Вы просматриваете: Главная > Məqalələr > “MƏN BİR ZİYALI KİMİ…”

“MƏN BİR ZİYALI KİMİ…”

                         «MƏN BİR ZİYALI KİMİ…»

Bir ara tez-tez təqdimat mərasimlərinə gedirdim. Evə gələndə isə tam xəstə vəziyyətinə düşürdüm. Qan təzyiqim gah yuxarı qalxırdı, necə deyərlər əndazəsindən çıxırdı, gah da aşağı düşürdü. El arasında buna deyirlər ki, təzyiq oynayır. Beləliklə ürəkdə əməlli-başlı ağrılar başlayırdı. Səbəbini öz-özümüçin yavaş-yavaş aydınlaşdırmağa başladım. Deməmişkən mənim təqdimat mərasimlərində halımın pis olmasının səbəbi boğazdan yuxarı təriflər, kitabın içərisi ilə tanış olmamış üzgörəli çıxışlar, yerinə düşməyən alqışlar, tə‘nəli, tə‘nəsiz baxışlar əməllibaşlı səhhətimə pis təsir edirmiş. Bir ay öncənin sözüdür,  yenə də bir mötəbər təqdimat mərasiminə necə deyərlər dəvət etmişdilər getmişdim. Mərasimin aparıcılığı həvalə olunmuş məşhur bir şəxs nitqinə bu cümlələrlə başladı. «Mən bir ziyalı kimi sizin mütərəqqi yazar olmağınızı çoxdan fərqinə varmışam…» Mən «mən bir ziyalı kimi…» sözünü eşidən kimi tamamən halım qarışdı. Ay həzarat, bəlkə mən düz fikirləşmirəm, siz mənim başıma bir ağıl qoyun. Adam da öz-özünə ziyalı deyər? Ziyalı sözü insanın gördüyü xeyirxah əməllərinə görə, öz işığı, nuru ilə milyonlar içərisində şəfəq saçdığına görə xalqın fərqli şəxslər barədə işlətdiyi deyimdir. Gəlin ziya sözünün mənşəyinə diqqət yetirək. Ziya sözü digər ərəb mənşəli sözləri  kimi dilmizdə sənədləşmiş sözlərdəndir. Mənası işıq, aydınlıq, nur deməkdir. Bax həmin ziya sözündən də ziyalı sözü yaranıb və bizim dilimizdə  sevimli sözlərdən birinə çevrilib. Amma bizim institut qurtarmış bəzi-bəzi adamlarımız elə bilir ki, əgər ali təhsillidir, deməli o ziyalıdır. Axı bu belə deyil, ay soydaşlar, ziyalılıq mərtəbəsinə qalxmaq üçün sən ruhən ziyanın içində olmalısan. Və nurunla ətrafdakıları, yaxını, yadı, qonumu, qonşunu ziyaya boyamalısan. Amma bizim ali təhsilli insanlarımızın dilində «Mən bir ziyalı kimi…» sözü «müəllim» sözünü geridə qoyub. Axır vaxtlar qulaqlarım qabar çalıb bu sözü eşitməkdən…

Deyirlər: Söz sözü gətirər, elə mən də ziyalı deyiminə tapınıb, uzaq keçmişdə qalmış uşaqlıq günlərimin kiçik bir xatiratını sizin üçün nəql etmək istəyirəm. Bizim kənddə Səfurə adında bir qadın var idi. Atamın əmisinin həyat yoldaşı idi. Bəxtəvər günlərinin bəy xanımı olmuşdu. O dağ kəndlərinin birindən bizim kəndə gəlin köçmüşdü. Sovetin vurhavur vaxtında ərini, oğlunu itirmişdi. Amma ruhən deyib-gülən, folklorumuzdan başı çıxan, dilindən bayatılar düşməyən bir xanım idi. El arasında belə insanlara «sinədəftər» deyirlər. Kənddə təzə doğulan uşaqları dünyaya gətirməkdən tutmuş, qadın yas məclislərinin aparılmasına qədər hər işə yarayırdı. El arasında arabir baş verən dava-dalaşlarda o sülh carçısı rolunu oynayırdı. Bir sözlə bu qadın ölənə qədər nur, aydınlıq rəmzi idi. Aləmə işıq saçırdı. Bütün kənd böyüklü-kiçikli onu dostu deyə çağırırdı. Halbuki o bu kənddə heç kimə qan qohum deyildi. Amma hamı onu öz əzizlərindən artıq sayırdı. Bu qadın heç bir təhsil görməmişdi, amma öz ziyası ilə aləmə nur saçırdı…70-ci illərdə dünyasını dəyişmiş bu qadını tanıyıb-bilənlər rəhmətlə anır…

Cəmiyyətimizdə əyər-əskiklərin baş alıb getdiyi, işğalda inləyən torpaqlarımız haray qopartdığı bir məqamda indi həqiqi ziyalı sözünə ehtiyac duyur insanlarımız. Amma bizim cəmiyyətimizdə boğazdan yuxarı təriflər aləmi başına götürüb. İş o yerə gəlib çıxıb ki, adam öz-özünə ziyalı deyir. Bəs görəsən özünə ziyalı deyən şəxs haqqında başqaları nə fikirləşir? Burda, möhtərəm oxucular, böyük bir sual meydana çıxır. Və bu salın cavabını siz istəkli oxuculardan sormaq istəyirəm. Adam da öz-özünə ziyalı deyərmi?.. Hələlik isə salamat qalın. Allah amanında…

19.06.2012