Вы просматриваете: Главная > Şeirlər > NƏ YAXŞI Kİ, SƏN VARSAN…

NƏ YAXŞI Kİ, SƏN VARSAN…

 

 

 

NƏ YAXŞI Kİ, SƏN VARSAN

 

Sən olan kainatda günəş göydən boylanır,

Yer kürəsi bu eşqə dörd bir yana haylanır,

Həsrət dizinə döyüb ömrü boyu vaylanır,

Girib ürək içinə bədəndə cana yarsan,

Nə yaxşı ki, sən varsan.

 

Uzaqdan əl eyləyir mənə saf məhəbbətin,

Eşqin əlində tutub güllə dolu səbətin,

Hər sevdalı gününə şükürliyəm xilqətin,

Qanadlanır ürəyim, ömrə gələn baharsan,

Nə yaxşı ki, sən varsan.

 

Bağımın çiçəkləri üzün tutub yoluna,

Ürək halbahal olur sevdamızın halına,

Çırpınır qəfəslərdə bülbül gül vüsalına,

Sən də iztirabımı bülbül təki duyarsan,

Nə yaxşı ki, sən varsan.

 

Kiprik üstən yükünü götürməyir həsrətim,

Kədərə köklənməyə öyrəşibdi xislətim,

Qapından, pəncərəndən asılıbdı surətim,

Olmasam da yanında xəyalıma uyarsan,

Nə yaxşı ki, sən varsan.

 

Bilirəm eşq yaşadır insanlığı əzəldən,

Misram sənə boylanır hər şeirdən, qəzəldən,

Bir sevdalı baxışdır aramızı düzəldən…

Sevgimizin xətrinə qəmin burnun ovarsan,

Nə yaxşı ki, sən varsan.

 

Şadimanın içində ürəklə can əlləşir,

Ruhum bədəndən qopub kədərimlə dilləşir,

Boğur gözümü yaşlar, gurşad təki selləşir,

Bilirəm ki, canımdan ağrıları qovarsan,

Nə yaxşı ki, sən varsan.

Nə yaxşı ki, sən varsan.

06.06.2016

Şirin Xanım Kərimbəyli Şadiman

 

 

 

Şərh üçün bağlıdır.