Вы просматриваете: Главная > Şeirlər > PEŞİMAN

PEŞİMAN

Acılar könlümdə qübara dönüb,
Bir anlıq sevincim nübara dönüb,
Bəxtim, səadətim dübarə dönüb,
Görmədim çoxunda əqidə, iman,
Doğulan peşiman, ölən peşiman.

Dünyanın acısı-şirini zəhər,
Boğur həyatımı büsbütün qəhər,
Zaman da dördnala çapan bir kəhər…
Alır əlimizdən anları yaman,
Doğulan peşiman, ölən peşiman.

Göyün yeddi qatı sirli bir kaha,
Milyonlar öldürür naləyə, aha,
Gah toydu, gah yasdı, eyvah sabaha,
Yolur saçlarını əlində zaman,
Doğulan peşiman, ölən peşiman.

Ərəsat gününü bir düşünən yox,
Mini ac yaşayır, biri isə tox,
Dünyanın dəlisi bilənindən çox,
Heç kəs düşünməyir axirət divan…
Doğulan peşiman, ölən peşiman.

Hərə günahının yükünə ulaq,
Axır zamanıyçın yanacaq qulaq,
Gözdən axan qanlar min çeşmə, bulaq,
Didir bir-birini sağ ikən insan!
Doğulan peşiman, ölən peşiman.

Vicdan yox, paranın bölgüsü gedir,
Ağılsız başların hörgüsü gedir,
Hər cür alçaqlığın süngüsü gedir,
Büdrəyən, yıxılan, əzilən ümman,
Doğulan peşiman, ölən peşiman.

Bir kimsə bilməyir dünya imtahan,
Pulu-parasıyla şirindi cahan,
Harama, halala çox azdı baxan,
Gözümüz önündə hər günahsız qan,
Doğulan peşiman, ölən peşiman.

Birinin altunu qucağa sığmır,
Biş-düşü min cürə, ocağa sığmır,
Birinin əyalı bucağa sığmır,
Yoxuşu, enişi, örüşü duman,
Doğulan peşiman, ölən peşiman.

Zaman hədələyir bizi ürəklə,
Leysanla, boranla, acı küləklə,
Allahlıq edirik, vallah, fələklə,
Döyür qapımızı ölüm, ah, aman…
Doğulan peşiman, ölən peşiman.

Demə Şadimana, Tanrı, naşıdır,
Dəryalar, çeşmələr gözüm yaşıdır,
Ruhum sənin, cismim Vətən daşıdır!
Əbədi deyildir bəxş etdiyin can,
Doğulan peşiman, ölən peşiman.
19.09.1992

Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.