Вы просматриваете: Главная > Şeirlər > NIYƏ BELƏ QOCALMISAN, AY ANA

NIYƏ BELƏ QOCALMISAN, AY ANA

NİYƏ BELƏ QOCALMISAN, AY ANA

Vaxt var idi işə-gücə qaçardın,
Göyərçintək qanad açıb uçardın,
Bizi görüb qollarını açardın,
Künc-bucaqda yurd salmısan, ay ana,
Niyə belə qocalmısan, ay ana?

Bütün günü dolaşardın həyətdə,
İş-güc ilə yollaşardın həyətdə,
Çal-çamura bulaşardın həyətdə,
Hərəkətdən nə qalmısan, ay ana?
Niyə belə qocalmısan, ay ana?

Daha qıvraq gülüşlərin kəsilib,
Gedişlərin-gəlişlərin kəsilib,
Qohumlarla görüşlərin kəsilib,
Uşaqlığı borc almısan, ay ana,
Niyə belə qocalmısan, ay ana?

Körpə kimi fırlanırsan qucaqda,
Düşüb-qalıb hayın-küyün bucaqda,
Qazanların qaynamayır ocaqda…
Ürəyimə od salmısan, ay ana,
Niyə belə qocalmısan, ay ana?

Çay-çörəyin, yır-yığışın hardadı?
Bişirdiyin xörəklərin car dadı,
Evimizin istiliyi dardadı…
Bu ocaqdan güc almısan, ay ana,
Niyə belə qocalmısan, ay ana?

Yad qızından kömək umur gözlərin…
Ayaqlara çətin dözür dizlərin,
Sevincisən, istəyisən bizlərin,
İstəyindən öc almısan, ay ana,
Niyə belə qocalmısan, ay ana?

Harayların pəncərədən boylanır,
Bala deyib, həsrət ilə oylanır,
Günlərinin başına ah haylanır,
Halva təki dərd çalmısan, ay ana,
Niyə belə qocalmısan, ay ana?

Başdan enib qadınlığın şah tacı,
Bu durumda səni görmək çox acı,
Yaman oldun onun-bunun möhtacı,
Xəyallara nə dalmısan, ay ana?
Niyə belə qocalmısan, ay ana?

Qocalığı lap andıra qalaydı,
Onun özün qocalığı alaydı,
Qapısını tərs əliylə çalaydı,
Ağrısıyla ucalmısan, ay ana,
Niyə belə qocalmısan, ay ana?

Şadimanı etdin dərdə mübtəla,
İtgin düşsün sənə gələn o bəla,
Dözmək olmur sən düşdüyün bu hala,
Aralıqda çaş qalmısan, ay ana,
Niyə belə qocalmısan, ay ana?
Niyə belə qocalmısan, ay ana?
16.10.2011//\\\ \

Bir cavab yazın