Вы просматриваете: Главная > Şeirlər > OVÇULAR 

OVÇULAR 

Daraşdız canımıza,

Zəhərsiz qanımıza,

Dərd verdiz anımıza,

Şərdən nə vaxt qaçılar?

Şər yuvası uçular,

Yurda ziyan ovçular.

Cibnə həyan ovçular.

 

Xəzinəni taladız,

Sözə yalan qaladız,

Səs çıxartdıq uladız,

İçinizdə sancılar,

Yaralarla açılar,

Özünə uyan ovçular,

Cibnə həyan ovçular.

 

Kəsmisiz nəfəsləri,

Boğmusuz həvəsləri,

Udursuz haqq səsləri,

Göy qapısı açılar,

İçindən od saçılar,

Udar sizi acılar,

Yoxmu duyan, ovçular?!

Cibnə həyan ovçular.

 

Milləti coşdurmayın,

Qəzəbi daşdırmayın,

Yalan quraşdırmayın,

Yurda yaraşdırmayın,

Fitnə yolu haçalar,

El-obaya dərd calar,

Vətən soyan ovçular,

Cibnə həyan ovçular.

 

Ovçu ormanda olar,

Quş vurar, ocaq qalar,

Təbiətdən zövq alar,

Çadırda məskən salar,

Bizdə səhv düşüb yeri,

Uzun illərdən bəri,

Vəzifə kürsüləri

Üzlərinə açılar,

Nəfsi bəyan ovçular,

Cibnə həyan ovçular.

                                        03.11.2016

Şirinxanım Kərimbəyli Şadiman