Вы просматриваете: Главная > Şeirlər > MÖHLƏT AÇARI

MÖHLƏT AÇARI

MÖHLƏT AÇARI

Qapıma düşmürsən möhlət açarı,
Bəs bağlı qapıdan necə çıxım mən?
Əqrəblər qəfəsdən quştək uçarı,
Ömür gedən yola hardan baxım mən?

Baş öz əzabına dolaşıb qalıb,
Onu canı bilib yollaşıb qalıb,
Fikirlər ağrıya bulaşıb qalıb,
Onları könlümə nə buraxım mən?

Xəyalım özünə munis axtarır,
Məftunu olduğu pak hiss axtarır,
Bəzən ürəyimi çox pis axtarır,
Onun qurduğunu niyə yıxım mən?

Qəlbim titrəmədə, ağlım təlaşda,
Açarsız qıfılda qaldım bu yaşda,
Qapı arxasında çatlardı daş da,
Daş olan bəxtimi neylə sıxım mən?

Zamanın zənciri kürəyə vurur,
Yerin titrəməsi dirəyə vurur,
Başın işləməsi ürəyə vurur,
Onun əleyhinə necə çıxım mən?!

İncitmə könlümü möhlət açarı,
Şadiman güllərdə dolaşan arı,
Tikanlar içində ömürü yarı,
Həyat tapmacadır, şirin yuxum mən.
30.04.2011