AZƏRBAYCAN GERÇƏKLİYİ – 2
Əziz və qədirbilən oxucular, neçə vaxtı məni narahat edən bir məsələni sizinlə bölüşmək istəyirəm. Hicab barədə. Dərinliyinə varanda din fəlsəfədir. Hicab da bu fəlsəfənin bir qoludur. Baxmayaraq ki, ilahi varlığı tamamilə danıb, özünü Allah səviyyəsində sayanların sayı cəmiyyətdə günbəgün artmaqdadır. Onlar dinin boş ideologiya olduğunu aləmə can-fəşanlıqla faş etməkdədirlər. Bəs günbəgün sayı artan bu filosoflar, şairlər, yazıçılar özləri kimdir? Haqqın nurunu danan bu sovet allahsızlıq ideologiyasının mənəvi məhsulu ilə çayır kimi qol-budaq atmış dırnaq arası bu bəşər fədailəri boş-boş cızmaqaralarından savayı özləri dünyaya nə bəxş edib? Və dünyanın təkərini hara döndərmək istəyirlər.? Bəli mən də səhərdən axşama qədər namaz qılıb heç bir işin qulpundan yapışmayan, gününü ibadətdə keçirdib ətrafdakılara ikrah hissi ilə baxanlara, müqəddəs dinimizi xurafatda əzənlərə yaxşı baxmıram. Amma içində haqqın nuru olmayan adamın yazdıqları boş-boş sözçülükdən savayı bir şey deyildir. Füzulini Füzuli eyləyən Allah sevgisi idi. Dahi Üzeyiri dahi edən də bu işıq, bu nur idi. Ona görə də onları oxuyanda və dinləyəndə insan ruhu dilə gəlir. Bu diləgəlmə isə həyəcanlama və duyğulanma ilə olur. İnsan təbiətin zəif bir qüvvəsidir. Həm də təbiətin dağıdıcı qüvvəsidir. Başıbəlalı ağılının hesabına təbiəti məhv edir. Bu məhv öz istəklərinə nail olmaq üçün təbiəti özünə tabe etmək hesabına olur. O, haqqın verdiyi ağıl hesabına yaşayır. Ancaq bu ağılı bə`zən şər, bə`zən isə xeyir qüvvə idarə edir. Allah da bu bənzərsizlik içində insanı öz ağlının ümidinə buraxıb. Çünki Yaradan hər kəsin əməllərini yaxşı görür. Din insan həyatında xeyirə yönəlirsə bunun nəyi pisdir? Bir haşiyə çıxım: Metroda gedirdim. Növbəti dayanacaqda salona 6-7 yaşlarında arıq, çəlimsiz, hicablı qızcağaz və onun cavan yaşında, üzü taraş edilməmiş görkəmindən dindar, atası daxil oldu. Cavanlardan biri bu qızcağaza yer verdi. Qız əvvəl oturdu, sonra nə fikirləşdisə ayağa qalxdı və öz yerini atasına verdi. Ata oturmaq istəmirdi, qız təkidlə atasını oturtdu və özü də onun qucağında əyləşdi. Salondakılar sual dolu nəzərlərlə bir-birinə baxmağa başladılar. Bir çoxunun üsulluca dodağı da qaçdı. Cavan ata camaatın baxışlarında əks reaksiyanı gördükdə pərt oldu və növbəti dayanacaqda salonu tərk etdi. İndi siz deyin 6-7 yaşlı, hələ ağılı kəsməyən qızcağazı hicablamaq nə əhəmiyyət kəsb edir? Deməli bu uşaq hicabın mahiyyətini dərk etmir, dərk etsəydi atasının qucağında oturmazdı. Və ata da camaatın içində utanc vəziyyətinə düşməzdi. Əslində biz islam inaclı bir ölkədə doğulmuşuq, adlarımız da Əli, Vəli, Tükəzban, Fatma və sairdir. Daima analarımızın, nənələrimizin örpəyi olub. Bu gün də yaşlı qadınlarımız bu örpəkdən məmuniyyətlə istifadə edir. Dini hansı şəkildə qəbul edib, hansı şəkildə həzm etmək hər kəsin öz daxili savadı, tərbiyəsi, mənəviyyatından və düşdüyü mühitdən aslıdır. Bu yaxanlarda qarşılaşdığım bir hadisəni də nəql etmək istəyirəm. Çünki bu hadisəni də hicab barədə fikirlərimin davamı sanıram. Nəşriyyatdan çıxıb Elmlər Akademyasının bağından metroya tərəf gedirdim. Bağ qələbəlik idi. Əsasən yaşlılar və uşaqlar buradakı istirahətin zövqün çıxtmaqda idilər. Bir skamyada əyləşmiş hicablı bir qızla cavan oğlan diqqətimi cəlb