM VAR HƏLƏ
Deməyin, solmuşam bağçada gültək,
Gülzarda ötmürəm xarıbülbültək,
Deməyin, yel məni əyər sünbültək,
Dolanar sorağım hey eldən-elə,
Mənim bu dünyayla sevdam var hələ.
Gözlərim dolanda yaş inciməsin,
Ağlın çəkisinə baş inciməsin,
Ömür tələsəndə yaş inciməsin,
Axmasın əlimdən anlarım elə,
Mənim bu dünyayla sevdam var hələ.
Bitib tükənməyir ürəkdə sözüm,
Qəlbi zirvələrə aparır dözüm,
Sanki yerin, göyün əsiri özüm,
Qanadlı mələktək dönmüşəm yelə,
Mənim bu dünyayla sevdam var hələ.
Zaman acısından qurtulmaq çətin,
O bir bəlasıdır bəşəriyyətin,
Məramı xoş olsun min bir niyyətin,
Bağlıdır anlarım bir zərif telə,
Mənim bu dünyayla sevdam var hələ.
Ürəyim zamana köklənən simdi,
Köksümdən qaçıran məni hissimdi,
Kainat dediyin bir tilisimdi,
Onun çox sirləri düşməyir ələ,
Mənim bu dünyayla sevdam var hələ.
Könlün acısını bilən də odur,
Bizə qəh-qəh çəkib gülən də odur,
Ölənlə bir yerdə ölən də odur,
Keçsə də altuntək hey əldən-ələ,
Mənim bu dünyayla sevdam var hələ.
Hər duyğum taxtını bəzəyən şahım,
Gah şövqlə, gah zövqlə açar sabahım,
Qəmimi içimdə boğar Allahım,
Anlarım bənzəyir bir coşqun selə,
Mənim bu dünyayla sevdam var hələ.
Dağ sisə, dumana aşiq kimidi,
Ay zülmət gecəyə işıq kimidi,
Dərə gur sellərə qaşıq kimidi,
Zaman toxunmasın könlümdə telə,
Mənim bu dünyayla sevdam var hələ.
Fələk bələkləyir ağrı, acımı,
Bəzəyir ilhamla könül tacımı,
Duyur yerim, göyüm ehtiyacımı,
Çapsın duyğularım belədən-belə,
Mənim bu dünyayla sevdam var hələ.
Ürək alışmasa gözdə yaş olmaz,
Ağılı olmayan başdan baş olmaz,
İnsan doğulanın qəlbi daş olmaz,
Şadiman, ölümü gətirmə dilə,
Mənim bu dünyayla sevdam var hələ.
Mənim bu dünyayla sevdam var hələ.
03.03.2001
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.