Вы просматриваете: Главная > Şeirlər > AXTARIRAM HƏR YERDƏ

AXTARIRAM HƏR YERDƏ

AXTARIRAM HƏR YERDƏ

İtgin düşmüş ruhunu axtarıram hər yerdə,
Çəkilib getməyir ki, xəyalın göz önündən.
Özün söylə bəs necə dözüm verdiyin dərdə?
Qulaqlarım usanmır harayından, ünündən.

Pəncərədən boylanır baxır ötən günlərim,
Üzümə gülmüsəyir xatirələr birbəbir.
Dünənin vüsalına çatıb yetən günlərim,
İndi əlində yellər özü boyda bir xəlbir.

O xəlbirin içində anlarım ah-uf edər,
Ölmüş saatlarıma ağı deyər dilləri.
Ömür bir karvan imiş onu sarvanı güdər,
Doğmalar köç etdikcə qırılar qəlb telləri…

İtgin düşmüş ruhunu göydə-yerdə gəzirəm,
İlan təki qıvrılıb yatıb ağrı içimdə.
Gəlib yuxularıma, demə mənə dözürəm,
Ömür cana əmanət, onu zaman biçimdə!

Şadimanın sevdası baş tutmayan bir nağıl,
O nağılın sətiri hər kəsə oxunmayır.
Ürək səndən yapışır, təsilli verir ağıl,
Xəyalın istiqanlı, qəlbimə toxunmayır.
18.01.2013 Pirallahı