Вы просматриваете: Главная > Məqalələr > VİCDANDAN MÜKAFAT ALAN ŞAİR

VİCDANDAN MÜKAFAT ALAN ŞAİR

VİCDANDAN MÜKAFAT 

                

     Ömür  elə  çağlar  çeşmədir  ki, onun  sızıltıları  zaman  dolayları  içində  itib  batır. Bu sızıltıların  ağrı-acısını  ağılla  dərk  edib  qəlblə  anlayanlar  isə  birbaşa  sənətlə  bağlı insanlardır. Onlar  sənətin  hansı  sahəsində  olurlarsa  olsun  bir  an  belə  həyatları  boyu rahatlıq  tapmırlar. Ömürləri  uzunu  çalışırlar, çarpışırlar,  bu  həyatla  vidalaşana  qədər, Haqqın  onlara  göndərdiyi  ömür  rübabının  simlərinin  son  şərqisi  susana qədər…  Söz  adamları  isə  zaman  çeşməsindən  doğan  şırıltıların  ürəklərində  şırımlar  açmış  qullarıdır. Onlar  mənsub  olduğu  xalqın, millətin  kağız  üzərindən  Rəbbinə  ismarlanmış  danışan  dilidir! Bu  dil  susanda  millət  ölür, başqa  millətlərin içərisində  əriyib  itir, yoxluğa  düçar olur. Çünki  millətin, xalqın  dili  onun yazarından, şairindən  öc  alır  və  kitablar  içində  vərəq-vərəq  səhifələnir, gələcək nəsillərin  tarix  yaddaşına  ötürülmək üçün… Əgər  yazarın  ilhamı, düşüncəsi millilikdən  öc  alarsa, daha  mükəmməl, daha  kamil  olur  və  millətin  varlığını  bir  dəvə  karvanı  kimi  min  illərə  çəkib  aparır. Bu  dəvə  karvanın  sarvanı  isə  şairlər, yazıçılar, elm  adamlarıdır. Tarix  boyu  çox  şahlar, çox  sultanlar  hökmranlıq  etdi, varidat  yığdı, qalalar, saraylar  yapdı, fəqət  nə  yığdıqları  varidat, nə  də  tikdikləri  qalalar, saraylar  söz  qədər  əbədi  ömür  qazana  bilmədi. Çünki  millətin  kimliyi  onun  söz  ilə, fırçayla, musiqisi  ilə  yaratdığı  ədəbi, bədii  dəyərlərdən  keçir. Hərçənd  ki, sənət  adamının  dəyəri  çox  vaxt  zamanında  verilmir, o, öz  qələmindən  və  vicdanından  mükafat  ala-ala  yazır,  yaradır. Ətrafındakılar  isə  bu  mənəviyyat  ölçüsünün  dəyərini  nəinki  qiymətləndirir, hətta  ona  çox  vaxt  qəh-qəh  çəkib  gülür…Bu  gülüşlər  nə  qədər  acı, nə  qədər  rəzalət  doğrucu  olsa  da  səslənir, göyün – yerin  bağrında  yaralar  açan  qəfil  qopan  tufanlar  kimi…

   Elə yaxın  keçmişimizdə,  keçən  əsrin  əvvəllərində  dahi  Sabirin  başına  gətirilmiş  müsibətlər  bu  qəbildəndir.  Böyük  neft  şəhəri – milyonerlər  yetirmiş  Bakıda  bir  nəfər  sözə  qiymət  verən  tapılmadı  ki,  dahi  şair  sağlığında  öz  kitabının  çapını  görsün… Ona  görə  tapılmadı  ki,  Mirzə  Ələkbər  Sabir  sözün  düzünü  yazırdı,  nə  qədər  acı  olsa  da  qəflət  və  cəhalət  yuxusunda  yatmış  millətinə  şəfa  diləmək  istəyirdi. Tiyanda  sabun  bişirib  övladlarına  çörək  pulu  qazanan  şairin  ciyəri  bu  müsibətlərə  dözmədi, özü  demişkən «şişdi  üzü  qarə  ciyəri» Hətta  doğma  Şamaxısından  didərgin  düşüb  Bakının  Balaxanı  kəndinə  sığındı… Səhv  etmirəmsə,

təbib  və  şair  Abbas  Səhət  dahi  Sabiri  «öz  vicdanından  mükafat  alan  şair»  adlandırırdı…

