GÖZÜNDƏN YAŞI TÖKÜR DÜNYA
Gecənin üzü yaman qara,
İçimdən qopan aman qara,
Ömrü sovuran zaman qara,
Qaranı ağa bükür dünya,
Gözündən yaşı tökür dünya.
Heyrət dondurub həyatımı,
Anlar titrədir saatımı,
Çapır taleyim can atımı,
Qəm ayağına çökür dünya,
Gözündən yaşı tökür dünya.
Qəmə qısılıb qaldım, eyvah,
Haqdan asılıb qaldım, eyvah,
Dərdi sinəmə saldım, eyvah
Aha sinəsin sökür dünya,
Gözündən yaşı tökür dünya.
Könül damına qəsirim var,
Damın içində həsirim var,
Ona deyəcək bir sirim var,
Bəşərin ağrısın çəkir dünya,
Gözündən yaşı tökür dünya.
Qurduna quzu biş-düşüdür,
Göydə ulduzu can üşüdür,
Ömrü doğrayan zaman işidir,
İnsanla dolu məkir, dünya,
Gözündən yaşı tökür dünya.
15. 03. 2003
Şirin xanım Kərimbəyli Şadiman