etdi. Bəlkə də bu qızın başında hicab olmasaydı mənim diqqətimi cəlb etməzdi. Sayardım ki, gündəlik qarşılaşdığımız səhnələrdən biridir. Cavan oğlan qolunu hicablı qızın boynuna dolamışdı. Siz deyin, bu hicablı qızın qələbəlikdə qol-boyun olmasının hansı namusa, qeyrətə, adət-ənnəyə dəxli var? Qarşı skamyada isə yaşlı kişilər oturmuşdu. Belə görünür ki, Azərbaycanda Həcc mövsümü dəb xarekteri aldığı kimi hicab da dəbə düşüb. Bu hicab örtənlərin az bir qismi Allaha sidq-ürəklə bağlıdırlar. Baş örtüyü təkcə islamda deyil, bu bütün dinlərdə, elə bir çoxlarının sevib pərəstiş etdikləri xaçpərəstlərdə də var. Sadəcə onlar dinlərini yeniləşdiriblər, müasirləşdiriblər. Rahibələrini çıxmaq şərti ilə onların qadınları baş örtüyünü yalnız kilsəyə ayaq basarkən və yas yerlərində örtürlər. Son vaxtlar internetdə tüğyan edən portallar, retual qəzetlər, mətbədə çap olunan qəzetlər, televiziya, radio, bütünlükdə bütün məlumat qurumları hicabla bağlı xoşagəlməz xəbərlərlə gündəmdədirlər. Dini ağılla, mərifətlə qəbul etmək heç də insanın ziyanına deyil, onu bir çox iyrəncliklərdən və çılpaqlıqlardan çəkindirir. Amma hər şey qədərincə olmalıdır. Dahi Nizami demişkən: «Artıq içiləndə dərd verir su da.» Bü gün bizə nə hicabı şişirdib cəmiyyətin bəlasına çevrmək, nə də ona qorxulu bir kabus kimi baxmaq lazımdır. Əgər mövhumata qurşanıb elmdən bilikdən, təhsildən uzaqlaşacağıqsa, onda bizim sabahımızı bundan da ağır fəlakətlər gözləyir. Gəlin etiraf edək ki, əgər ananın savadı yoxdursa, əksər hallarda bu uşağın təlim-tərbiyəsində özünü büruzə verir. Mən savad deyəndə təkcə ali məktəbi nəzərdə tutmuram. Orta məktəbi yaxşı bitirmiş ana da uşağının savadlanmasına diqqətli olur. Ancaq bu gün hicaba girib təhsildən uzaq düşmək, erkən yaşlarında ailə qurmağa sürüklənmək, kişilərimizin yenə də qadınlarımıza ikrah hissi ilə baxmasına və xaçpərst qızlarla izdivaca girməsinə sürükləməyəcəkmi?! Onsuz da biz azəri qadınlar bu gün də bu fəlakətlə baş-başayıq. Bölgələrimiz yaşı 50-ni, 60-ı keçmiş qarımış qızlarımızla doludur. Çünki onların yaşıdları olan kişilərimiz xaçpərəst qadınların sevdasına düşüb öz qız həmvətənlərinin taleyinə biganə qalıb. Özü də bizim kişilərin bir qəribəliyi haqqındada öz fikirlərimi qədirbilən oxucularla bölüşmək istəyirəm. Onlar bizim millətin qızları ilə nigaha girməmişdən öncə dönə-dönə onun əslini, nəsilini ələkdən keçirirlər. Həmin əsil, nəsil ələkdən təmiz çıxandan sonra gözaltı etdiyi qızla ailə həyatı qurur. Ancaq başqa millətlərin qızları, qadınları ilə həyat quranda isə əsil-nəsil məsəlisi qətiyyən onları maraqlandırmır. Eşq ön plana keçirir və eşqlə ailə həyatı qurur, böyük bir sevgi ilə xaçpərstlərin adlarını da doğulan uşaqlara qoyurlar. Özləri də ailə qurduqları bu qeyri-azərbaycanlı qadınlar üçün ev işindən tutmuş çöl işinə qədər hər iş görürlər, təki başqa millətdən olan zövcələrinin gözündən düşməsinlər. Onlar qeyri azərbaycanlı qadınlarının qarşısında əməlli-başlı qulluqçuya çevrilirlər, nəticədə dili, azərbaycançılığı, həm özləri, həm də uşaqları itirirlər. Bu çox vaxt belə olur…Halbuki bizim qadınlar kimi ailəcanlı, uşaqcanlı, ərcanlı, evcanlı yoxdur. Ömrümün 22 ilini erməni, rus, gürcü, yəhudi əsillilərlə bir idarədə işlədiyimə görə bu qənətdəyəm. Qoy kişilərimiz mənim bu iradımdan inciməsinlər. Yaradanın dünyanı altını üstünə çevirməməsi üçün həqiqət nə qədər acı olsa da onu hərdənbir dilə gətirmək lazımdır. Mən də bacardığım qədər, ağlımın kəsdiyi qədər yazmağa başladığım gündən həqiqəti dilə gətirməyə çalışıram…
