YOXDUR HARAYINA
GƏLƏN KƏRKÜKÜN
Əli Kərküklünün «Kərkük
qan ağlayır, Anavətən isə
Qəzza sevdasında»
məqaləsinə ithaf
İndi göylərində güllədi uçan…
Yoxdur harayına gələn Kərkükün.
Varmı ağrısına bir qucaq açan,
Axan göz yaşını silən Kərkükün?!
Hanı naləsinə bir hay deyəni?
Keçib şər əlinə göy at yüyəni,
Uzanan savaşlar bitməzmi yəni?!
Olmazmı üzünə gülən Kərkükün?
Yağı gözün dikib malı-mülkünə,
Bürünüb düşməni hiylə kürkünə,
Tuş gəlib fitnəyə, tuş gəlib kinə,
(Şər toru toxunur bu Ərtürkünə…)
Dinməyir halını bilən Kərkükün.
İraqı batıran qana, qırğına,
Hiyləni qaldırır şeytan dağına,
Kim çatır yurdunun ağlar çağına?
Dərdləri yığılır illən Kərkükün.
O, imdad diləyir türk ellərindən,
Asılıb fəryadı can tellərindən,
Nə gələr köməksiz, tək əllərindən…?
Ağrısı deyilmir dillən Kərkükün.
Türk Türkün halına niyə yanmayır?
Yatdığı yuxudan bir oyanmayır,
Türk, Türk arxasında, heç dayanmayır,
Yurdu yağmalanır ellən Kərkükün.
Qalxın məzarlardan yatmış Sultanlar,
İşğallar altında inlər Vatanlar,
Filin qulağına girib yatanlar –
Gəlir düşmənləri sellən Kərkükün.
Ordusuz, silahsız türkmən neyləsin?
Haqqı saymazlara nə ərz eyləsin?
Çocuq harayların kimə söyləsin?
Naləsi oylanır yellən Kərkükün.
İncidib sıxırlar qaçsınlar yurddan,
Keçir ağrıları lap yeddi qatdan,
Düşüb igidləri daha yel atdan…
Alovu basılır küllən Kərkükün.
Orda sinələri ahla sökürlər,
Başbilənlərini əzib-tökürlər,
Dağların üstünə dağlar çəkirlər,
Ağlayır ürəyi tellən Kərkükün.
Biz niyə birləşə bilmirik, Türklər?
Bir-birin göz yaşın silmirik, Türklər?
Daha öncələrtək gülmürük, Türklər?
Çapmır göy atları çöllən Kərkükün.
Haqq dada yetməsə şərlər qollanar,
Bağlı ayaqları attək nallanar,
Qardaş harayına qardaş yollanar,
Başı sığal tutmur əllən Kərkükün.
Biz də Kərkük təki təkləndik bir vaxt,
Yağı evimizdə qurdu qanlı taxt!
Ayılın, ey Türklər, gözləməyir vaxt…
Qazılır məzarı bellən Kərkükün…
Şadiman, “evlərin dalı yoncadı…”
İndi yoncalıqda min ahı-vaydı,
Bəbəkdən tökülən gurşadı çaydı,
Süzülür göz yaşı göllən Kərkükün.
19.09.2011
Şirin Xanım Kərimbəyli Şadiman