AZƏRBAYCAN GERÇƏKLİYİ – 3
Bu gün mən qədir bilən oxucularla ayrı bir məsələ barədə də fikirlərimi bölüşmək istəyirəm, yəni dərdləşmək istəyirəm. Ədəbi qurumlar barədə. Bu saat bizim ölkədə hər sahədə bolluq müşahidə olunur. Təkcə puldan savayı. Pul da boldur. Amma o az qism adamın əlində toplanıb. Qalanları isə necə deyərlər ağzlarının suyu axa-axa o az qism adamlara tamaşa etməkdədir. Onların geyim-keçiminə, saysız hesabsız zinət əşyalarına, bağ-bağatlarına, indiki dillə desək villalarına, bər-bəzəkli maşınlarına, bəzən adamın ətini tökən təkəbbürlərinə daha nələrinə, nələrinə… Varlıların həyatı millətimizdə paxıllıq hissi yaradır. Bu paxıllıq hissi isə cəmiyyətdə oğuruların, rüşvətxorların, əliəyrilərin, dinsizlərin, allahsızların, sektalaşanların, narkamanların, əxlaqsızların, dəbbazların, falçıların, dinbazların, məzhəbbazların, mövhümatbazların, yazarbazların bilmirəm daha nə bazların sayını artırır. Bu minvalla Azərbaycan gerçəkliyinin girdabında gün-güzəran keçirməkdəyik. Bugün sən nəyi isə əldə edə bilmirsənsə, qonşundan, tanışından, dostundan maddi baxımdan geridəsənsə, heç də bunun günahını müstəqillikdə axtarmaq lazım deyildir.(Çünki hələdə yaşlı insanlarımızın arasında sovet dövrünün ötüb keçən günləri üçün darıxanlar var…) Bunun günahı birinci özündədir. Yaxşı yaşamaq üçün ağıllı, şüurlu, çalışqan olmaq lazımdır. Sovet sisteminin ən pis cəhətlərindən biri insanları ələbaxımlılığa öyrətmək idi. Sovet sistemi necə deyərlər, hər təbəqədən olan insanların nazını çəkirdi. Onlar müstəqil yaşamaq prinsipinin nə olduğunu özlərində əxz edə bilmirdilər. Bu da axırda bu sistemin məhvinə gətirib çıxartdı. Canı-dildən pərəstiş etdiyimiz Avropa ölkələrinin həyatı ona görə təmtaraqlıdır ki, onlar dincəlməyin dadını qocalan vaxtda, yəni təqaüdə çıxandan sonra çıxarırlar. Yaxşı yaşamaq üçün vaxtında texniki biliklərə yiyələnmək, ən azı bir iki xarici dil bilmək lazımdır. Uşaq vaxtlardan çalışqanlığı özündə vərdişə çevirməlisən. Bu günki həyatımız bunu tələb edir. Gəlin görək bütün bu dediklərimizin hamısı bizim hər birimizdə çatırmı? Bugünki gün-güzəranın içində gündəlik yemək-içmək pulu tapmayan səsi olmayan müğənilər, ömüründə bir bədii kitab oxumayan şeirin, ilhamın nə olduğunu anlamayan, ümumiyyətlə, ədəbiyyat nəzəriyyəsi haqqında təsəvvürü olmayan şairlər, yazıçılar, pulun, rüşvətin hesabına alım adı alan, müqəddəs alim adına xələl gətirən alimciyəzlər, adi səhnə mədəniyyəti olmayan aktyorlar, sözü hansı şəkildə oxucuya çatdırmaq iqtidarında olmayan jurnalistlər ordusu yaranıb. Bütün günü bəzi televiziya kanallarımızda baş alıb gedən biabırçılıqlara görəsən dur deyən tapılacaqmı?