Вы просматриваете: Главная > Məqalələr > SÖZÜN CÖVHƏRİ

SÖZÜN CÖVHƏRİ

 

 

                                         

                                        SÖZÜN CÖVHƏRİ

             ( Paşa Qəlbinurun “İdrak ətri” kitabı haqqında düşüncələrim)

Yaxın günlərin söhbətidir, doğmalarımdan biri göz ağrıları ilə əlaqədar mənə zəng edib, məsləhət istədi. Mənim də ürəyimdən ünlü doktor Paşa Qəlbinur keçdi. Dedim: Oğlum, doktorla əlqə yaradaq,  onun qəbuluna gedək. Əlqərəz, biz bir gün vaxt təyin edib, doktorun qəbuluna getdik. Təyin etdiyimiz gündə doktorla görüşdük. Biz onunla ilk dəfə dəhlizdə qarşılaşdıq, qarşımızda sakit təbiətli, üzündən, gözündən mehribanlıq yağan nurlu bir insan durmuşdu. Onun mehriban baxışlarından nur ələnirdi, sanki bu nur insanlara bəxş edilən işıq idi. Bu işığın həsrətində olanlar üçün doğulmuşdu, göz həkimi, ünlü sənətkar, istedadlı şair, elmlər doktoru, professor Paşa Qəlbinur…

Xəstəni müayinə edib məsləhətlərini verəndən sonra, doktorla vidalaşmaq məqamı çatanda o mənə 2013-cü ildə nəşir olunmuş “İdrak ətri” adlı kitabını bəxşiş etdi. Mən ona mənəvi  tutumlu  hədiyyəyə  görə təşəkkürümü bildirdim. Evə gəlib dincələndən sonra kitabı vərəqləməyə başladım. Kitab ilk sətirlərindən diqqətimi cəlb etdi və xüsusi maraqla oxumağa başladım…

Kitabı oxuyub başa vurandan sonra  məndə kitab haqqında yazmaq istəyi yarandı. Beləliklə dəyərli oxcular, yazdığım məqaləni sizin diqqətinizə yetirmək istəyirəm.

Raşa Qəlbinurun “İdrak ətri” kitabı ömür yollarının müxtəlif məqamlarında qarşılışdığı və təmasda olduğu ziyalı insanlarımızın taleyinə işıq tutur. Müəllif əsəri iki hissəyə bölür: Esselər və Portiret esselər.

Kitab müəllifin anası Yıldız xanıma ithaf olunub. Ana haqqı – Tanrı haqqı deyirlər…Tanrının nəzəri üstünüzdə olsun, ata-ana haqqını  itirməyən övladlar!…

 

Müəllifin dil üsulbu o qədər şirindir ki, kitabı bir nəfəsə oxudum. Esselər əsasən onun fəlsəfi düşüncələrindən bəhs edir. O, həyatı boyu rast gəldiyi və ürəyinə toxunduğu, ağlında, düşüncəsində özünə yer edən məqamları fikir süzgəcindən keçirərək nəsirin dili ilə nəql edir. Əsasən oxucular doktoru ədəbiyyat  aləmində  bir şair kimi tanıyır, amma “İdrak ətri” nəsirlə yazılsa da dili axıcı və ürəyə yatımlıdır, sanki əsər nəsirlə yox, nəzimlə qələmə alınıb. Öncədən onu xüsusi qeyd etmək yerinə düşər ki, kitabın adı adamı düşünməyə vadar edir, insan ağlınının ona bəxş etdiyindən ya xeyir, ya bəla tapır…hər insan idrakı da ətir saçmır axı…Kitabda ilk Essenin adı “Cihad”dır.

