Вы просматриваете: Главная > Şeirlər > DƏRD

DƏRD

Elə doğulandan giririk dərdə,

Gah mərdə dönürük, gah da namərdə,

Dərd yıxır, dağidır dirəyimizi,

O yeyir icərdən ürəyimizi.

Dünyada hər şeyin səbəbi dərddi,

Bəşər qarşısında səddi, sərhəddi.

Hərə öz dərdindən əriyir şamtək,

Alır sinələri o bir axşamtək.

Varlnıın canını qorumaq dərdi,

Yığdığin birbəbir arımaq dərdi.

Qızın ər evində yarımaq dərdi,

Ya ata evində qarımaq dərdi.

Oglanın ev dərdi, pul-para dərdi…

Ürəyə vurulan hər yara dərdi.

Çoxunun şan-şərəf, ucalmaq dərdi,

Şöhrətə çatanda qocalmaq dərdi.

Atanın, ananın övlad vəfası,

Böyütmək, yerbəyer etmək cafası.

Övladın ataya, anaya borcu,

Bu bağlılıqların görünmür ucu….

Bəxtinə səadət gətirmək dərdi,

Sonradan onu da itirmək dərdi.

Dərdlər xırda-xırda, dərdlər birbəbir,

Bizi ürəyindən keçirən xəlbir.

İşqal altda olan torpagın dərdi,

Yağıya alçalmış papağın dərdi.

Dildən məcbur çxan yalanın dərdi,

Haqqı misqal-misqal talanın dərdi,

Dünyanı dolaşan zülümlər dərdi,

Vaxtı bilinməyən ölümlər dərdi.

Ev dərdi, iş dərdi, çay-çörək dərdi,

Həyat axınında bir dirək dərdi,

Çox vaxt başımızın boy atıb dərdi,

İçdə çiçəkləyən ümidi dərdi.

Tapa bilərsizmi dərdsiz bir ürək?

Onu da xəlvəti əyməsin fələk!

Dərdlər sinəmizi tapır sel təki,

Sonra da orada çapır yel təki,

Dönür içimizdə, sanki fəryada,

Yandırır ürəyi, sinəni oda,

Zəngin də, kasıb da onun əsiri,

Bəlkə o Allahın açılmaz sirri,

Verdi ömürləri büsbütün bada,

Heç dərddən qurtulan varmı dünyada?!…

30-31.01.2001