…Amma mənim artistlərlə, müğənnilərlə qətiyyən işim yoxdur. Özümdə cızma-qara etdiyim üçün elə qələm əhli barədə möhtərəm oxucularımla dərdləşmək istəyirəm. İldə iki-üç nömrəsi çıxan aşağı səviyyəli qəzetlərdə, jurnallarda baş alıb gedən məddahlıqlar insanda hərdən bir yazı-pozuya qarşı əməlli-başlı ikrah hissi yaradır. Deyirsən, iyirminci əsrin əvvəllərində o boyda möhtəşəm qələm əhli olmuş məkanımız görəsən niyə bu günə düşüb? Bunun səbəbi nədədir? Həddindən artıq savadlı olmaqmızda, və ya kitabdan, mütaliədən uzaq düşməyimizdə? Bu qarmaqarşıqlığın içində yaranan, idiaları geri-göyü lərzəyə salan bəzi ədəbi qurumlar və bu qurumların içindən peyda olan sədirlər, müdirlər, baş redaktorlar və bunların küləyi adamı yıxan hikkələri…Bir sözlə kimi avropasayaq yazıb Nobel mükafatı almaq istəyir, kimi müsəlman adı və soyadı daşımasına baxmayaraq, müsəlmançılığa nifrət edir, kimi tamamilə Azərbaycanın keçmişini danır və Azərbaycanın elə bugündən başladığını elan edir. Kimi bütün bunların başımıza gəlməsində islamın günankar olduğunu elan edir. Kimi iyirmi ildə Azərbaycan ədəbiyyatında heçnə yaranmadığını elan edir. Kimi özünü dahi sayır və özündən başqa Azərbaycanda yazar tanımır. Kimi Yazıçılar Birliyindən yazarların çoxluğundan şikayətlənir. Əlqərəz aləm qarışıb bir-birinə. Qəzetlərə, internet portallarına baxanda adamın əməlli-başlı hönkür-hökür ağlamağı gəlir. Ciddi yaradıcılıqla məşğul olanlar isə çox azdır və onlar da bu qarmaqarşıqlığın içində itib batır. Azərbaycanın islam mənəviyyatının içində boya-başa çatdığını və bugünümüzə gəlib yetdiyini nədənsə müsəlmançılığı gerilik mücəssiməsi sayanlar anlamaq istəmirlər. Anlamaq istəmirlər ki, İslam 1400 il tarixi ilə mədəniyyətimizi, mənəviyyatımızı çoxdan öz ağuşuna alıb. Nizamidən, Füzulidən üzübəri klassik nümunələrimizi, muğamatımızı, folkulorumuzu, tariximizi dananlar birbaşa erməni və onun havadarlarının dəyirmanına su tökənlərdir. Bəlkə də erməni havadarlarından və ya ermənilərin özündən qrant alanlardır. Dünənimizin üstündən qələm çəkən azərbaycançılar nəyi özlərində əxz etmək istəyirlər? Əslində bəzi qurumlar və bu qurumların içində Azərbaycanın özləri sayaq təəssübün çəkənlər ədəbiyyatımızda da bir növ şuo yaradıb bununla gündəmdə qalmaq istəyirlər. Yəqin düşünürlər ki, bu ölkədə musiqi( estrada) aləmində şuo yaranıbsa, onlar bu şuo ilə gündəmdədirlərsə və bütün xalq onları tanıyıb pərəstiş edir, bəs biz niyə şuo yaradıb gündəmdə olmayaq?! Bu da yəqin günümüzün ədəbiyyat şuolarıdır. Mən sayıram ki, mənəviyyatı biznesə qoymaq əxlaqi cinayyətdir! İki şeir, ya bir hekayə yazan kimi tez yadlarına düşür ki, ay aman, belə nəzərləri cəlb edə bilməyəcəklər, o saat ya bir qəzet, jurnal və ya ədəbi qurum yaradıb baş olurlar. Və yaranan qurumların içində peyda olan yazarların çoxusunun yazdıqları boşboğazlıqdan savayı bir şey deyil. Yaranan ədəbi qurumlar arasında bir-birinə hədsiz nifrət, bir-birini saymamaq