BU PAYIZ QIŞA BƏNZƏYİR
Buludlar qara geyinir,
Gözlərdə yaşa bənzəyir.
Bilmirsən niyə öyünür?
Bu payız qışa bənzəyir.
Buludu şimşək yaradır,
Baxırsan üzü qaradır,
Köz tutub, qəlbi yaradır,
Bu payız qışa bənzəyir.
Gündüzü zülmətə çəkir,
Günəşi xəlvətə çəkir,
Özünü hiddətə çəkir,
Bu payız qışa bənzəyir.
Ocağı vaxtsız qaladır,
Xəzrini çöldə uladır,
Yağdırır zığa buladır,
Bu payız qışa bənzəyir.
Soyuğu üşüdür canı,
Üstünə salıb yorğanı,
Havası acı soğanı,
Bu payız qışa bənzəyir.
Halıma zəhəri qatıb,
Ruhuma qəhəri qatıb,
Şaxtanı belinə çatıb,
Bu payız qışa bənzəyir.
Şirini candan bezdirir,
Gürşada salıb üzdürür,
Əlində tufan gəzdirir,
Bu payız qışa bənzəyir.
25.10.2016
Şirin Xanım Kərimbəyli Şadiman