Gəlin müsəlman ölkələrinin halı-vəziyyətinə diqqət kəsilək. Əfqanıstan, Pakıstan, İraq, İran və sair. Bunlarla yanaşı Malaziya kimi iqtisadiyyatı inkişaf etmiş müsəlman ölkədə var. Deməli geridə qalmışlığı biz müsəlmaçılıqda yox, həmin millətlərin, xalqların kökündə axtarmalıyıq. Səhərdən axşama qədər, axşamdan səhərə qədər özümüzü tərif edib bir-birimizi mədh etsək bu bizi hara aparar? Bu gün avam, savadsız ailələrdə İranın uzunsaqqal mollalarının kitabları doludur. 30 milyonluq güneyli bacı və qardaşlarımızın şərəf və ləyaqətini tapdalayan, bizim başımızın üstündən erməniyə raket başlıqları, bir sözlə silah, yemək içmək, yanacaq ötürən, ticari alış-verişi edən İran mollaları tutduğu bu əməllərinə görə bəs müsəlman olmağından, Allahından, Quranından qorxmurmu?! Əlbbətdə ki, qorxmur, çünki onlar islama inanmır, islam onlara öz siyasətlərini yeritmək üçün, konfort həyatlarını qurmaq üçün lazımdır. İmperalist qonşumuz İran dilini, varlığını, torpağını əsir etdiyi cənubi Azərbaycanın ayağa qalxacağı gündən qorxur. Kəsə dillə desək şimali Azərbaycanın müstəqilliyi onların ürəyindən deyil. Ona görə də ölkəmizin içində və çölündə fəsad törətməklə məşğuldur. Əslində erməni sindromu həm Rusiyaya, həm də İrana lazımdır. Hər ikisi də bundan yetərincə faydalanır, bu məsələdə artıq din, iman arxa plana keçir. Hər iki imperiya baxmayaraq ki, ayrı-ayrı dinlərin daşıyıcılarıdır, cani-dildən birləşirlər, bu məsələdə qardaşlaşırlar. Mən bunu «Siyasətdi, siyasət» şerimdə yazmışam:
Dinlər əldə oyuncaq…
Söndürülüb çox ocaq,
Qan içində hər bucaq,
Əzir milləti millət,
Siyasətdi, siyasət…
Elə buna görə də bugünki təklənməyimizi islamla bağlamaq gülünclükdür. Bir də təkrar edirəm, bunun kökündə din yox, soy-kök, mənsub olduğumuz millət durur. Əgər öz kökündən, soyundan üz çevirmək istəyirsənsə, buyur çevir. Hegemon millətlərin dəyənəyi altında yaşamaq istəyirsənsə, buyur yaşa. Xaçpərəstlərə sevginizi daşdırmamışdan öncə bu məsələ barədə dərin düşünmək lazımdır. Bu gün torpaqları paramparça edilmiş bir yurdun yazarının əbədi mövzu olan məhəbbətə qapılması, hansı dəyərlərdən xəbər verir? Tarixin əsasını öncə yazarlar, səlnaməçilər qoyub. Orxan-Yenisey abidələrində, Dədə Qorqud dastanlarında biz nəyi axtarırıq? Kimliyimizi! Deməli heç də baş verən faciələri, sosial bəlaları ədəbiyyata gətirmək cılızlıqdan yox, istedaddan xəbər verir. Qaldı istedadın dərəcəsi fitrətdən aslıdır. Əgər bu istedad varsa, hər sahədən yazmağı bacarasaqsan. Bu gücü özündə hiss etməyənlər bu mövzulara qulp qoyurlar. Məhəbbət hər kəsin içində var. Bu mövzuya heç yazar olmayanda haçansa ürəyində bədiiləşdirib şəxsi gündəliyinin səhfəsinə həkk edir. Bugün qlobal məsələləri ədəbiyyatda əks etdirə bilməyənlər dahilərin yaradıcılığında bəhs olunan sosial bəlalardan, dəhşətli müharibələrdən bəhs edən mövzulara dodaq büzürlər. Çünki əlinə qələm götürüb nəyisə yaratmaq istəyənlərin bir çoxu bu gücü özlərində görmürlər. Bütün bunların dərinliyinə varanda görürsən ki, dünyanın doğru-düzgün tarixini öncə vicdanlı ədəbiyyat adamı yaradır.