bir-birinin yazdığına yuxardan aşağı baxmaq ön plandadır. Ən çox söyülən, təhqir olunan isə Yazıçılar Birliyidir. Mən bu birliyin adını çəkirəm ona görə yox ki, özüm də bu birliyin üzvüyəm. Çoxillik ağrı-acıdan keçmiş böyük bir yazarlar qüvvəsini öz ətrafında cəm edən bu birlik hansı əzablara, hansı zülmlərə düçar olmayıb? Onu nədə suçlandırırlar? Sovetlər Birliyi dövründə yarandığına görəmi? Sovetlər dönəmi yaşadığımız ömürün bir hissəsidir. Sovet yazıçıları yaşadıqları dövürü əks etdiriblər. Bugünsə başqa dövürdür. Onu qoparıb atmaq, o dövür yazarlarının üstündən xətt çəkmək, tarixin üstündən xətt çəkmək deməkdir. Gəlin unutmayaq ki, Yazıçılar Birliyi ədəbi dilimizin, sovetlərdən öncəki ədəbiyyatımızın, bütünlükdə mədəniyyətimizin bugünümüzə daşınmasında fədakar olub. O, o illərdə imperiya boyunduruğunda olmasına baxmayaraq ana dilimizin paklığının keşiyində durdu. Azərbaycanımızın idarələrində rus dili tüğyan etdiyi bir vaxtda bu birlik millətin dilinin cəfakeşi oldu və onun ədəbi dilini bugünümüzə daşıdı. Bununla mən Yazıçılar Birliyini mədh etmirəm. Onun heç buna ehtiyacı da yoxdur. Və mənim də onu mədh etməyə ehtiyacım yoxdur. Çünki vaxtında özümə gün ağlamışam, başa düşmüşəm ki, yaradıcılıq gündəlik maddi təlabatını ödəmək üçün dolanışıq yeri deyil. Qaldı o dövürdə sistemin mədhinə, bu indi də var. Heç kəs sənin əlindən tutub buna məcbur etmir. Bu hər kəsin qəlbindən və ağılından aslıdır. Bütün günü çayxanalarda qeybətlə günlərini başa vuranlar sonradan bu qeybətləri yazdıqları cızma-qara şeirlərə, məqalələrə (əgər məqalə, şeir demək mümkündürsə) gətirir. Özünə alov, atəş, azərbaycan, vətən ləqəbləri qoyub vətənin dünənini dananlar nə əldə etmək istəyirlər?.. Boş sözçülükdən, ifrat şitlikdən bədii nümunə yaranmaz, habelə şeir alınmaz. Gözəl şeir idrakın və hissin sevdasından doğulur. Ən başlıcası isə əgər fitrən ilhamın varsa… o əsər yaranacaq… İnternet saytlarında erotik şeirləri ilə, bayağı yazıları ilə ətraflarında hır-hır yaradanlar uyduqları şou mənzərəsinin içində itib-batırlar. Biz bizə aid olan çox tarixlərin üstündən xətt çəkmişik, ona görə indiki vəziyyətə düşmüşük. Tarixi unudanlar öz kimliyini unudanlardır. Bu qurumların üzvlərinin bəzilərinin yazdıqları isə xaçpərəst ölkələrin tərcümə əsərlərini xatırladır. Bu yazıları mütaliyə edəndə adamda belə fikir yaranır, ay həzarat, bizim qələmdaşlarımız Avropanın qələmdaşlarına necə pərəstiş etməkdədirlər. Nəinki onların xoşbəxt həyatları, ədəbiyyatları da bizim yazarların bir qismini əməlli-başlı valeh edib. İnsanlarımız Avropanın bər-bəzəkli həyatına cani-dildən vurulub. Avropanın kiçik bir şimal ölkəsi olan Hollandiyanın 41.5 min kv. kilometr ərazisi var. Əhalisi isə 16 milyondur. Bizim türk əsillilər və eləcə həmvətənlərimiz Hollandıyada artıq icma