Вы просматриваете: Главная > Şeirlər > FƏRYADI İÇİNDƏ BATAN TÜRKMƏN

FƏRYADI İÇİNDƏ BATAN TÜRKMƏN

FƏRYADI İÇİNDƏ BATAN TÜRKMƏN

Qəfil acıların içində qaldı,
Mehrini dərdinin özünə saldı,
Dəhşətin, işğalın sorağın aldı,
İraqda taleyi yatan Türkmən,
Fəryadı içində batan Türkmən.

Kərkükü, Mosulu qanlar bürüdü,
Uşağı, böyüyü ölüm sürüdü,
Silahsız yurdlara güllə yürüdü,
Naləsi göylərə çatan Türkmən,
Fəryadı içində batan Türkmən.

Niyə qahmar çıxmır Türk Türkə Allah,
Qopur anaların sinəsindən ah,
Bəs ölən çocuqlar deyilmi günah?
Şəhidinə yası tutan Türkmən,
Fəryadı içində batan Türkmən.

Bəs niyə susubdu ata Türkiyə?
Qulağı ağzında bu səsə, küyə,
Qəzza haraylayır İslamam deyə,
Qanını yurdlara qatan Türkümən,
Fəryadı içində batan Türkmən.

Yurdum Azərbaycan, Türkiyə, haray!
Dolaşır Kərkükü, Ərbili ah-vay,
Meyidlər düzülüb yollara tay-tay,
Ağlayır, hıçqırır VATAN Türkmən,
Fəryadı içində batan Türkmən.

Keçir çadırlarda günləri ağlar,
Dəyir sinələrə sağalmaz dağlar,
Yardımsız, tərəfsiz bitməz bu çağlar,
Qanların içində itən Türkmən,
Fəryadı içində batan Türkmən.

Niyə bir-birinə yağı müsəlman?
Düşüb ayaqlara ağlayır iman,
Kimindir bu günah, kimindir fərman?
Əzablar içində bitən Türkmən,
Fəryadı içində batan Türkmən.

Şadiman, ağlayan ürək susmayır,
Ruhum hönkürtüdə canı asmayır,
Qan töküb, ev yıxan əlin qısmayır,
Canımda ahlarla ötən Türkmən,
Fəryadı içində batan Türkmən.
Fəryadı içində batan Türkmən.
31.07.2014
ŞirinXanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.