Вы просматриваете: Главная > Şeirlər > ŞILTAQ KÜLƏK

ŞILTAQ KÜLƏK

ŞILTAQ KÜLƏK

Dolayırsan qollarını
Budaqlara, şıltaq külək,
Üşüyürsən, yapışırsan
Dodaqlara, şıltaq külək.

Gah xəzrisən, gah gilavar,
İçində bir dəlilik var,
Gətirirsən həm yağış, qar,
Torpaqlara, şıltaq külək.

Yıxıb tökdün bağ-bağçanı,
Titrədirsən yaman canı.
Tökmə bumbuz həyəcanı,
Yataqlara, şıltaq külək.

Nə qaça-qaç, nə vurhavur?
Bir az tənti, bir dayan, dur,
Yatmış könül düşüb odur,
Bataqlara, şıltaq külək.

Mən də səni sevdim axı,
Çıxart qəlbdən daha ahı,
Çəkil gəlsin al sabahı,
Otaqlara, şıltaq külək.

Şadimanı tapmır uğur.
İçində dərd aman doğur,
Hisslərimdən xəmir yoğur,
Ocaqlara, şıltaq külək.
17.01.2013 Pirallahı