Вы просматриваете: Главная > Şeirlər > Oxu, könlüm

Oxu, könlüm

Oxu, könlüm

Dilə gəldi ürəyimdə duyğular,
Oxu, könlüm, oxu səsin çağlasın.
Məhəbbətdən sehirləşir uyğular,
Oxu, könlüm, qaranlıqlar ağlasın,
Oxu, könlüm, oxu səsin çağlasın.

Bir tənimdi, bir ruhumdu, bir də sən,
Söylə mənə ya göydə, ya yerdəsən?
Öt bülbültək, əyilmə heç dərdə sən,
Oxu, könlüm, nəş’ə qəmi dağlasın.
Oxu, könlüm, oxu səsin çağlasın.

Səndən əziz, səndən pünhan kimim var?
Təbim adlı dəryalarda gəmim var,
Ürək telin əsdirən bir dəmim var,
Oxu, könlüm, haqq şər yolun bağlasın,
Oxu, könlüm, oxu səsin çağlasın.

Mən səninlə ilhamıma yetmişəm,
Dərin-dərin fəzalarda ötmüşəm,
Ulduzların arasında itmişəm,
Oxu, könlüm, vaxt sənə əhd bağlasın,
Oxu, könlüm, oxu səsin çağlasın.

Əzəldən gündən candı möhnət yuvası,
Ona məlhəm İlahinin duvası,
Getməz başdan eşq, məhəbbət havası,
Oxu, könlüm, xeyr şəri dağlasın,
Oxu, könlüm, oxu səsin çağlasın.

Şadimanı məmnun etdi diləyin,
İlham adlı o şahanə mələyin,
Sevdasından doğulmusan fələyin,
Oxu, könlüm, təb misranı bağlasın,
Oxu, könlüm, oxu səsin çağlasın.
13. 09. 2003
Şirin Xanım Kərimbəyli Şadiman