Вы просматриваете: Главная > Şeirlər > RUHUMU GÖYLƏRƏ APARAN YAĞIŞ

RUHUMU GÖYLƏRƏ APARAN YAĞIŞ

Məni bu dünyadan qoparan yağış,
Ruhumu göylərə aparan yağış.
Yenə dolub könlüm bulud sayağı,
Səndəmi tapmışam cana dayağı?
Dəyə bilməz qəlbə şərin ayağı,
Var sinə içində dağ-aran yağış,
Ruhumu göylərə aparan yağış.
Dolub boşalıram mən də sənintək,
Gəl tut əllərimdən aləmə yetək,
Göyün ahənginə damlalar tütək,
Alışan sinəmə var çaran yağış,
Ruhumu göylərə aparan yağış.
Yer-göy atəşdəydi, ələ gürşadı,
Yaşam təşnəsidi buludun adı,
Sənin möhtacındı insan övladı,
Büllur dənələrdən tac quran yağış,
Ruhumu göylərə aparan yağış.
Sehrinə bürünüb bağ-bağça yenə,
Mirvari damlalar bəzək köksünə,
Kainat içinə baş vurur sinə,
Yu gur tellərini, dur daran yağış,
Ruhumu göylərə aparan yağış.
Yazılıb möhtəşəm sehrin üzündə,
Təbiət sevincin bir duy özün də,
Oturub yuyunur quşlar dizində,
Buluda mələksən coşur can yağış,
Ruhumu göylərə aparan yağış.
Necə ram etmisən Şadimanı sən,
Apardın qəlbimdən ah-amanı sən,
Yerlərin təbibi, can loğmanı sən,
Atəşə su səpdin gülür an yağış,
Ruhumu göylərə aparan yağış.
Məni bu dünyadan qoparan yağış,
Ruhumu göylərə aparan yağış.
24.07.2022