Müəllif  XX əsrin ən dəhşətli cinayətlərindən biri Xocalı faciəsini ağrılı bir dillə yad edir. O, essedə ürəyimizdə yaraya çevrilən Xocalı dəhşətini önə çəkir. Çox təsirli fəlsəfi tutumla  oxucuya çatdıraraq bildirir ki, Xocalıda ölənlərin, yaralananların harayı damarlarımızda axan qana keçib Cihad deyərək fəryad qoparır!  Yara ürəklərə girib, şüurlara təsir edib, əsəbləri yerindən oynadıb. Ermənilərin ağla sığmaz vəhşiliklər törətdiyi Xocalı qətliamı nəsilbənəsil qəlbləri gönədəcək.

Paşa Qəlbinurun “İdrak ətri” kitabında Portiret esselərdən fərqli olaraq Esselərdə müəllif ömrü boyu rast gəldiyi yaxından, uzaqdan eşitdiyi maraqlı hadisələri fəlsəfi yozumla nəql edir. Bu ibrətamiz həyat hekayələri adamı düşünməyə vadar edir. “Çilçıraq” essesi çox maraqlı və düşündürücü məqamlardan bəhs edir. Müəllif nəql edir ki, kənddə Kar Cavanşir adlı bir nəfər var idi, oğlu maşınla meşə yolu ilə gedən zaman qəzaya düşür, onlar maşında iki nəfər olur, biri yaralı halda bir təhər kəndə çıxıb gedir, onun oğlu isə yaralı halda meşədə qalır, hətta yaralı qolunun üstünə benzin də tökülübmüş, səhərə qədər zarıyırmış… Səhər oğlunun zülmlə ölmünü görən Kar Cavanşir, dəfn zamanı ağlamırdı böyürürdü. Bala dağı kişini yandırıb yaxırdı. Qonşu Gülüstan xala nəql edirmiş ki, muharibə dövrü həmin bu Kar Cavanşir onların sağmal inəyini oğurlayıb kəsib satıb, inəyin balası südəmər buzov neçə gün böyürürmüş…Bu ibrətamiz həyat hekayəsi onu insana diqtə edir ki, gec-tez hər kəsin etdikləri istər yaxşı, istər pis mənada onun qarşısına çıxır. İnsan bədxaxlıq, pislik etməyə çalışmamalıdır, baxmayaraq ki, aramızda həyatımızı cəhənnəmə çevirən nə qədər çirkin fikirli adamlar var.Yetim malına göz dikənlər, xalqın cibini talayanlar, necə deyərlər özgə bostanına daş atanlar günü-gündən artmadadı. Dünya silkələnir, günahsız insanların qanı axıdılır, dinlər iki üzlü insanlar əlində oyuncağa çevrilib, min sifətli siyasətçilər, insanların taleyi ilə oynayır, lokal müharibələr dünyanı çalxalayır, hər tərəfdə göz yaşı, ölüm, qan! Bütünlüklə şairi bu ağrı-acılar  düşündürür, narahat edir. Müəllif  ömrünün müxtəlif zamanlarında ayrı-ayrı insanların başına gəlmiş həyat hekayələrini nəsirə çevirib təsirli bir dillə oxucuya çatdırır.

Onun  “Mivari suyu( ktarakta)” essesində qədim zamanlarda bu göz xəstəliyinə necə qəribə üsulla müalicə edilməsindən bəhs edilir, həmin müalicə edən adama dəllək deyirdilər, dəllək xəstənin gözünün üstünə yumruqla vururdu və büllur dağılırdı, xəstə bir anlıq görürdü. Çox-çox qədim zamanlarda insanlar dərdlərinə çarə düşünürdülər, yaşam uğrunda mübarizə aparırdılar.

