ŞÜKÜR SƏNƏ, ALLAHIM
Zülmətin qoluzorlu,
Sübhün gözləri nurlu,
Aləm necə qürurlu?
Günəşdən zər saçılır,
Qaranlıqlar qaçılır,
Yenə səhər açılır,
Göydə, yerdə tək şahım,
Şükür sənə, Allahım.
***
Sevda dolu ürəyim,
Coşur min bir diləyim.
Hara büküm-bələyim?
Yandırıb nəfəsimi,
Qırıram qəfəsimi,
Təbdən qopan səsimi,
Etmədin sinə ahım,
Şükür sənə, Allahım.
***
Ağlımın can yuvası,
Başda sevgi havası,
Ürəyimin duası,
Tikir haqqa qəsiri,
Dərgaha bəlli sirri,
Bədən can üstə diri,
Açılır xoş sabahım,
Şükür sənə, Allahım.
***
Bu dünya, dolu dünya,
Yarıdan çoxu röya,
Kim doymaya, kim doya?
Dərd-bəlanı aşıram,
Təblə coşub-daşıram,
Yollar uzun, çaşıram,
Ey hər şeydə pənahım,
Şükür sənə, Allahım.
***
Bu zaman sürətdədir,
Ömür amanətdədir,
Şadiman heyrətdədir,
O böyük qüdrətinə,
O sevmək adətinə,
Bəşər səadətinə,
Səvabdan az günahım,
Şükür sənə, Allahım,
Şükür sənə, Allahım.
29.05.2008
Şirin Xanım Kərimbəyli Şadiman