MAVİ YUXULARIM
Gecələr qara örtüklü fələklər,
Mavi donlu mələklər,
Mavi tüllər çəkir gözlərimə,
Alovdan don biçir sözlərimə…
Alır ağuşuna könlümü diləklər,
Sanki bəmbəyaz küləklər,
Mavi yuxular,
bağrımı didən qorxular,
Atır məni kainatın izlərinə,
Batıram fikir dənizlərinə,
Göydə durnalar təki,
Vücudum ən yüngül çəki,
Pənbə buludların üzəriylə uçuram,
Gah röyadan və yalandan qaçıram.
Gah da əlçatmaz, ünyetməz,
Bu sehirin sonu bitməz
ulduzları qucuram,
O qapqara buludlara acıram,
Sanki ayrı bir dünyanın,
Gözəlliklə dolu röyanın,
Qapılarını açır,
Günəş təki nur saçır
Mavi donlu mələklər üzümə,
Bütün məmləkətlər mavi şəkildə
görünür gözümə.
İçimdə acılarla dolu yasım,
Əynimdə mavi donlu libasım,
Nalə çəkən könül sazım,
Üzümə gülən alın yazım.
Qansız, savaşsız, ölümsüz,
Divansız, sərhədsiz, bölümsüz,
Bir səyyarədə dolaşıram,
Bu dünyadan çəkdiklərimi,
Vərəqlərə tökdüklərimi…
Mavi donlu mələklərə danışıram,
Bu atəşlə alışıram.
Ayrılmaq istəmirəm,
Heç kəsə demirəm,
Mavi yuxuların şirinliyindən,
Vücudumu bir heyrət bürüyür,
Və bu heyrət buzları əriyir,-
Bu sehrin dərinliyindən.
Gecələr mavi paltarımda,
İçimdə ilham adlı yatarım da.
Mavi donlu mələklərlə,
Məni ovsunlayan fələklərlə
Tanrıya üz tuturam,
Haqqın dərgahına çatıram!..
Zaman naləsiz, ahsız,
Ruhlar günahsız,
Ruhlar günahkar,
Etdiklərini edə bilmir inkar,
Küskün-küskün ətrafımda dolaşır,
Mənimlə pıçıldaşır.
Ömrün dönüklüyündən,
Cəzaların böyüklüyündən,
Dünyanın faniliyindən söz açırlar…
Önümdə o yan, bu yana qaçırlar!
Məndə mavi yuxularımla,
İçimi didən qorxularımla,
Dərdləşirəm onlarla,
Min bir dərdli canlarla!
Beləcə səhər açılır,
Nur saçılır,
Otağıma al günəş dolur.
Mavi donlu mələklər,
İçimə sığınmış diləklər-
Harasa tələsən qaranlıqda solur-
Mavi yuxularımla,
Ölümdən ağır qorxularımla,
Bir göz qırpımında yox olur…
Əzab verən min bir xülya,
Qanla dolu dünya,
Sinəmə ox olur…
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.