Вы просматриваете: Главная > Məqalələr > RUHUMUN İÇİNDƏN BOYLANAN NOVRUZ

RUHUMUN İÇİNDƏN BOYLANAN NOVRUZ

RUHUMUN İÇİNDƏN BOYLANAN NOVRUZ

Ruhumun içindən boylanan Novruz… Sən canımda özünə yuva salan qan yaddaşımsan! Ocağıma şadlıqlar, uğurlar gətirən yurddaşımsan, sirdaşımsan! Bəlkə hələ mənim özümsən, ürəyimdə alışıb-yanan közümsən! Bilmirəm niyə bu qədər mənə doğmasan?! Təzəliyim, təmizliyim, saflığım! Daşan çaylarının, əsən yellərinin, açılan çiçəklərinin ətiri gəzir ruhumda! Sənin qədər heç bir bayram məni riqqətə gətirmir, ruhumun içində dərin-dərin köks ötürmür…Yaddaşım sənin məhəbbətini itirmir ki, itirmir…
Hər dəfə sənin gəlişin məni uşaqlıq çağlarıma qaytarır…
Rəhmətlik anam ev-eşiyi yığışdırardı, hər tərəf par-par parıldayardı. Evdə nə lazımsız, işlənməyən köhnə nə var idisə evdən çıxarılardı. Hər şey də, hər yerdə bir təzəlik, ürəyə fərəh gətirən bir istiqanlılıq görünərdi. Atam əynimizə təzə paltarlar alardı. Oğlanlar damların üstünə taxmaq üçün şamlar, ocaqlar qalamaq üçün odun tədarükü görərdilər, bu işlərini yoluna qoyduqdan sonra yumurta döyüşünə çıxardılar. Biz qızlar anamıza ev-eşiyi səliqəyə salmaqda yardımçı olardıq. Bizi sovet qadağaları qətiyyən maraqlandırmazdı. İnsanlar sevinc içində çərşənbələri yola salardı. Bayram axşamını səbirsizliklə gözləyərdi. Bizim kənddə Novruza Yenigün də deyilirdi. Heç bir bayram biz uşaqları Novruz qədər riqqətə gətirmirdi. Bilirdik ki, bayram qabağı üst-başımız təzələnəcək, evdən bişiriləcək səməni halvasının iyi aləmi başına götürəcək, qonşu qadınlar, bibilər, xalalar anama köməyə gələcək, şəkərbura, paxlava, çayçörəyi, qoğal bişiriləcək. Sonra bayram axşamı pilov dəmə qoyulacaq. Qapımıza torbalar atılacaq, bu torbalara rəhmətlik anam demişkən «qulpumuzdan nə çıxır onu qoyacağıq». Sonra tonqal qalanacaq, tonqalın üstündən atılanda «Ağırlığım-muğurluğum» deycəyik.
Bu bayramın bir özəlliyi də onda idi ki, adamlar bayram axşamı qəbirsanlığı ziyarət edərdilər, dünyadan köçmüş doğmalarının məzarı üstə şam yandırardılar, kənd evlər kimi qəbirsanlıq da şam işıqlarına qərq olardı…
Bayram axşamı analar öz balalarını güclə-zorla tonqallardan ayırıb süfrə ətrafına toplayardı. Hamı bir-birini öpüb-qucaqlayardı, küslülər barışardı, hətta qan düşmənçilikləri bu bayramda yenilərdi, insanları bir-birinə barışdırardılar. Biz uşaqların sevincinin həddi-hüdudu olmazdı, axın-axın evlərə qonaq-qara gələrdi. Kəndin yaşlı adamlarına baş çəkərdilər, xəstələrinə təsəlli verərdilər. Bir il içində olan umu-küsülər baharın nazənin gəlişinə qurban verilərdi. Dünən bir-birinə acıqlı-acıqlı baxan, görmək istəməyənlər bayram günü barış-görüş olardılar. Adamlar evlərdən acıqlı söz-söhbətləri yığışdırardılar, «gəlib eşitsələr bizə nə deyərlər» deyərdilər. Qışın soyuqluğu, acıqlığı, küləklərin hirsi-hikkəsi baharın gəlişi ilə elə bil təntiyərdi.
