Вы просматриваете: Главная > Şeirlər > DAYAĞIMIZ OLMUSAN

DAYAĞIMIZ OLMUSAN

 

Çətin gündə daima dayağımız olmusan,

Könlümüzdə solmayan çırağımız olmusan,

Düşmən aşa bilməyən şiş dağımız olmusan,

Bu dünyada arxamız, pənahımız, Türkiyə,

Səni şərdən qorusun Allahımız,Türkiyə.

 

Ey sultanlar ölkəsi, məmləkətin var olsun,

Açsın xeyir qapını, hər gün sənə yar olsun,

Dilbər səltənətində həmişə bahar olsun,

Yurda müjdə gətirsin sabahımız, Türkiyə,

Səni şərdən qorusun Allahımız,Türkiyə.

 

Qarabağ azad olur yanır-yaxılır düşmən,

Əsgərin ayağına ölüb yıxılır düşmən,

Basılıb künc-bucağa yaytək sıxılır düşmən,

Mənəvi dəstəyinlə yox ahımız, Türkiyə,

Səni şərdən qorusun Allahımız,Türkiyə.

 

İşğal altda qalmışdı yurd-yuvamız otuz il,

Boğuldu içimizdə haqq duamız otuz il,

Yaşamaqçın yetmədi saf havamız otuz il,

Məğlubluq oldu bizə günahımız, Türkiyə,

Səni şərdən qorusun Allahımız,Türkiyə.

 

Osmanlı dövlətinin şərəfin daşıyırsan,

Min illər dövlət qurub, qürurla yaşayırsan,

Hamıya qucaq açdın dedin: Xoş yaşa insan!

Soyuna sahib çıxan ürcahımız, Türkiyə,

Səni şərdən qorusun Allahımız,Türkiyə.

 

Parçalanmış Vətənin ümidi sənə bağlı,

İşlətdi haqq işlərə oğlun zəkanı, ağlı,

Yurdlarımız yağıya tikə oldu çox yağlı,

Düşmənə dostluq oldu silahımız, Türkiyə…

Səni şərdən qorusun Allahımız,Türkiyə.

 

Sən qardaşsan ölkəmə amalın qutlu olsun,

Soy-kökünə sahibim, Vətənin mutlu olsun,

Bir-birinə sarılan yurdlar umudlu olsun,

Yağıya yem olmasın gicgahımız, Türkiyə,

Səni şərdən qorusun Allahımız,Türkiyə.

 

Al rəngli bayrağını qoyaram gözüm üstə,

Baş əyirəm önündə bu qədər dözüm üstə,

Torpağına diz çöküb qoyaram üzüm üstə,

Ocağı ərşə bülənd yurdgahımız, Türkiyə,

Səni şərdən qorusun Allahımız,Türkiyə.

 

Şadiman fərəh dolu bu günlərlə öyünür,

Bəxtimizdən açılan düyünlərlə öyünür,

Ürəyimiz əzəldən varlığınla döyünür,

Şərə meydan oxuyan gücgahımız, Türkiyə,

Səni şərdən qorusun Allahımız,Türkiyə.

07.11.2020/ Qusar