Вы просматриваете: Главная > Şeirlər > GECƏLƏRİN SÜKUTUNU ÇOX SEVİRƏM…

GECƏLƏRİN SÜKUTUNU ÇOX SEVİRƏM…

 

Gecələrin sükutunu çox sevirəm…
Orda qəlbin ağrıması,
Orda ruhun bağırması,
Orda gözün yola düşüb yol getməsi,
Orda xəyal çeşməsi var,
Orda canın təlatümə düşməsi var…
Orda ağlın dincəlməsi,
Orda qəmin incəlməsi,
Orda həyat nişanəsi,
Orda təbin pərvanəsi,
Hey dolanır qərib-qərib can başına,
Hərdən batır bəbəklərdə göz yaşına.
Gecələrin sükutunun hücrəsi var,
Mənə düşən otağı dar.
Duyğularım bu otağın tavanında qaçışırlar,
Kəpənəktək səssiz-səssiz uçuşurlar.
Şirin-şirin hekayətlər danışırlar,
Mələklərtək bir-biriylə yarışırlar.
Əlim gəlmir səssizliyi tez devirəm,
Bu kiçikcik varlığları üzü üstə mən çevirəm.
Budur bəxtə düşən çevrəm…
Gecələrin sükutunu çox sevirəm…
Gecələrin sükutunu çox sevirəm.

18.08.2012
Şirinxanım Kərimbəyli ŞADİMAN