“Tanrı möhrü” essesində müəllif ürək haqqında çox maraqlı, insanı doğumdan ölümünədək düşündürən açıqlamalar verir. Adətən həkimlər ürəyi adama mator kimi təqdim edir, amma,  bu essedə maraqlı məqamlarla qarşılaşırıq, adətən insanlar “ürəyimə damıb”, “ürəyim düşdü”, “ürəyimdə gəzdirirəm”, “Ürəyim götürmür” və s. İfadələr işlədir. Essedə  nəql edilir ki, Nyu-Yorkda  50 yaşlı qadına 18 yaşlı qəzadan ölmüş gəncin ürəyini köçürdürlər, qadın cərrahiyyə əməliyyatından sağ-salamat çıxandan sonra bir müddət keçdikdə qadının yuxusuna cavan bir oğlan girməyə başlayır, qadının topladığı gizli məlumatlar əsasında məlum olur ki, bu ürəyi ona köçürülən oğlandır, hətta,  oğlan hansı yeməkləri xoşlayırdısa qadın da o yeməkləri istəməyə başlayır. Bu heyrətamiz  hadisədən sonra ürək köçürülən başqa xəstələr arasında sorğu keçirilib eyni hadisənin müxtəlif variantları özünü büruzə verib. Burdan belə nəticəyə gəlmək olar ki, ürək təkcə mator rolunu oynamır, həm də sinir  faliyyəti də üzə çıxır.

Müəllifin qeyd edir ki, sonralar gözəl alimimiz fizioloq, professor Qəhrəman Qəhrəmanov ürəyin avtonom sinir requlyasiyasi haqqında məşhur kəşfini etmişdi. Essenin sonunda müəllif belə qənaətə gəlir ki, təkcə təbiətdə yox, insanın yaratdıqlarında da Tanrı möhrü var.

Doğrudan da müəlliflə tam fikirə gəlirəm, istər rəssamlıqda, musiqidə, şeriyyətdə, elmdə insanlar tərəfindən yaradılmış nə heyrətamizliklər varsa, hamısında Tanrının möhrü var. Tanrıdan izinsiz insan heç nəyə qadir deyil.

Müəllif  “Alzqeymer”  essesində əsrimizin bəlası olan yaddaşsızlıq probleminə toxunur, essede qeyd olunur ki, dünyada 35 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Bəzi almlərin gəldiyi qənaətə görə insanlar çox vaxt mütaliyəsizlikdən bu bəlaya düçar olur. Müəllif maraqlı, diqqət çəkən müqasiyələr aparır. O,  keçmiş  “Azərnəşr”  binasını yad edir, həmin binada indi bank yerləşir, doğrudan da o vaxtlar həmin nəşriyyata daxil olarkən insanın burnunu qəribə bir iy alırdı, etiraf edim ki, heç yerdə duymadığım o iyi mən  də  “Azərnəşr” də hiss edirdim,  bu kitabların qoxusu idi.  Gözlərimiz baxa-baxa  İçərişəhərimizin dörd bir yanında dəyşikliklər edirlər, halbuki, onun bircə daşına, divarına toxunmaq olmaz. Müəllif  bu essedə mənim də yaralı yerimə toxunub, çünki Bakıda kütləvi şəkildə söküntü işləri gedir, tarixi abidələrimiz gözümüz baxa-baxa çox zaman yox edilir. Yeniləri ilə əvəz edilir, sizə şəhər salmaq lazım idi, boş yer tapıb tikərdiz, keçmişimizlə bağlı olanları söküb məhv etmək, keçmişimizə güllə atmaq deməkdir…Xəzərin dörd bir yanı daş hasarlarla hörülür, axır vaxtlar dənizin gözəlliyinə həsrət qalmışıq, hətta bəzən adamlara başa salmaq olmur ki, təkcə evin içini təmiz saxlamaqla iş bitmir, evin ətrafın da, yaşadığın küçəni də evinin içi təki təmiz saxlamalısan. İctimai avtobuslarda baxmadan oturmaq, çox təhlükəlidi, çünki pal-paltarın saqqıza bulaşa bilər. Artan zibilliklər, çirklənən dənizlər, çaylar, bulaqlar, çeşmələr, qırılan meşəliklər öz sağlamlığımıza balta çalmaq deməkdir. Müəllifin özü demişkən: “Ruhumuzun  Nuh tufanı yaxınlaşır!!! Gəlin həyatımızı xilas edək, necə ki, gec deyil!”  Bu sözlər təbabət aləminin içində olan bir təbibin qələmindən çıxan ifadələrdir. Essenin sonunda müəllif belə bir qənaətə gəlir ki, biz təbiəti çirkləndirməklə özümüzü xəstəliklərə düçar edirik. Xəstəliklərin ən dəhşətlisi  isə  yaddaşını tamamilə itirməkdir, hətta, öz doğmlarını belə tanımamaq durumuna düşmək. Atalar demiş: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.   Bizim özümüzə etdiklərimiz dolayısıyla alzqeymerə( yaddaşsızlığa) gətirib çıxarır.

