SAYMAN ARUZUN «YÜZ İL İNQİLAB»
KİTABINDA GÜNEY FƏRYADI
Ey Vətən, Azərbaycan, qalx özün söylə niyə sən belə paramparçasan? Səni bu günə salanlara üsyan et, fəryad eylə! Güneydən Qüzeyinə Qüzeydən Güneyinə haray sal, bu haray qoy bütün dünyanı silkələsin. Qoy bütün dünya başa düşsün ki, AZƏRBAYCAN adında parçalanmış, qərbində işğalçı, ipə-sapa yatmayan Ermənistan (Hayıstan) adında qondarma bir ölkə yaradılmış, Qarabağı Rus İmperiyasının tapdağının qurbanı, Güneyi fars-molla zülmü altında əzilir, bütün bunları sənin dünyaya səpələnmiş 50 milyonluq xalqın həll etməlidir, VƏTƏN, VƏTƏN, VƏTƏN…sən məni eşidirsənmi VƏTƏN…?
Uzaq illərin xatirəsidir. Siyəzən şəhər 2 saylı orta məktəbdə 9-cu sinifdə oxuyurdum, bir gün Sima adlı bir sinif yoldaşım mənə əl içi boyda bir kitabça bağışladı. Kitabçanın üstündə Məhəmmədhüseyin Şəhriyar və «Heydərbabaya salam» sözləri yazılmışdı. Kitabı elə dərs arası fasilələr zamanı oxudum və çox həyəcanlandım. İnanın ki, həmin gün keçilən dərsləri unutdum və bütünlüklə dahi şairin poemasına kökləndim. Mən ondan qabaq da İran tərkibinə ürcah olunmuş Güney Azərbaycanı barədə bir çox bədii kitablar oxumuşdum, amma «Heydərbabaya salam» poeması qədər məni könlümü təlatümə gətirən ikinci bir əsər olmamışdı. Əsər, sanki bütün Güney Azərbaycanın dilinin, varlığının fəğanı, harayı, fəryadı idi. Bu bütünlükdə Azərbaycan xalqının harayını aləmə yayacaq, bütün dünyaya səs salacaq böyük şairinin hecada bərqərar olmuş misralarının dili, hayqırtısı idi… «Heydərbaba» poeması nəzm diliylə bizim kimliyimizi bizə diqtə edən acı həyat dərsi idi…Bu poema ana laylasıtək doğma, lətif, şirin gəlmişdi mənə…O illər arxada qalıb, Azərbaycanın Quzeyi artıq müstəqillik qazanıb min bir qanlar bahasına olsa belə, Güney isə hələ də azadlığa çıxacaq gününü gözləyir. O gün gələcəkmi? Gələcəksə, bəs haçan? Nəsillər dəyişir, tarixə dövlətlər bəxş edən Azərbaycan torpağı hələ də parça-parça, tikə-tikədir…Elə bu ağrılı taleyimizə çıraq tutan gənc yazar, nasir-şair Sayman Aruz « Yüz il inqilab»la bizi qəflət yuxusundan ayıltmağa səsləyir…
Elə bir axşam vertual kitabxanada rastlaşdığım Sayman Aruzun «Yüz il inqilab» kitabıyla baş-başa qaldım. Romanı bir nəfəsə oxudum… Əvvəlcə Sayman Aruz barədə bir neçə kəlmə dəyərli sözün qiymətini bilənlərimizlə fikirlərimi bölüşmək istəyirəm. Sayman Aruz Güneydən Quzeyə o tayın ağrı-acısını qəlbinə yükləyib bu taya üz tutmuş istedadlı qələm adamıdır. Sayman bəy bəlkə də bu ağrıların çoxunu özü yaşamış, özü məşəqqətli həyatla baş-başa qalmış adamdı. Ona görə də Onun «Yüz il inqilab»ı belə təsirli, könül titrədən məqamlarla doludur. Bu kitab bir millətin dilini, varlığını itirmək təhlükəsiylə üz-üzə qalmış ömür hekayəsidir. Din adı altında xalqların istəklərini boğan, onları dilindən, varlığından, ruhundan uzaqlaşdıran bir ölkədə cəryan edən vəhşiliklərin çarəsi nə ilə çözülər, dəyərli Vətən əhli ? Bizi bizdən ayıranlar hər şeyə nail olublar, torpağlarımızı parçalamaqla, varlığımızı aşağılamaqla, kimliyimizi yasaqlamaqla, amma bir şeyi unutmamalıdırlar ki, haqq nazilər, üzülməz…
Əsərdə baş qəhrəman Seyidddir. Elə bütün baş verən hadisələr də Seyidin diliylə nəql olunur və onun ətrafında cəryan edir. Seyid özü bədbəxt insandır, bütün istəkləri gözündə qalmış, nəsibi isə adama cismani əzab verməkdir. Onun taleyinə güney Azərbaycanın Sulduz şəhərində həbsxanada işləmək düşür. Bu onun gündəlik işi, peşəsidir, təsadüfən həbsxanada uşaqlıq sevgisi olan Raziyə ilə qarşılaşır…Müəllif qadın qəhrəmanı Raziyəyə verilən amansız işgəncələri oxucuların gözlərindən yaş çaxardacaq qədər bəyan edir. İran zindanlarında din, allah adıyla adamlara tutulan divanlar insanı dəhşətə gətirir. «Quran»dan saysız hesabsız təsfir kitabları yazıb pul-para qazananlar, gündəlik həyat təlabatlarını ödəyənlər, adamların beyininə bütün günü «şaxsey-vaxsey» aşılayanlar bəs Allah bəndələrinə niyə böylə zülmdə bulunurlar?