       Əli  Rza  müəllim, qoy  mübaliğə  kimi  səslənməsin,  mən  sizi  də  «öz  vicdanından  mükafat  alan»  tədqiqatçı  alim,  şair  adlandırıram. Əgər  mənim  maddi  imkanım  olsaydı  «Kredo»ya  maddi  dəstək  olardım. Heyif  ki,  bu  imkanım  xaricindədir. Amma  vaxtaşırı  mənəvi  dəstək  olmağı  özümə  borc  bilirəm. Açığı  etiraf  edim  ki,  heç  «Kredo»dan  başqa  açmağa  qapım  da  yoxdu. Çünki  «Kredo»  kimi  dəyərli  ədəbi  mənbə  istər-istəməz  söz  adamının  bir  maqnit  kimi  özünə  çəkir. Bu  maqnitin  cazibəsindən  isə  həqiqi  dəyərə, ilhama  bağlılar  çıxa  bilmir. Sizin  mənim  sənətimlə  bağlı  yazdığınız «Adı  Şadiman  olan…»  (2009 –cu  il)  kitabınız  tam  mənasıyla  ömrünü  yaradıcılığa  həsr  eləmiş  bir  yazarın  həyat  dastanıdır. Siz  bu  araşdırmanızla  mənim  aşıb  daşan  könlümə  daha  da  qol  qanad  verdiniz. Mən  bu  kitabı  bu  vaxta  qədər  çap  üzü  görmüş  kitablarımın  pasportu  adlandırardım. Siz  bu  pasprotla  mənim  kimliyimi  təsdiq  etdiniz. Bu  kitabda  siz  uşaqlıq  illərindən  xəyalımda  unudulmaz  izlər  qoymuş  doğulduğum  kəndim  Tağayla  bağlı  «Tağayım» poemasına  xüsusi  önəm  vermisiniz. Siz  bir  bənna  dəqiqliyi  ilə  əsərdə  bəhs  edən  mövzu  rəngarəngliyini  tutmuş,  təbii  hisslərlə  bədii  və  tənqidi  təhlilin  süzgəcindən  keçirmisiniz.  Əsərdə  adı  çəkilən  tarixi  qala  olan  Çıraqqala  ilə  bağlı  düşüncələriniz  təqdirə  layiqdir. Çünki  əsrlərdən  xəbər  verən  bu  qədim  tarixi  abidə  hal-hazırda  yox  olmaq  təhlükəsi  ilə  üzbəüzdür. Tarixi  abidələrimizin  bir  çoxu  erməni  talan  və  vəhşiliklərinin,  bir  çoxu  isə  öz  biganəliyimizin, laqeydliyimizin  qurbanı  olub  və  olur. Yenilərini  tikib  qurmaq  lazımdır, amma  keçmişini  göz –bəbəyi  kimi  qorumaq  şərti  ilə! Yavaş- yavaş  İçərişəhər  də  öz  qədimliyini  itirmək  təhlükəsi  ilə  üz-əzə  qalıb. İndi  bugün  Bakıda  tarixi  keçmişimizdən  soraq  verən  divarları  qaralmış  binaları  ağartmaqla  məşğuldurlar. Mən  Azərbaycandan  çıxıb  heç  bir  xarici  ölkədə  olmamışam. Amma  xarici  ölkələrin  həyatıyla  bağlı  verlişləri  izləməyi  xoşlayıram. Rusiya  tele-kanallarında  tez-tez  belə  verlişlər  verirlər. Adətən  şəhərlərdə   qədim  binaları  göstərəndə  bu  binaların  divarları  ağ  yox,  qara  olur. Bizdə  əksinə  ağardırlar  ki,  keçmişimizdən  əsər – əlamət  qalmasın. Bir  vaxtlar  tramvaylar,  trolleybuslar  öz  görkəmləri  ilə  paytaxta  xüsusi  yaraşıq  verirdi. Həm  də  ekologiya  baxımından  da  sağlamlığımıza  köməkdarlıq  edirdi. İndi  onların  kökünü  Bakıdan  elə  kəsdilər  ki,  izi-tozu  da  qalmadı. Sonra  da  düşdülər  Bakı  ətrafı  elektrik  qatarlarının  üstünə,  onları  da  demək  olar  ki,  ləğv  ediblər. Bacardı-bacarmadı  hərə  bir  şəxsi  minik  avtomobili  alıb  düşüb  şəhərin  canına ! Əksəriyyəti  də  köhnə! İndi  yazıq  Bakımızda  əməlli-başlı  öksigen  azlığı  yaranıb. Bir  tərəfdən  planlı-plansız  bir-birinə  yapışan  yüksək  mərtəbəli  binalar,  o  biri  tərəfdən  də  havaya  tonlarla  karbon  buraxan  çirkli  maşınlar… Digər  tərəfdən  sürücülük  vəsiqəsini  cibinə  qoyub  sürücülük  haqqında  təsəvvürü  olmayan  başıpozuq  sürücülər. Axır  vaxtlar  Bakı  küləkləri  də  bu  ərazinni  tərk  etməyə  başlayıb. Küləksiz  buludlu  havalar  paytaxtı  cənginə  alıb. Küləksiz  Bakı  oksigensiz  səyyarə  olar,  həyat  burda  dayanar. İyirmi  iki  il  geofizikada  mühəndis  işlədiyimə  yerin  tərki  haqqında  məlumata  malikəm.  İstismarını  başa  vurmuş  Bakı  mədənlərində  salınan  qəsəbələri  görəndə  məni  dəhşət  bürüyür. Neft  mütəxəssisləri  yaxşı  bilirlər  ki, mədənlərdə  qazılmış  hər  bir  neft  quyusu  bugün  istismar  olunmasa  da  hər  an  o  quyularda  qaz  yığılması  ilə  əlaqədər  partlayış  və  ya  neft  fantanı  ola  bilər.  Dənizdən  fərqli  olaraq  quruda  qazılmış  neft  quyuları  dayaz  idi. Adətən  aşağı  qatlarda  qatı  neft layları  yerləşdiyi  üçün  dərinliyləri  istismar  etmək  mümkün  olmurdu. Mən  öz  gözlərimlə  şahidi  olmuşam  ki,  dənizdə  iyirmi-otuz  il  qabaq  istismarı  bitmiş  bir  quyu  yenidən  özbaşına  işə  düşüb  on-on  beş  metr  hundurlüyə  fantan  vurub. Və  yaxud  yüksək  tutumlu  elektrik  xəttlərinin  altında  tikilən  evlər,  adam  baxanda  vahimələnir. Yüksək  tutumlu  elektrik  xəttlərindən  gələn  dalğalar  o  evlərin  sakinlərini  hansı  xəstəliklərə  düçar  etməz? Belə  ərazilərdə  qəsəbələr  yox,  meşə  zolaqları  salmaq  lazım  idi. Görəsən  o  torpaqları  insanlara  satan  can  alverçiləri  o  yerlərdə  tikilən  tiklilərin  gələcəkdə  hansı  fəsadlar  törədə  biləcəyinin  fərqindədirlərmi?!…   İndi  görün  bizim  yaşam  haqqımız  hansı  keçilməz  qalalara  sipərdir? Bu  baxımdan  insanlarımızın  məlumatsızlığı,  savadsızlığı  da  adamın  ürəyini  ağrıdır.  Deyəsən  bizim  insanlarımızın  ən  qatı  düşməni  kitabdır,  mətbutdır. Belə  olmasaydı  bu  barədə  az  da  olsa  məlumatları  olardı,  təhlükəli  yerlərdə  yaşayış  evləri  salmazdılar. Özü  də  salınan  evlər  hərəsi  bir istiqamətə   baxır. Mən  bir  dəfə  bir  xarici  vətəndaşın  dilindən  eşitmişəm  ki, sizə  təkcə  ermənilər  yox,  siz  öz-özünüzə  də  düşmənsiz, belə  olmasaydı  salınan  qəsəbələdə  evləriniz  hamısı  bir  istiqamətə  baxardı,  bir-birinin  əksinə  yox!    Mənə  elə  gəlir  ki,  Avropa  insanı  heç  vaxt  belə  addım  atmazdı,  çünki  onlar  bizdən  çox-çox  məlumatlıdırlar. Yeri  gəlmişkən  bu  dərdləri  sizə  söyləməklə  mətləbdən  uzaq  düşmək  istəmirəm. Qayıdaq  tarixi  abidələrə…

