İLAHİ, HARDASAN?

Gecənin səhərdən gözləri qorxur,
Sübhün ah-fəryadı qəlbə qəm oxur,
Hönkürən buludam, bəbəyim çuxur,
Boğulan könlümə yeni nəfəs ver,
İlahi, hardasan? Səsimə səs ver!
Sənsən ruh evini bədəndə tikən,
Sənin məbədindi saf ədəb-ərkan,
Titrəyir hiylədən yer adlı məkan,
Usandım dünyadan, varsa, həvəs ver,
İlahi, hardasan? Səsimə səs ver!
Aləmin fəğanı ağladır məni,
Necə ünvan edim dərdimə səni?
Ağılım gəzdirə bilməyir təni,
Canı varlığımdan qopar, qəfəs ver,
İlahi, hardasan? Səsimə səs ver!
Mən ki, doğulandan dərdə ortağam,
Bostanı doludan viranə tağam,
Piltəsi alışan, yanan çırağam,
Dərdə qapı açma, yoluna nəhs ver,
İlahi, hardasan? Səsimə səs ver!
Yörəmdə hiylələr gün başa vurur,
Gunahı olmayan cana toy qurur,
Qapımda fitnələr boybaboy durur,
Mənim harayıma damla, tələs ver,
İlahi, hardasan? Səsimə səs ver!
Bitməyir dünyada həyat oyunu,
Yem edir zalımlar qurda qoyunu,
Niyə yaratmısan insan soyunu?!
Acgözün ruzisin əlinlə kəs ver,
İlahi, hardasan? Səsimə səs ver!
Bir yol bu dünyaya özünü göstər,
Bəndələr ayılsın, üzünü göstər,
Harda dolaşırsan? İzini göstər!
Vəhşi xislətlərin ömrünə qəsd ver,
İlahi, hardasan? Səsimə səs ver!
Şadiman vurğundu eşqinə müdam,
Sanki dəli olur qüssədən adam,
Ağlım min yol edir ürəyi edam,
Sındır qələmimi, ömrümü kəs – ver,
İlahi, hardasan? Səsimə səs ver!
İlahi, hardasan? Səsimə səs ver!
Bir illüstrasiya ola bilər