Вы просматриваете: Главная > Şeirlər > DÜNYANIN ÜSTÜNƏ  

DÜNYANIN ÜSTÜNƏ  

dunya_uzre_heftenin_en_yaxshi_fotolari________2

 

Hamı düşüb bu dünyanın üstünə,

Yazıq dünya bəd əmələ neyləsin?

Silahları artırırlar qəsdinə,

Yalan deyən zəhər dilə neyləsin?

 

 

İnsan özü yağıdır bir-birinə,

Hiylə qurub çəkilirlər sərinə,

Getdikcə də şər işləyir dərinə,

Qana batan qanlı ələ neyləsin?

 

Yığışmışıq biz dünyanın qoynuna,

O da dözür iblislərin oynuna,

Cəfamızı götürübdü boynuna,

Yurdu batan bədbaxt elə neyləsin?!

 

Hamı söyüb yamanlayır dünyanı,

İndi çoxdu itirənlər həyanı,

Yaxşıların yaxşı ki var həyanı,

Yoxsa dünya gəlməz ələ, neyləsin?

 

Dörd tərəfi bəndələrin savaşı,

Haqq qanmayan adam onun əyyaşı,

Yurdlar viran, uçurulur dam-daşı

Gözdən axan qanlı selə neyləsin?

 

Dünya bəndə vuruşuyla dağılır,

Bezir daha, lap boğaza yığılır,

Adam əhli öz qanında boğulur,

Yaranışdan insan belə, neyləsin?

06.08.2016

Şirin Xanın Kərimbəyli Şadiman