  Tarixi  abidələr  millətin  qədimliyini  təsdiq  edən  əsas  amillərdən  biridir. «Tağayım»  poemasında  bir  misrada  adın  çəkdiyim  Çıraqqalanın  məsud,  məlul  görkəmindən  yana-yana  yazmağınız  bir  söz  adamının  keçmişinə  olan  sonsuz  sevgi  və  məhəbbət  hissinin  mücəssəməsidir. Vətən  sevgisi  övlad, ata, ana, yar,  insan  gözünü  qamaşdıran  var-dövlət  sevgisindən  üstün  olanda  o  millət , o  millətin  tarixi,  mədəni,  ədəbi  dəyərləri,  bütünlüklə  mənəviyyatı  yaşam  haqqı  qazanır, əlbətdə  ki,  doğulduğu  yurdu  ilə  bir  yerdə!  Sizin  « Adı  Şadiman  olan…» əsərinizdə   Vətənə  olan  sevginizi  bariz  şəkildə  duydum  və  dərk  elədim  Allah  bu  sevgini  söz  adamının  əlindən  almasın,  o  cümlədən  sizin…   Siz  mənim  başı  bəlalı, sinəsi  yaralı  Qarabağla  bağlı  şeir  və  poemalarım  barədə  önəmli  təhlillər  verirsiz.

