Вы просматриваете: Главная > Şeirlər >

DAŞ EYLƏ, ALLAH

Son qoy bu dünyanın matəmlərinə,
Hər zülmün yuvasın faş eylə, Allah.
Ya dözmə nadanın sitəmlərinə,
Ya mənim könlümü daş eylə, Allah.

Sonu axşam olur gələn gündüzün,
Hiylələr bürüyüb, vallah Yer üzün,
Ya çiçəktək açdır sevincin üzün,
Ya mənim könlümü daş eylə, Allah.

Hər tərəfdə ağrı, hər tərəfdə ac,
Şərəfli, şərəfsiz başa qoyur tac,
Ya gəl bu dərdlərə bir yol et əlac,
Ya mənim könlümü daş eylə, Allah.

Görəndə körpə¬nin dərdi dağ boyda,
Əyilir fəraqdan Günəş də, Ay da,
Ya bu Yer üzünə qoy qanun, qayda,
Ya mənim könlümü daş eylə, Allah.

Dilsiz ağacların kəsilir başı,
Satılır çox yurdun torpağı, daşı,
Ya vicdan qulu et bədəndə başı,
Ya mənim könlümü daş eylə, Allah.
9.05.2000
Şirinxanım Kərimbəyli Şadiman