Вы просматриваете: Главная > Şeirlər > DAĞDAN AĞIR OLUR

DAĞDAN AĞIR OLUR

Bəzən ümid dönür gərəyimizə,
Fikir dənizində qəlb təklənəndə.
Allah, yumruq boyda ürəyimizə
Dağdan ağır olur dərd yüklənəndə.

Diləklər, arzular verir baş-başa,
Həzin xatirəyə dönür ötən gün.
Həyat səhnəsində anlar tamaşa,
Hər alın yazısı həm yas, həm düyün.

Bəşərin taleyi ağaca bənzər,
Yarpağı saralır payız yetəndə.
Nə qədər qiymətli libas olsa zər
Əvəzi ağ olur ömür bitəndə.

Çəkir ürəklərin tale yükünü,
Gah zirvəyə qalxır, gah enir ağıl.
Fələk soyundursa o can kürkünü,
Həyat da, zaman da, ömür də nağıl.

İlahi, nədir ki, cana tay olan?
Dəyəri ölçülmür heç neylə onun.
Madam ki, yoxdursa axıra qalan-
Bəs niyə dərk etmir bir kimsə sonun?!..

Bəzən ümid dönür gərəyimizə,
Fikir dənizində qəlb təklənəndə.
Allah, yumruq boyda ürəyimizə-
Dağdan ağır olur dərd yüklənəndə!..
25.04.1997
Şirin Xanım Kərimbəyli Şadiman