 

Onun Portret esselərində ünlü tibb almlərimizin sənət və həyat yolu işıqlanıdırılır.  Müəllif  Zəhra xanım Quliyeva, Zərifə xanım Əliyeva, İbrahim Topçubaşov, Ağabəy Sultanov, İman Mustafayev  və  bir çoxlarının həyat yoluna çıraq tutur, onları  böyük məhəbbət  hissiylə anır.

Kitabına da ad seçdiyi “İdrak ətri” prortiret essesini alim, psixiatr Ağabəy Sultanova həsir edir.  Müəllif onun insanpərvərliyindən, kübarlığından, ziyalılığından söz açır.

Kitaba, yazıya, yazara hörmət azalan bir zamanda, yazanların sayının artdığı, oxuyanların sayının azaldığı bir vaxtda  onu da etiraf etmək lazımdır ki, yaxşı kitablar az-az ələ düşür. Həqiqətən görkəmli alim, professor, şair-publisist Paşa Qəlbinurun “İdrak ətri” kitabını əlinə alıb oxuyan heç nə itirməz, əksinə mənəviyyatını bir az da zənginləşdirər. Mən də sözün səcdəsində olan biri kimi kitabı sevə-sevə oxudum və zövqümü zənginləşdirdim.

Dəyərli oxucular, Allahdan diləyim budur ki, sizlərin də zövqü, mənəviyyatı zəngin olsun, o üzdən gəlin kitablara üz tutaq, onlarla ünsiyyətdə olaq. Yazı adamlarının ürək atəşindən yaranmış sətirlərə, misralara mehman olaq, kitablardan gələn hənirtilərə, pıçıltılara qulaq kəsilək, çünki həqiqi sənət əsərlərinin üstündə görkəmli təbibimiz və şairimiz Paşa Qəlbinur demiş – Tanrı Möhrü var…

Mən dəyərli alimimiz, ünlü doktorumuzun da kitabında Tanrının Möhrünü  hiss etdim. Bir söz adamı kimi müəllifə  yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Qoy onun gözlərə işıq bəxş edən əlləri yorulmasın, Vətən, sənət eşqli ürəyi daima coşub daşsın, fəlsəfi fikirlərlə zəngin sözlərini kitaba çevirsin və bu kitablar kitabxanalarımızın kitab rəflərini bəzəsin. Qoy insanlarımızın gözlərinə nur bəxş edən təbibimizin ürəyindən həyat sevgisi azalmasın.  Sənət  və  həyat eşqli alim, təbib şairimizə  can sağlığı və yaradıcılıq uğurları diləyi ilə sözümü  tamama  yetirmək istəyirəm.

Tanrı işığı gözünüzdən, həyat sevdası qəlbinizdən sozalmasın, ey kitabları, kitabxanaları  sirdaş  bilənlər!  Bu məqalədə sözüm tamama yetsə də, yazılan kitabları da, onlara üz tutan oxucuları da Uca Tanrı bizlərə çox görməsin, çünki kitabsız mənəviyyat, mənəviyyatsız millət yoxdur…Allah eşqinə, kitablara üz tutaq, mənəviyyatımızı daim zənginləşdirək…   Məndən bu qədər, sizlərə isə yardımçı olsun Qədər!…

 

08.06.2016

Şirin Xanım Kərimbəyli Şadiman

 

 

 

 

 

 

 

 

 

 

Şərh üçün bağlıdır.