təşkil edirlər. Məgər biz öz ölkəmizdə o şəraiti, o demokratyanı, o düzlüyü yarada bilmərikmi?! Bizim quzey Azərbaycanımızın ərazisi 86.6 min kv. klometr, əhalimiz isə 9 milyondur. Bəs Hollandlardan, bütünlüklə Avropalılardan fərqli bizdə, yəni qanunları yazan və onların təsdiqlənməsinə əl qaldıran kişilərimizdə, uşaqlıqdan südünü əmib tərbiyyəsini mənəviyyatımıza yeritdiyimiz qadınlarımızda nə çatmır?! Mənə elə gəlir ki, müstəqil yaşamağın yolunu bilməmək… Ələbaxımlığı, mütiliyi, tənbəlliyi, müstəqil olmamağı uşaq vaxtdan beynimizə yeridir valideynlərimiz. Sonra uşaq bağçalarında, sonra məktəblərdə, ən sonda isə ali təhsil ocaqlarında biz bu acı həqiqətlə üz-üzə qalırıq. Əsasən bu oğlan uşaqlarında özünü büruzə verir. 30-40 yaşlı oğul ata-anadan aslı vəziyyətdə olur. Müstəqil heç bir qərar çıxara bilmir. Gəlin etiraf edək ki, bu bir çox ailələrdə belədir. Ölkənin təməli ailənin təməli üzərində qurulur. Əgər ölkədə ailə təməli düzgün qurulmayıb laxlayırsa, bu həmin ölkənin dövlət quruculuğunda özünü büruzə verir. Və həmin ölkənin insanları həyat yükünü çəkmək çətin olan əzablara düçar olurlar.. Bu bəladır. Bu bəlanı biz müsəlmançılıqda yox, öz mənəvi dünyamızda axtarmalıyıq. Və öz mənəvi dünyamızda inqilab etməliyik. Onda bizim ölkə də Avropa ölkələri kimi xoşbəxt və firavan olacaq. Burda bir haşiyə çıxım, tanış bir alman tərcüməçi qadının mənə söylədiklərini eynilə istəkli oxucularıma çatdırmaq istəyirəm:
«Müsəlman əhli Avropalıların əzab-əziyyətlə qurduğu gözəl şəhərlərə axışırlar və oralarda özlərinə gün-güzəran yaradırlar. Bu bizim heç xoşumuza gəlmir. Gəlməyinə gəlin, ancaq gəzməyə… Biz bu cah-cəlalı özümüz üçün yaratmışıq, gəlib niyə bizim yerimizi dar edirsiz?!.. Biz də qonaqpərvərik, amma bizə gələn qonaqlar gələndən sonra öz vətənlərinə qayıtmaq istəmirlər. Siz müsəlmanlar öz ölkənizdə tənbəlsiniz, amma yad ölkələrdə ən çirkli işləri görməyə hazırsız. Bu sizdə yaxşı cəhət deyil, ona görə biz sizlərə yuxardan aşağı baxırıq, inciməyin. Axır vaxtlar bəzi yazarlarınızın yazdıqları bədii nümunələr də elə bil avropa insanın beynində istehsal olunub. Bilinmir bunu şərqli yazıb, ya qərbli! Qabaq sizin əsərləri tərcümə edəndə mənə ləzzət edirdi. Hiss edirdim ki, müsəlman insanının qələmindən çıxıb. Vaxtıikən sizin Mirzə Şəfi Vazehin şeirləri subut etmişdi ki, məhz şərqli qələmindən çıxıb. Sizdə nə baş verir? Mənəvi dəyərlərinizmi iflasa uğrayır?..» Düzün sözü bu alman qadının sözlərində həqiqət necə çılpaqlığı ilə çığır-bağırda idi. Və bu çığır-bağırın içində bugünümüzdən hayqıran bir həyəcan var idi. Bu həyəcandan isə, istəkli oxucular, biz, siz, minlər, milyonlar boylanır Azərbaycan gerçəkliyinin girdabında ah-uf edə-edə… Özümə də adiyyəti olmaqla Sizə bir sual ünvanlayıram. BİZ HARA GEDİRİK?!..
Son
02-09.01.2011