   Bir  çoxları  mənə  sual  verir  ki,  sən  nə  Qarabağda, nə  də  Qərbi  Azərbaycanda    doğulmadın, o  yerləri  tanımadın,  bəs  necə  olub  ki,  o  torpaqlara  bu  qədər  poemalar, şeirlər  həsr  etdin? Bəs  bu  yanğı  səndə   necə  yarandı  ki,  sən  belə  çalxalandın  «Xocalı  Soyqırımı»  poemasını, « Kahada  ölüm  hökmü»  dramını  yazdın? Axı  sən  nə  müharibənin  dəhşətlərini  gördün,  nə  o  yerlərin  sakini  oldun,  bəs  necə  yarandı  bu  yazdıqların?!  Təəüssüflə  qeyd  etməliyəm  ki,  bu  sualları  mənə  sənətdə  olan  şair  və  yazıçılar  ünvanlayıb. Mənə  elə  gəlir ki,  şairə, yazıçıya,  müharibədə  olmaq, o  torpaqlarda   doğulmaq  yox,  Allahın  verdiyi  coşqun  ilham  və  vətəndaşlıq  yanğısı  lazımdır. Bu  iki  duyğu  birləşəndə  xariqələr  yaratmaq  olar. Necə  ki, bu  səpkidə  yazanlarımızın  atəşi  onların  yazdıqlarından  duyulmaqdadır. Əli  Rza  müəllim, siz  «Adı  Şadiman  olan…»  kitabınızda  «Canım  Qarabağ»  şeirimə  elə  təhlil  verdiz  ki,  elə  fikir  və  əqil  süzgəcindən  keçirtdiniz  ki, adam  heyrətlənməyə  bilmir. Şerimizin  mürəkkəb  janırı  sayılan  qəzəllərimə  verdiyiniz  təhlil,  tənqidi  düşüncələriniz   təqdirə  layiqdir. Ustad  sənətkarımız  Ənvər  Nəzərli  ilə  bağlı  yazdığım  maqaləm  barədə  fikir  meyarınız  sənətə  və  sənətkara  verdiyiniz  insani  qiymətinizlə  uzlaşır. «Adı  Şadiman  olan» kitabınız  «Kredo»nun  səhifələrində  bir  ilə  yaxın  çap  olundu, bu  bir  çoxlarını, xüsusi  ilə  özlərini  dahi  sayıb  mənim  yazdıqlarımı  cəfəngiyyat  adlandıranları  çox  qıcıqlandırdı. Hətta  mənim  üzümə  tərs  sillə  kimi  söz  ilə  vurdular  bu  qınaqları… Allahın  verdiyi  ilhamı  vərəqlər  üstünə  tökməyə  nə  var  ki,  ağzıgöyçəklərin  dillərindən  qopub  ürək  yaralayan xətaları  olmaya … Bu  xətalar  zaman-zaman  söz  adamının  yolunda  qayalardan  qopan  nəhəng  daşlar  kimi  dığırlanıb, onu  keçilməzləri  aşıb  keçməyə  məcbur  edib,  bəlkə  elə  nə  yaxşı  ki,  ağzı göyçəklər  var,  yoxsa  nə  yanğı  olardı,  nə  də  yanğı  ilə  aşıb – daşan  ilham…

