Вы просматриваете: Главная > Şeirlər > AZƏRBAYCAN ƏSGƏRİ

AZƏRBAYCAN ƏSGƏRİ

 

Nə xəbərdir bu səhər qulaqlarım eşitdi?!

İçimdəki niskilim alıb başını getdi,

Hönkürən diləklərim bu gün mərama yetdi,

Can deyir sənə ürək, Azərbaycan əsgəri,

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

 

Eşitdim ki, yağının üstə şirtək gedirsən,

İşğal altdan yurdları bir-bir azad edirsən,

Qurd ürəkli əcdadın ruhunu yad edirsən,

Köməyin olsun fələk, Azərbaycan əsgəri,

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

 

Pak amalın zirvələr aşacaqdır, bilirəm,

Düşmənlərə nifrətin daşacaqdır, bilirəm,

İçindəki qəzəbin coşacaqdır, bilirəm,

Yağı qurub şər, kələk Azərbaycan əsgəri,

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

 

Qəlbində od sönməsin, şir ürəyin döyünsün,

Qüvvətin tükənməsin, yurd-yuvamız öyünsün,

Hiyləgər yağıların çatdığı ocaq sönsün,

Qalib gününə gələk, Azərbaycan əsgəri!

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

 

Nəriltindən titrədi yerin, göyün ac bağrı,

Yox oldu sinəmizdən bu düşgünlük, bu ağrı,

Getdiyin yol – Haqq yolu, dilində sözün doğru,

Ağrını udsun külək, Azərbaycan əsgəri,

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

 

Üçrəngli bayrağımın özünsən şərəf andı,

Məğrurluğun önündə zaman durdu, dayandı,

Könlümdə qələbəyə ümid çırağı yandı,

Biz də sevinib gülək, Azərbaycan əsgəri,

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

 

Aş irəli düşmənin əzilsin ayaq altda,

Əcdadının məzarı gizlənir neçə qatda,

Vətəndir şərəfimiz, namusumuz həyatda!

Ruhun doğurub Babək, Azərbaycan əsgəri,

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

 

Şəhidlərin qanına suvaşıb torpağımız,

Qalib ol, sinəmizdən getsin məğlub dağımız,

Bilirəm arxalıdır, amansızdır yağımız,

Haqsız haqqı etməz dərk, Azərbaycan əsgəri,

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

 

Şadimanın ruhunu titrətdin sən bu səhər,

Tutdu gözümü yaşlar, boğdu boğazı qəhər,

Xilas et, Qarabağı, düşmənin udsun zəhər,

Qaliblikdən yapış bərk, Azərbaycan əsgəri,

Haqq savaşın mübarək, Azərbaycan əsgəri!

27.09.2020/ Qusar