Qafqaz yanğın içindədir… Bu yanğında kimi günahlandırmaq olar? Kibriti, hansı ki, yanğın ondan başlayır, ya o əli ki, hansı ki, kibriti çəkib?!…
Artıq küçələrimiz gənc, uzunsaqqal, qısaşalvar kişilərlə doludur. Onlar da Azərbaycanda heç vaxt olmayan ayrı bir məzhəbin dindaşlarına, təəssübkeşlərinə çevrilib. Niyə görə?.. Bu niyənin səbəbindən başda oturanlarımız xəbərsiz deyillər. Deyilənlərə görə onlara aylıq ödənilən məvacib bu yola ayaq basanlara bəs edir ki, onlar gənc yaşlarından qısa şalvar geyinib uzun saqqal saxlasınlar. Məzhəblərə gəldikdə isə müqəddəs kitabımız «Quran»nın 6-cı surəsinin 159-cu ayəsində deyilir:
«( Ya Rəsulum! Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra (qiyamətdə) onlara nə etdiklərini xəbər verəcəkdir!)»
İslama inanmayanlarımızı qoyuram bir tərəfə, sizə üzümü tuturam, ey din əhli, indi dini kitabımız olan «Quran»a inanım, ya başı çalmalı məzhəb təəssübkeşləri mollalara? Deməli məzhəblər də hegemonluqdan, mənəm-mənəmlikdən meydana çıxıb. Əslində bütün dövürlərdə pul insanların başına bəla mənbəyi olub. Gündəlik maddi ehtiyacını ödəmək üçin bəşər övladı hansı acılardan keçməyib. Biz əvvəllər kölə millət idik. Bu gün nə qədər Koroğludan, Cavanşirdən, Babəkdən,\ Şah Xətaidən könül dolusu danışsaq da bu belə idi. Fakt odur ki, könül dolusu dəm vurduğumuz babalarımız çoxdan müstəqillik qazanmış millətlərin babaları kimi birləşə bilməyib. Və bu birləşə bilməmək sonrakı dövürlərdə Azəpbaycanın neçə yerə parçalanmasına və imperiyalar əlində oyuncağa çevrilməsinə səbəb olub. Azərbaycan dediyimiz bir ölkə iki böyük imperiyanın əlində alət idi. Bunun səbəbinin çox dərin kökləri var. Elə bu gün iki imperiyanın boyunduruqu altında yaşamış qüzeyli-güneyli vətəndaşlarımız xaricidə də olsa birləşə bilmirlər. Çünki güney fars tərbiyəsi altında, quzey rus tərbiyəsi altında iki əsrdən çox gün-güzəran keçirib. Rus mentaliteti ilə fars mentalitetinin bir araya gəlməsi üçün səbirlə, təmikinlə, dözümlə uzun bir yol getmək lazımdır. Bu yolun çətinliklərinə dözə bilsək birləşəcəyik, dözümsüzlük göstərsək yenə yollarımız ayrı olacaq. Bizim birləşməyimizi isə biz özümüz istəmiriksə, hegemon dövlətlər heç istəmir. Bütün bunları sadalamaqda mənim başlıca məqsədim yazdığım mövzuda quzey Azərbaycanımızın bugünki mənzərəsini canlandırmaqdır. Davamı ilə isə gələn dəfəki yazımda görüşərik. Sağlıqla qalın.
02-09.01.2011