   Hörmətli,  Əli Rza  müəllim, sizə  minnətdarlıq  hissiylə  bildirmək  istəyirəm  ki, siz  yenidən  heç  bir  təmənna  ummadan  mənim  yaradıcılığıma  müraciət  etmisiniz. Qərbi  azəri  türklərinin  həyatından  bəhs  edən  «Burdan  bir  atlı  keçdi »  poemamı  təhlil  etmək  qərarına  gəldiniz. Mən  poemanı  necə  heyrətlər  içində  duyğulanıb  qələmə  almışdımsa, siz  də  Vətənə  olan  sevgi  və  məhəbbət  hissiylə  ona  təhlil  və  tənqid  etdiniz. Bu  poema  sizi  vəcdə  gətirdi  və  siz  ondan  «Axtala əfsanəsi» adlı  kitab  hasil  etdiniz. Hörmətli  həmkarım, şair,  yazıçı  olmaq  üçün  nə  bizə  xarici  adlar,  nə  də  xarici  məkanlar  lazımdır,  çünki  bizim  özümüzdə  o  qədər  yazılası  və  tarixin  yaddaşına  köçürüləsi  mövzular  var  ki… Nəinki  bizim  özümüzü,  hətta  yazılıb  tərcümə  olunsa  dünya  xalqlarını  vəcdəyə  gətirər. Siz  poemayla  tanış  olandan  sonra  heyrətləndiniz  və  poemanı  təhlil  etmək  barədə  öz  istəyinizi  mənə  bildirdiniz. Açığını  deyim  ki,  heç  vaxt  öz  yazdığlarıma  alüdə  olmamışam, nə  də  onlardan  gəlir  mənbəyi  kimi  istifadə  etməmişəm, bu  sənətə  də  peşə  kimi  baxmamışam. Amma  yazmaq  eşqi  bir  an  məni  tərk  etməyib, nə  orta  məktəbdə,  nə  ali  məktəbdə,  nə  də  sənətimə  yad  olan  geofizikada  mühəndis  işlədiyim  zamanlarda. Mən  tamamilə  yaradıcılıqda  azad  olmuşam  və  heç  zaman  onun  ətəyindən  asılıb  qalmamışam. Sizin  ikinci  dəfə  mənim  yaradıcılığıma  müraciət  etmək  istəyiniz  məni  sonsuz  dərəcədə  duyğulandırdı. Allahıma  şükürlər  etdim  ki,  nə  yaxşı  siz  varsız,  «Kredo» var. Mənim  kimi  sayılmayanların,  diqqətdən  kənarda  qalanların  ümid  yerinə,  dayaq  qalasına  çevrildiniz. Allah  sizi  kimi  qeyrətli  kişilərimizi  nəzər-diqqətində  saxlasın,  həmişə  ilhamla  olasız. İlhamınız  sizi  bir  an da  belə  tərk  etməsin.

