ON QƏPİK ƏHVALATI
Dəyərli oxucular, mənim qələmə alacağım bu yazının qətiyyən şəxsi maşını olanlara dəxli yoxdur. Çünki onlar yollarda saatlarla tıxac əzabıyla üzbəüz qalsalar da, öz şəxsi maşınlarının sükanı arxasında otururlar və ictimai nəqliyyatdan istifadə edən şəhər əhalisinin hali-vəziyyətinin fərqində olmaya bilirlər. Çünki onlar, bizlər kimi ictimai nəqliyyatdan istifadə etmirlər. Necə deyərlər sürdükləri maşınlar sağlıqlarına qismət olsun, yollarda öz təhlükəsizliklərinin qeydinə qalsınlar və onları gözləyən ailələrinə, doğmalarına sağ-salamat qovuşsunlar.
Mənim yazacağım bu yazı başqa bir mətləbi sizlərin nəzər-diqqətinə yetirmək istəyir. Əvvəlcə qeyd etmək yerinə düşər ki, Azərbaycan televiziya kanallarında, habelə digər yayım mərkəzlərində gedən bəzi-bəzi xəbərlər ölkənin aztəminatlı, kasıb əhalisinin büdcəsinə əməlli-başlı zərbə vurur. Bu xoşagəlməz bəd xəbərləri sizlər üçün sadalamaq istəyirəm. Pensiyaların artımı ilə bağlı xəbər. Elə ki, bu xəbər yayılan kimi tez bir zamanda dükanlara, bazarlara səs düşür. İşbazlar bahalaşmaya rəvac verirlər, yazıq təqaüdçilər artım xəbərinə kor-peşiman olurlar. Yanvar ayında pensiyalarda 1-2 manat artım olmuşdusa, qarın doyduran ərzaq bahalaşdı. Bu yaxınlarda Nəqliyyat Nazirliyinin avtobuslarda gediş haqqına yenidən baxılması ilə bağılı Tarif Şurasına sorğu yollayacağı barədə xəbər yayıldı. Amma sonrada da dedilər ki, Tarif Şurası bu işə ilin axırında baxacaq və ictimai nəqliyyatda hələlik heç bir bahalaşma olmayacaq. Amma nə gördük, bir-iki gündən sonra şəhərkənarı qəsəbələrə gedən marşurutlarda bahalaşma. Bu bahalaşmanın da ən böyük zərbəsi şəhərdən 60 km uzaqlıqda yerləşən bu yaxınlarda rayon statusu qazanmış Pirallahı adasına dəydi. 70 qəpiklik yol haqqı 80 qəpik oldu…Bu 80 qəpiklik marşurut ölüm-zülmnən, düz saatyarıma axırıncı dayanacağı olan metronun «Ulduz» stansiyasına gəlib yetişir. Qəsəbələrarası demək olar ki, hər addımda dayanan bu marşurtdan mənzil başına çatan adam özünü tam yorğun, əzgin hiss edir. Oturacağları həddindən artıq çirk içində olan bu 150 saylı marşurtlar deyəsən 150 il də keçsə düzələn deyil. Çünki axı biz adada yaşayırıq, ada da mərəkəzdən 60 km aralıdır. Yerigəlmişkən onu da sizlərin nəzərinə ərz edim ki, avtovağzaldan Siyəzənə «Qazel» tipli marşurutlarla 50 dəqiqəyə, uzaq başı bir saata getmək olur. Yol isə 100 km-dir. Pirallahıya da «Qazel» tipli marşurutlar işləyirdi, yolu 40-45 dəqiqəyə qət edirdilər, onları guya yaxşı xidmət üçün ləğv etdilər. Bu necə yaxşı xidmətdir ki, insanlar saatyarıma, ayaq üstə yolu qət etməli olurlar? Çünki oturacaqların dolmağı ilə sürücülər qane olmurlar, çox vaxt yol boyu planı verə bilməmək barədə uzun-uzadı giley-güzar edirlər. Maşınlar səhər və axşam saatlarında dəhşətli basa-basla müşayət olunur.
