Вы просматриваете: Главная > Şeirlər > NIYƏ DÜZƏLMİR

NIYƏ DÜZƏLMİR

NİYƏ DÜZƏLMİR

 

 Hafiz Rüstəmə

 

Qurtarmır dünyanın ağrı-acısı,

Deyirlər düzələr, niyə düzəlmir?!

Çoxunun qarnında sərvət sancısı,

Haqq qoyduğu yola gəlmir ki, gəlmir.

 

Sən də Hafiz Rustəm, Rəbbə üz tutdun,

Onun səcdəsinə gedən iz tutdun,

Misralar içində sözü köz tutdun,

Qanmaza sərf etmir, əriyir dəmir.

 

Qardaşım, çox atdım sözlə kəməndi,

Xırsızın tükəmir, feli-fəndi,

Bağlayıb, bağlayır bərəni, bəndi,

Odur ki, düzlükdən çıxmır səs-səmir.

 

Deyirsən arada görünmürəm mən,

Heç çağrılan yerə ərinmirəm mən,

Heç zaman ayaqda sürünmürəm mən,

Suyu çox aparır deyirlər xəmir.

 

Söz əhli olmağın cəfası ağır,

İçimə dünyanı ağrısı yağır,

Hər gün cahan boyda könlüm qəm doğur,

Nə çəkdiyimizi çox adam bilmir.

 

Düz sözün çarmıxa cəkilən vaxtı,

Gözlərdən qan-yaşın tökülən vaxtı,

Yaradan tərpədir Yer adlı taxtı,

Haqqın dəyirmanı verilən ömür!

 

Cəkilib hücrəmə baxdım sabaha,

Yazdığım bəllidir onsuz Allaha,

Kiminə ucuzdur, kiminə baha,

Ucuz sananların duyğusu kömür.

 

Qardaş, söz ağrısı çəkdik dünyada,

Onu misralara əkdik dünyada,

Hər gün ağır yükün çəkdik dünyda,

Yükü çəkənlərin üzləri gülmür.

 

Bu məktub ərmağan Hafiz Rüstəmə,

Qardaşım, bacına unutqan demə,

Sənə ismarlanıb söz dolu kəlmə,

Könlü titrətməsə heç misra gəlmir…

 

12.12.2017