Biz evimizin qənşərindən bizə boylanan bağçamıza qaçardıq. Bir sırada əkilmiş heyva ağaclarına baxardıq. Çünki onlar daha tez tumurcuqlayardı. Təbiətin canlanması elə bil bizim ürəyimizdə sevinc duyğularını artırardı. Saçlarımıza vurulmuş qırmızı lentlərdən kəsib heyva ağaclarına bağlayardıq. Çünki el arasında deyərdilər ki, heyva ağacları nəzəri qaytarır. Sonra rəhmətlik anam heyva ağaclarının budaqlarından kəsdiyi kiçik çubuqları cibimizə qoyardı ki, bədnəzəri qaytarsın. Və buna çox inanardı bizim kəndin qadınları…
Çərşənbələrdə, bayram axşamı və sonrakı günlər uşaqlara bərk-bərk tapşırardılar ki, bir-birimizlə dava-dalaş etməyək, evdən çölə xoşagəlməz sözlər çıxmasın, bu günahdır, və bu günlər Həmişəbelə gəlir, və adamların hərəkətlərinə kənardan göz qoyr, kim özünü düz aparmasa, ona deyir həmişə belə olsan. Və o adam da bütün il boyu xoşagəlməz hallarla qarşılaşır. Rəhəmətlik anam xüsusən qızlara deyərdi ki, dilinizin altına bir parça qənd qoyun, diliniz şirinliyə öyrəşsin, sonra ər evində dil şirinliyi sizə lazım olacaq. Bayramda şirin danışsınız, il boyu həyatınız şipşirin olacaq. Rəhmətlik «Dil acılığı ev yıxar, dil şirinliyi evə baxar» deyərdi. Bayram günlər həyətlərin iti, piyi də sevinərdi, yemək içmək çoxalardı, onlar da qarın dolusu yeyərdilər, bir iki gün yeməyə yaxın düşməzdilər…Evə gəlib gedən adamlara itlər də mehribanlıqla quyruq bulayardılar. Sanki heyvanlar da bu günlərin qeyri-adi gün olduğunu anlayardılar.
Novruzun gəlişi xüsusən uşaqları çox sevindirərdi. Təzə paltarlar, cürbəcür yeməklər, şirniyyat, qonaq getmək, qonaq gəlmək…
Biz Novruzu bizə əziz olan yaşamımızın çırağı olan atamız, anamız qədər sevirdik. Atamız, anamızla necə qürur duyurduqsa, Novruzla da eynən qürurlanırdıq. Bu bayram içimizə elə möhtəşəmlik gətirirdi ki, bu həyatımıza da sirayət edirdi və il boyu bizi izləyirdi…
Şükürlər olsun ki, müstəqillik qazandıq, bu gün Novruz ölkəmizdə yüksək səviyydə keçirilir. Deməli min illərin qan yaddaşına hopmuş Novruzu, Yenigünü heç bir qadağalar, imperiyalar, haqsızlıqlar yuyub apara bilmədi.
Bugün yeniləşmə-sivilləşmə havasıyla öz kökünə, soyuna ruhunun ona diqqtə etdiyi inamlara xor baxanlara yazıqlar olsun!!!
İnsan öz kökünün, soyunun üstündən boylananda daha əzəmətli, daha təmtaraqlı, başqa xalqların gözündə də daha maraqlı olur. Necə ki, ağaclar öz kökünün üstündən boylananda daha valehedicidir.
Ey kökündən-soyundan boylanan ellərimiz, obalarımız, Novruz adına süfrə açan yurdlarımız, ocaqlarımız Novruzun ayağı sayalı olsun! Evlərinizə sevinclər, fərəhlər gətirsin…Həri il məni uşaqlıq günlərimin xatirələri ilə yaşadan, Novruzum, ocaqlarımız gur yansın. İŞĞAL ALTINDA QALAN TORPAQLARIMIZA GEDƏN YOLLARIMIZI OT BASMASIN…Yaddaşımıza köklənən vüqarmız yenməsin, yenənlərdən yox, yendirənlərdən olaq…
Ey Novruzum, mənim ruhum sənin ruhundan keçir, ruhumu ruhuna bağlayan min illərə salamlar olsun! Yaşa bəşəriyyətin ən qədim bayramı!…
23.03.2013
Şirinxanım Kərimbəyli Şadiman

Bir cavab yazın