Deyilənlərə görə Pirallahı adasına sovet zamanı, quru yol çəkiləndən sonra avtobus düz dəmiyol vağzalına qədər gedərmiş, özü də 50 qəpiyə. Hələ üstəlik elektrik qatarları da bir çox Bakı kəndlərinin bəzəyi idi. Bakı bağlarına gedən insanlar bu sürət qatarlarından məmuniyyətlə istifadə edərdi. İndi o qatarlar da ekoloji cəhətdən təmiz, qiymət baxımından sərfəli olan trolleybus və tramvaylar təki tarixə çevrildi. Niyə? Niyəsini başda oturanlarımız, qanun, hökm xiridarları yəqin ki, gözəl bilir. Havaya bacardığı qədər çox karbon qazı buraxıb oksigeni, yəni bizim udduğumuz havanı məhv edən avto-maşınlar bəzəkli paytaxtı hava baxımdan təzəyə çevirib. Bu saat xəstəliklərin başında həkimlərin «ani ölüm» adı qoyduğu qəfil ürək dayanmaları gəlir. Artıq vəziyyət o həddə çatıb ki, bu adıbatmış mərəz 30 yaşlı cavan insanlarımızın arasında da müşayət olunmaqdadır. Yəqin ki, bu xəstəliyin başlıca amillərindən biri paytaxda havanı zəhərə döndərən saysız-hesabsız maşın axının havanı çirkləndirməsidir. Əksər Bakı kəndləri üçün xəttə buraxılan avtobuslarda gediş haqqı bahadır.
Nəzərə alsaq ki, bu bahalaşma büdcədən maliyyələşən mənəviyyatımızın keşikçisi müəllimlərə, tibb işçilərinə, az maaş alan dəmiryolçulara, ürəyi dolu, cibi boş qələm əhlinə, valideyn cibinə göz dikən tələbələrə, bütünlükdə aztəminatlı ailələrə zərbədir, yəqin ki, dəyərli oxucular, sizlər də mənimlə razılaşarsınız. Çünki Pirallahıya gedib-gəlmək adambaşı hal-hazırda 1manat 60 qəpikdir, çox vaxt avtobusların ürək üzən əzabından bezən insanlar ciblərində olan axırıncı manatları 2-3 manata mənzil başına tez çatdıran taksilərə ödəməli olurlar.
Düzdür bəziləri deycək ki, bu özəl xidmətdir, bazar iqtisadiyyatıdır, əgər bu özəl xidmətdirsə, niyə caamat basabasla, uzun yolu ayaq üstə qət etməlidir? Habelə təmiz geyimlərlə oturacaqlara əyləşən sərnişinlərin niyə üst-başları çirklənməlidir? Bu necə özəl xidmətdir?
Mən bilirəm, mənim qələmə aldığım bu yazı nəqliyyatla bağlı nə işgüzar adamların, nə də adiyyəti qurumların ürəyincə olmayacaq. Amma ey bu işlə məşğul olub, bundan mənfət götürənlər, şəhərə 200-300 manat maaş üçün hər gün gedib-gələn kasıb zümrənin hali-vəziyyətini nəzər-diqqətinizdən qaçırmayın, çünki bu həm sizin büdcənizi halal edər, həm də aztəminatlı insanların gündəlik dolanışığına zərbə vurmaz. Çalışın haqq tərəzisi əyilməsin, çünki haqq tərəzisinin əyilməsi nə Böyük Yaradana, nə də onun halallıqla yaşayan bəndələrinə xoş gəlməz! Xoşagəlməz işlərin tozu isə qopanda çox bərk qopur! Tanrı hər birimizə nicat versin, ey bu yazını oxuyub məni haqlı sayanlar və saymayanlar…Hər birimizin işləri rəvan getsin. Gələn görüşlərədək.
18.05.2013
Şirinxanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.