Вы просматриваете: Главная > Şeirlər > ÇƏKƏNƏ QƏM DÜNYA…

ÇƏKƏNƏ QƏM DÜNYA…

ÇƏKƏNƏ QƏM DÜNYA

Zülüm ərşə bülənddi,
Həyat feildi, fənddi,
Əzrayıl himə bənddi…
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Kiminin yurdu savaş,
Kiminin gözündə yaş,
Kiminin ürəyi daş,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Birinin başda tacı,
Acın puldur amacı,
Yox sabaha əlacı,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Toxun aca rəhmi yox,
Zaman ötür fəhmi yox,
Ölümün də zəhmi yox…
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Göz var min çeşmə doğar,
Göydə buludu sağar,
Selində özün boğar,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Ömür cahana karvan,
Zaman başında sarvan,
Haqqı deyənə divan…
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Bəşər yollar yorğunu,
Zülüm əzər doğrunu,
Başa çəkər oğrunu,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Bir elin gülzarı bol,
Bir elin məzarı bol,
Dünyanın azarı bol,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Minlər qoynunda yatar,
Minlər minini satar,
Şadimanı gəl qutar…
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.
10.05.1994
Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.