Вы просматриваете: Главная > Şeirlər > NURLARA BOYANDI

NURLARA BOYANDI

Əvvəl yağış yağdı, sonra gün çıxdı,

Nurlara boyandı üzü Qusarın.

Buludlar göylərdən qıyğacı baxdı,

Günəşdən ələndi közü Qusarın.

 

Ruhu heyran edir bu cənnətməkan,

Verir həyat üçün canlara təkan,

Açılır göylərin seyrinə imkan,

Getməz ürəklərdən izi Qusarın.

 

Dağları möcüzə, parkları meşə,

Burda göz oxşayır hər kiçik guşə,

Bura ayaq qoyan çəkməz əndişə,

Bumbuz bulaqlardı gözü Qusarın.

 

Bülbüllər ağacda oxur ahəstə,

Dilləri üstündə doğulur bəstə,

Bulud da gizlənir, durmayır qəsdə,

Nağıldır, dastandır özü Qusarın.

 

Dağlar çəkir belə göyqurşağını,

Görməsin şimşəklər qoy aşağını,

Dumana bürüyür göy Şahdağını,

Qapanır yoxuşu, düzü Qusarın.

 

Uçur qartalları başının üstə,

Qaya gül bitirir daşının üstə,

Gecə vəsmə çəkir qaşının üstə,

(Zaman da yaş qoyur yaşının üstə,)

Diilərdə şərqidir sözü Qusarın.

 

Tale ömür atın yamanca çapdı,

Canım rahatlığı burada tapdı,

Şəninə ilhamım misralar yapdı…

Şadiman vurğunu düzü Qusarın.

08.08.2022