Вы просматриваете: Главная > Şeirlər > PAYIZIN GÖZ YAŞI 

PAYIZIN GÖZ YAŞI 

Payızın göz yaşı bulud kimidir,

Yarpaqlar ələnir tut kimi yerə.

Küləyin harayı lal ud kimidir,

Boğulur dumanda hər dağ, hər dərə.

 

Mən də göz yaşımı yağmura tutdum,

Bütün varlığımla canı unutdum,

Özümü xəzanın içinə atdım,

Ürəyim qəm toxur soyuq günlərə.

 

Yarpaqlar dil açıb, halına ağlar,

Ağaclar könlünü kədərə bağlar,

Üşüyər ayazdan çılpaq budaqlar,

Sevənlər güc verər toy-düyünlərə.

 

Səhərin gözündən şəbnəm süzülər,

Adamın niskildən bağrı üzülər,

Muncuqtək ürəyə niskil düzülər,

Xəzan köç eyləyər lap beyinlərə.