Bəs zülm etdikləri insanların yaşam haqqı yoxmu?! Əsərdə öz varlıqlarını döyülə-döyülə, əzilə-əzilə, tutula-tutula, asıla-asıla qoruyan binəva millətimizin acı həyat dastanı adamın ürəyini param-parça edir. Axı Raziyə də, Seyid də başqa cür həyat yaşaya bilərdilər, hər insana bir ömür düşür, bəxtə düşən ömürü viran edib, bundan kam alanlar özləri öz cəzalarına yetəcəklər, bunun gec-tezi var…Elə müəllif də əsərin sonunda Seyidin əliylə bu vəhşiləşmiş adamları məhv edir. Feyzi, Hacı, molla, doktor etdikləri zülmün cəzasın alır, Seyid tərəfindən güllələnir, axırıncı gülləni isə Seyid özünə saxlayır və özünü məhv edir. Raziyənin boğazına kəndir keçirib onu assalar da, o əsərdə hamıdan pak, hamıdan yüksəkdədir, sanki yaralı Azərbaycanın özüdür Raziyə…Öz uşaqlıq sevgisinə məftun olub heç kimlə ailə qurmayan, öz dilini, varlığını, vətənini sevdiyi üçün həbsə atılan və işgəncələrə məhrum olan, istəklisi Seyidlə həbsxana divarları arasında üz-üzə gələn, elə onu tərəfdən işgəncə verilən, öz bakirəliyini də illərlə sevdiyi bu adama –Seyidə təslim edən Raziyə…
Budur bizim ana-bacılarımızın təmizliyi, paklığı! Bəs bugün bizə nələr təbliğ edilir, vətənsizlik, keçmişimizə, mənəviyyatımıza arxa çevirmək, hər cür pozğunluğun təbliği, qərbi yamsılamaq, qərbə yarınmaq üçün Vətənin müstəqilliyini təhdid etmək, el adət-ənələrini təpikləmək, xor baxmaq, dodaq büzmək…
«Yüz il inqilab» kitabını oxuyanda müəllifin vəsf etdiyi Raziyə namuslu-qeyrətli vətən qızı, vətən övladıdır. O, illərlə istəklisinin bağışladığı gümüş üzüyü barmağında əziz xatirə kimi qoruyub saxlayır, öz istəklisinə qovuşmasa belə, onun sevgisi ilə yaşayır, uşaqlıq günlərinə çıraq tutan üzük ona ən dəyərli xatirədir. Ona görə də Seyiddən o üzüyün qaytarılmasını rica edir, amma Seyidin onun illərlə həsrətində qaldığı istəklisi olduğunu asılacağı gündən bir gün öncə bilir. Bu o gün idi ki, onu məcburi öldürülməmişdən əvvəl bakirə olduğu üçün zindanda faciəvi toy edəcəkdilər…Budurmu bizim inandığımız, körpəlikdən beynimizə yeridilən, səcdəsi vacib bilinən Din! Əgər bu deyilsə, islam adıyla insanlara vəhşət göstərənlərin Allah cəzasın niyə vermir?! Din adıyla insanları bir-birinə qırdıranlar, yağı edənlər bəs görəsən tanrı xofunu ağıllarından keçirdirlərmi? Gücü, silahı, hakimiyyəti ələ keçirənlər anlamırlarmı heç bir imperiya zülmlə uzağa getmir? Gec-tez özülü, bünövrəsi titrəyir divarları çökməyə başlayır.
Əsərdə müəllif İran-İraq müharibəsindən, sərhəddə yerləşən Sulduz şəhərinin adamlarının çəkdiyi müsibətlərdən obrazların diliylə yana-yana bəhs edir. Əsərdə kürd yaraqlılarından, onların şəhərə basqınından bəhs edən müəllif o insanların da faciəvi həyatını qələmə alır. Əslində imperiyalar daxilində yaşayan xalqları bir-birinə yağı etmək güc qurumlarının əlində ən düşünülmüş silahdır. Elə əsərdə də bu gerçəkliklə qarşı-qarşıyayıq. Kürdü türkə düşmən edənlər əslində parçala, hökm sür siyasətiylə yaşayırlar və çox vaxt da buna nail olurlar. Əzəli Azərbaycan torpaqlarına sahib çıxmaq istəyənlər bu diyarda, bu məmləkətdə yaşayanların dillərinə yasaq qoyub. Əgər bir kimsənin kimliyini yox etmək istəyirlərsə birinci onun danışdığı dildə olan kitaba, yazıya, əlifbaya qadağa qoyulur. Elə İran zülmü altında əzilən həmvətənlərimiz də bu yasaqla üz-üzədirlər.