    İndi  sizə  və  istəkli  oxucularıma  Sizin  könlünüzü  ehtizaza  gətirən  «Burdan  bir  atlı  keçdi»  poemasının  yaranması  səbəblərini  açıqlamaq  istəyirəm. Mən  1985-ci  ildən  «Neft  Daşları»nda  Geofizika  idarəsində  mühəndis  peşəsində  çalışırdım. (Baxmayaraq Bakı  Universitetinin  hümanitar  fakültəsini  bitirmişdim, bu  peşəni  təcrübəylə  əxz  etmişdim.) Bir  gün  bizim  idarəyə  Məmməd  adlı  bir  mühəndis  gəldi. O, əslən  qərbi  azərbaycandan  idi. Yəni  indiki  Ermənistan  dediyimiz  dövlətin  vətəndaşlarından  biri  idi. 1988-ci il  hadisələrindən  sonra  onun da  əhli-əyalı  ordan köç  edib, yəni  əzəli  vətən  torpaqlarını  tərk  etmək  məcburiyyətində  qalıb. O,  Axtala  adlı  yurdunda  qoyub  gəldiyi  təzəcə  tikdiyi  evindən,  atasının  iki  qatlı  imarətindən, buz  bulaqlardan, yaylaqlardan,  meşələrdən  yana-yana  mənə  nəql  edirdi, həmişə  deyirdi  ki,  biz  yiyəsiz  olduq,  əzəli  vətənimizi  yağıya  ərmağan  etdik. O  deyirdi  ki, Mən  Neft  Akademyasını  bitirib  öz  kəndimə  qayıtmışdım.  Oradakı  filiz  yataqlarında  işləmək  fikrində  idim,  evi  yıxılmışlar  təzə  tikdiyim  evimdə  qoymadılar  bir  gündə  yaşayım, heç  evin  divarlarının  suvaqları  qurumamışdı,  əfsus  ki, erməni  xainlərinə  qismət  oldu. O  mənim  1991-ci  ildə  işıq  üzü  görmüş  «Ürək  niyə  ağrıyırsan?»  kitabımla  tanış  idi. Mən  həmişə  iş  bitdikdən  sonra  öz  yaradıcılığımla  məşğul  olurdum,  könlümü  titrədən,  məni  riqqətə  gətirən  duyğuları  kağızlar  üstünə  tökürdüm. Bir  gün  o , ata  babası  Vəliyev  Qasım  Hüseyn oğlu barədə  məni  hədsiz  dərəcədə  həyacanlandırıb  heyrətə  salmış  və  əlimə  qələm  alıb  poema  yazmağa  məcbur  etmiş  bir  hadisəni  nəql  etdi. O  özüdə  gözləmirdi  ki,  bu  sonradan  hansısa  bir  poemanın  mövzusuna  çevrilə  bilər. O, dedi  ki, siz  bizi  qorxaq  saymayın  ki, biz  hamımız  ordan  çıxıb  qaçdıq, biz  qorxaq  deyilik, biz  Ermənistanın  vətəndaşı  idik,  əlimizdə  nə  top  var  idi,  nə  tüfəng. Əslinə  baxsan  ermənilər  özləri  də  rusun  və  xarici  havadarlarının  çaldığı  ilə  oynayan,  iki  yüz  ildi  beyinləri  zəhərlənmiş  bədbəxtlərdir. Heç  vaxt  onların  nə  tarixi  vətəni,  nə  tarixi  torpağı  olub. Sadəcə  olaraq  ruslar  türk  millətinə  qarşı  onları  sipər  kimi  işlədib  və  bu  gün  də  onlar  bu  tələnin  içindədir. Vallah  hesab  aparılsa  indi  orda  heç  bir  milyon  erməni  yoxdur, Çünki  hadisələr  başlayanda  bu  oyundan  qaçan  ermənilər  də  evlərini  dəyər-dəyməzinə  satıb  oranı  tərk  edirdilər. Çünki  bu  torpaq  heç  zaman  onların  tarixi  vətəni  olmayıb. Dünyanın  harasına  baxsan  orda  erməni  taparsan, əslən  onlar  qarıçı  qövümüdür. Bu  gün  alban  əlifbasını,  alban  dinini  mənimsəmiş  ermənilərin  kimliyini  özlərindən  başqa  bilən  yoxdu. Onlar  daima  bizim  qap-bacamızda  işləyərdi. Hadisələr  başlayanda  bizim  kəndimizə  də  haradansa  saqqallılar  axışmağa  başladılar. Yerli  ermənilər özləri  də  onları  tanımırdılar. Biz  oradan  köç  edib  çıxanda  yetmiş  beş  yaşlı  babam  da  güclə, zorla  yığışdı,  heç  çıxmaq  istəmirdi  yurdundan…Evindən  heç  nə  götürməmiş  kəndi  tərk  etdi.  Altı  ay  idi  bizi  Xızıya  yerələşdirmişdilər, o  vaxt  bizimkilər  Qarabağda  məskunlaşmaq  istəyirdi,  amma  o  zaman  ki,  hakimiyyət,  kürsü  düşgünləri  buna  icazə  vermədi. Çox  təəssüf,  biz  həmişə  etdiyimiz  səhvlərə  görə  sonradan  başımıza  döyürük, onda  da  gec  olur.  O  zaman  da  belə  oldu. Amma  köç  gələndən  altı  ay  sonra  babam  novruz qabağı  qarısı  Tükəzban  nənəmi  götürüb  Axtalaya, düşmən  içinə  qayıtdı. Düz  altı  ay  düşmən  içində  qaldı, hətta  məktəb  yaşlı  əmim  oğlunu  da  özüylə  bərabər  aparmışdı. Orda  qaldığı  müddətdə  bostan  əkdi,  mer-meyvə  yığdı. Saqqalılar  azğınlaşanda  babamın  tanışlarından  biri  yerli  erməni  onu  köçü  ilə  birlikdə  sərhəddən  Gürcüstan  tərəfə  yola  salmışdı. O,   Xızıya  qayıtdıqdan  sonra  xərçəng  xəstəliyindən  dünyasını  dəyişdi. Bu  ağır  xəstəliyə  tutulmağının  səbəbi  onun  yurd  həsrəti  idi. İş  yoldaşımın  babası  haqqında  söydədiyi,  həm  ürək  parçalayan,  həm  insan  mənliyini, ləyaqətini  riqqətə  gətinən  acı  hekayət  mənim  könlümdə  fırtınalar  yaratdı. Mən  qərbi  azərbaycanlı  Məmməd  qardaşımdan  yaşadıqları  yer – yurd  adlarını  birər-birər  sorub  kağıza  yazdım, sonra  bir  günün  içində  o  ər  oğlu, el  arasında  Köndüoğlu  ayaması  ilə  tanınmış  Axtalalı  Qasım  kişinin  şərəfinə  «Burdan  bir  atlı  keçdi»  poemasını  yazdım. Poema  hasil  olanda  Məmməd  heyrətdə  qalmışdı, dedi  ki,  o  qədər  təsirli  çıxıb  ki,  elə  bil  sən  də  o  torpaqlarda  doğulmusan. Bəlkə  sənin  də  əslin  oralara  gedib  çıxır,  bu  qədər  yanğı  ilə  yazdın  bu  əsəri. Dedim  yox,  qardaş,  mənim  əsli – köküm   Bakınn  yüz  kilometrliyində  şimal  hissədə  yerləşən  Siyəzəndəndir. Vətən  eşqi  olan  yerdə  nə  tayfa, nə  bölgə?! Bizim  bir  Vətənimiz  var  o  da  başı  bəlalı  Azərbaycandır,  onun  nə  şimalı, nə  şərqi,  nə  qərbi,  nə  cənubu?  Təki  içində  Vətən  eşqi,  millət  təssübkeşliyi  olsun,  bir  də  yeri – göyü  titrədən  ilham  olsun. Amma  çox  təəssüflər  olsun  ki,  mən  bu  poemanı  onun  ölmündən  sonra  qələmə  almışam.  Çünki  Məmməd  bizim  idarəyə  gələndə  artıq  babası  Köndüoğlü  Qasım  kişi  dünyasını  dəyişmişdi. Mən  Köndüoğlunun  mərdliyindən,  cəsurluğundan  qürurlandım, bü  gün  də  o  ər  kişinin  ruhu  qarşısında  baş  əyirəm! Altı  ay  düşmən  dövlətin  içinə  gedəsən  və  bu  günlər  ərzində  yağı  əhatəsində  yaşayasan, bəs  bu  kişinin  qurd  ürəyinə  necə  vurulmayasan?!.. İnanıram  ki,  əldən  çıxmış  Vətən  torpaqları  gec-tez  öz  doğma  sakinlərinin  ixtiyarına  veriləcək. Atalar  demişkən  «haqq  nazilər, üzülməz» . Mən  də  bu  bağlılıqların  üzülməyəcəyinə  əminəm , bu  gün  biz  yaşlı  insanlar  bunu  görməsək  də  gələcək  nəsillər  bunun  şahidi  olacaq.

