Gəlib keçən aylarına qul oldum,
Ömür adlı əmanətin tutmadı.
Dərdin gəldi, ayağına yol oldum,
Zülmün ilə mərhəmətim tutmadı.
Ürəyimin başın açıb buraxdım,
Yollarına həsrətiylə çox baxdım,
Şimşək təki göylərində mən çaxdım,
Tufanınla əzəmətim tutmadı.
Zamanınla necə tutdum qurşağı,
Məni çırpdı təpəsindən aşağı,
Sandın qəlbi dilbilməz ev uşağı,
Gedişinlə kəramətim tutmadı.
Səadətin gəlib keçdi yanımdan,
Əzabların heç çıxmadı canımdan,
Sellər təki axıb keçdi qanımdan,
Fəğanınla müsibətim tutmadı.
Gecələrin aha döndü otaqda,
Ocaq çatıb atəş qurdu yataqda,
Alov təki dil-dil oldum hər tağda,
Həsrətinlə məhəbbətim tutmadı.
Şadimanı çox oxladın kürəkdən,
Keçirirsən anlarımı ələkdən,
Bunu sənə bəyan edim ürəkdən,
Dünya, sənlə heç ülfətim tutmadı.
01.09.2009
Şirin Xanım Kərimbəyli Şadiman