SƏBRİM ÇATMAYIR
Ağrım qol götürüb oynayır mənə,
Bu haray-həşirə gözüm yatmayır.
Bütün yamanlıqlar qaynayır mənə,
Daha bu dünyaya səbrim çatmayır,
Səhərim açılır gün döyüşüdü,
İnsanın ağlında kin döyüşüdü,
Allahı şərləyən din döyüşüdü,
Daha bu dünyaya səbrim çatmayır.
Yerlərdən göylərə zülm hayqırır,
Ürək parçalanır,dilim hayqırır,
Qəlbim ocaq çatıb, külüm hayqırır,
Daha bu dünyaya səbrim çatmayır.
Şeytanla insanın bir ibadəti,
Haqqı yamanlamaq vicdan adəti,
Budurmu bəşərin can səadəti?
Daha bu dünyaya səbrim çatmayır.
Fikirlər öcəşir haray içində,
Günlərin möhnəti hər ay içində,
Ağıl xofa düşüb toy-vay içində,
Daha bu dünyaya səbrim çatmayır.
Bir görən yoxdurmu can üzən ahı?
Zülmətin bağrından qopan sabahı,
Bir kimsə bilməyir içdə günahı?
Daha bu dünyaya səbrim çatmayır.
08. 02. 2006
Şirinxanım Kərimbəyli Şadiman