    Əli Rza  müəllim, özünüzün  dilə  gətirdiyi  kimi  mən  «Burdan  bir  atlı  keçdi»  sizin    «Axtala  əfsanəsi»  adlandırırdığınız  poemamı  yanğı  ilə  qələmə  aldım.  Siz  də  elə  həmən  yanğı  və  ilhamla,  bir  zərgər  dəqiqliyi  ilə,  yüksək  sənətkarlıqla  onu  təhlil  etdiz. Bu  sənətkarlıq  önündə  adam  həyacanlanmaya  bilmir. Allahıma  şükürlər  edirəm  ki, yaradıcılığım  sizin  diqqətinizi  cəlb  etdi. Çünki  siz  təhlil  etdiyiniz  hər  bir  əsərə, mübaliğəsiz  deyərdim  ki,  ikili  ömür  bəxş  edirsiniz. Sanki  oxucuları  biganəlikdən  ayılmağa  səsləyirsiz. Bu  gün  bizim  torpağımızın  yaralarından  qan  sızır, amma  biz  efirimizdə  səhərdən  axşamadək  bayağı,  boğazdan  yuxarı  kəlmələrin,  adamda  ikrah  hissi  doğuran  şit-şit  verlişlərin  şahidi  oluruq. Sanki  bu  ölkənin  torpaqları  işğal  altında  deyil, ekranda  dəyərli, insanı  hünərə,  vətənpərvərliyə  səsləyən  proqramlar  yox  dərəcəsindədir. Biz  bunu  nə  şəhər  küçələrində  asılan  reklamlarda, nə  də  adamlarımızın  üzündə  hiss  etmirik. Ölkəmizə  təşrif  buyuran  xarici  qonaqlar  da  yəqin  ki,  bu  milləti  iyirmi  faiz  torpağı  işğal  altında  olan  xalqa  bənzətməz. Ekranımızı,  efirimizi  müğənnilər  işğal  edib,  çoxunun  da  səsinə  yox,  ancaq  geyminə  tamaşa  etməli  olursan. Çünki  səs  əvəzinə  paltar  nümayiş  etdirirlər.   