« Yüz il inqilab» əsəri haqqında yazılan məqalələrin birində oxumuşam ki, əsərin dilində qüsurlar var, amma mən bunun tam əksini deyərdim. Əsər çox şirin və oxunaqlı dildə yazılıb, Güneyin yapışıqlı, ürək oxşayan ləhcəsindən də çalarlar var romanda. Ələlxüsus nəzərə alsaq ki, əsəri yazan müəllif yazısı-pozusu, ana dili yasaq edilmiş bir rejimdə boya-başa çatıb, fars dilli məktəb, institut bitirib və doğma dildə təhsil almayıb, onda ancaq Sayman Aruza təşəkkürlər düşür. Çünki ana dilli məktəblərlə dolu Quzeyimizdə nə qədər insanlarımız öz dilində təhsil almağı, bu dilin gözəlliklərindən bəhrələnməyi özünə ar bilib. Elə indi də bədii yaradıcılıqla məşğul olub, özünə şair, yazıçı adı verənlərin bir çoxunun yaratdığı ədəbi məhsullarda bol-bol dil kasadlığı ilə üzləşirik. Yenə də təkrar edirəm, amma Sayman Aruz o tayda doğma dildə məktəb, tədris görməyib, yazılı şəkildə ana dilindən bəhrələnməyib. Onun ana dilində əxz etdiyi yalnız şifahi yolla doğmalarından eşitdiyi, duyduqları olub. Bu barədə müəllif ən böyük, təriflərə, alqışlara layiqdir. Deməli Güneyli bacı-qardaşlarımız şifahi yolla bu dili yaşadıb, nəsildən-nəsilə ötürüb. Biz kirilə keçəndə onlar da biziylə kiril əlifbasıyla yazışdılar, məktublaşdılar, latına keçəndə latın əlifbasıyla…Allah sizləri qorusun, əziz Güneylilər…
Bir-iki kəlmə də xaçpərəst və müsəlmanlar arasında paralellər aparmaq istəyirəm. Hamımızın bildiyi kimi Azərbaycanın Quzey tərəfi Rus imperiyasının əsarəti altında olub, bu əsarətə baxmayaraq biz öz dilimizdə yazıb oxumuşuq, təhsil almışıq, orta-ali məktəblərimiz olub, amma ruslar bizə tam yad bir millət olub həm dili ilə, həm dini ilə… amma bizim ana dilimizə yasaq qoymayıb, bu dildə tədrisimizi əlimizdən almayıb, bu dildə musiqimiz, muğamatımız. folkulorumuz, ədəbiyyatımız, elmimiz inkişaf edib, nə qədər başqa sahələrdə bizə qarşı qəddar olsalar belə…
Azərbaycanın Güney tərəfi isə İranın əsarəti altındadır. Dini, hətta məzhəbi( hərçənd ki mən məzhəbləri qəbul etmirəm və tanımıram) də bizimlə eyni olan bir xalq niyə bizim dilimizə, varlığımıza qarşı belə amansız mövqeydədir? Məgər islami dəyərlər qəddarlığımı, başqa xalqların varlığını danmağımı təbliğ edir ? Əsla yox! İslam, təkcə islam yox bütün dini kitablar, sülh, ülfət, sədaqət, saflıq, xeyirxahlıq aşılayır insanlara. Əfsus, nə fayda, səhərdən axşama qədər «allahu-əkbər» deyənlər, möhürnən alınını göyərdənlər insanların haqqını tapdalayır, 50 milyonluq bir xalqın dilinə yasaq qoyur. Bu da bizim din qardaşlarımız, dindaşlarımız…
Güneyli-Quzeyli Azərbaycan ədəbiyyatının görkəmli gənc simalarından biri olan Sayman Aruz millətimizin dəhşətli həyat hekayətini özünə məxsus dillə yana-yana, qövr edə-edə «Yüz il inqilab» romanında qələmə alıb və dəyərli sözə, mənəviyyata qiymət verən vətən əhlinin ixtiyarına verib. And olsun kitaba və qələmə bu kitabı oxuyan heç nə itirməz, əksinə içində Vətən eşqi şahə qalxar, sizlərə bu eşqlə baş-başa qalmağı diləyirəm. Sayman Aruza isə yeni-yeni yaradıcılıq uğurları…
Şirin Xanım Kərimbəyli Şadiman
15.12.2014 Pirallahı
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.