  Müharibə  mövzusundan  söz  düşmüşkən  onu  da  sizin  nəzər-diqqətinizə  çatdırmaq  istəyirəm  ki,  kifayət  qədər  tanınmış,  ad  almış  şair  və  yazıçılardan  həm  efir  vasitəsi  ilə, həm  də  təqdimat  yığıncaqlarında  təmasda  olarkən  eşitmişəm  ki, bu  mövzuda  qan-qırğın  gedən  zamanı  yazmaq  olmaz. İyirmi  il, otuz  il  keçər  sonra  bu  hadisələr  qələmə  alınar,  yoxsa  bir  çox  yanlışlıqlar  ola  bilər. Xalqımızın  bir  atalar  məsəlində  deyilir: «Dəmiri  isti-isti  döyərlər.» Fikirimizcə  yaradıcı  adamlar  hadisələri  isti-isti  qələmə  almalıdırlar. Çünki  biz  işğala  məruz  qalmış  xalqıq, işğal  etmiş  yox! On  ildən, iyirmi  ildən  sonra  isə  qoy  alimlər,  tənqidçilər  təhlil  etsinlər. İstəkli  oxucular, bir  məsələni  də  sizin  diqqətinizə  yönəltmək  istəyirəm  ki, yaratdığım surətlər  bizimlə  eyni  zaman  kəsiyində  yaşayan  insanlar  olub, bir  çoxu  dünyasın  dəyişib  haqq  dünyasına  qovuşub, bir  çoxu  isə  allah  verən  ömrün  yaşayır.     

  Siz  isə,  Əli Rza  müəllim, yenidən  mənim  yaradıcılığıma  müraciət  etməklə,  əsir  torpaqlarımızdan  bəhs  edən  « Burdan bir atlı keçdi» poemasına  qayıtmaqla,  bu  əsərdən  «Axtala  əfsanəsi»  adlı  ədəbi, tənqidi  kitab  yazmaqla  bir  daha  o  ər  kişinin  ruhunu  şad  etmiş  oldunuz. Əhsən,  sizin  alim  təxəyyülünüzə,  vətəndaşlıq  qeyrətinizə…! Nə  yaxşı  ki,  Köndüoğlu  kimi  ər  kişilərimiz,  sizin  təki  istedadlı  söz  fədadilərimiz  var. Deməli  Vətən  yaşayacaq,  millət  yaşayacaq.  Bu  yaşam  içindən  boylanan  fidan  körpələrimizin  canı  sağ  olsun, onlar  sabah  qudrətli  Azərbaycanımızın  qeyrətli  igidləri  olacaqlar,  igidləri  olan  Vətən  basılmaz,  övladları  özgə  künclərinə  qısılmaz.

       Sizə  isə  deyirik,  ey  qələm  əhli,  ey  özünü  şair,  yazıçı  timsalında  görən  soydaşlar,  yazıb- yaratmaq  üçün  millətdən  qaçıb  gizlənib  kabinetlərə  yar  olmaq  yox,  xalqın  içinə  getmək,  onun  halı – əhvalını  sormaq,  onunla  təmasda  olmaq  vacibdır. Nə  Avropa  sayağı  yazmaq, nə  də  əcnəbi  adlar  işlətmək  lazımdır,  dünyavi  şair  və  yazıçı  olmaq  istəyirsizsə  elə  bu  Vətəndən, bu  millətdən  onun  şirin,  həzin  diliylə  ilhamını  cilalaya-cilalaya  dərdlərini  vərəq-vərəq  kitablara  köçürt, onda  həm  öz  məmləkətinin,  həm  də  dünyanın  yaddaşında  qalarsan…

 

  11.04.2010 Pirallahı