Вы просматриваете: Главная > Şeirlər > ElÇİBƏY…

ElÇİBƏY…

ELÇİBƏY

Vətən aşiqi Əbülfəz Elçibəyə

Candan artıq sevdin yurdu, Vətəni,
Kama çatdın istiqlala yetəni,
Fələk nə tez ruhsuz qoydu o təni?
Həyatını haqqa verdin, Elçibəy,
Bu torpağa sən ki, ərdin, Elçibəy.

Ürəyində vətən eşqi gurladı,
Ocaq oldu, atəş oldu qorladı,
Millət necə unudar o pak adı?
Sən ki, vətən daşı idin, Elçibəy.
Ürəyinin başı idin, Elçibəy.

Kim görmədi fələk tarpatapını?
Vaxtsız ölüm nə tez döydü qapını?
Qırdı qəfil ömrün tale sapını!…
Bu getməyin zülüm oldu, Elçibəy.
Bu nə müdhiş ölüm oldu, Elçibəy.

İmperyaya hamı boyun əyəndə,
Köləliyin önündə qədd əyəndə,
Bu əzablar ürəyinə dəyəndə,
Yandı köksün için-için, Elçibəy,
Fələk qırdı ömrü neçin, Elçibəy?

Bu yurdunu Kəbə bildin qəlbinə,
Yurd dananın vüqarı nə, qəlbi nə?
Zülüm basıb haqqı çoxdan qəlbinə,
İşğal altda qaldı Vətən, Elçibəy,
Bu dərdlərdən əridi tən, Elçibəy.

Bulaq təki təmiz idi ürəyin,
Həm istiqlal, həm ədalət dirəyin,
Halallıqla yoğrulmuşdu çörəyin,
Ey Vətənin qadir oğlu Elçibəy,
Bu torpağın nadir oğlu Elçibəy.

Elə tənə edib səni əydilər,
Haqsız yerə ürəyinə dəydilər,
Kim çarpışdı, kimlər özün öydülər?
Haqqa canı fəda etdi Elçibəy,
O dünyada haqqa yetdi Elçibəy.

Söz götürdün yolun üstə ötəndən,
Ürəyində dərdə dönüb bitəndən,
Sən nigaran getdin yurddan, Vətəndən,
İndi ruhun özün üzər, Elçibəy,
Başımızın üstə gəzər, Elçibəy.

Məzarını Azərbaycan qucaqlar,
Bu ölümə için-için hey ağlar,
Çəkdi fələk dağ üstünə çox dağlar…!
Tarix oldu adın, sanın, Elçibəy,
Qəlbimizlə vurar canın, Elçibəy.

Bayrağımız Məmməd Əmin amacı,
Himnimiz istiqlalın baş tacı,
Onları da sənsiz görmək çox acı,
Təki Vətən ölməz olsun, Elçibəy,
Məzar evin nurla dolsun, Elçibəy,
Məzar evin nurla dolsun, Elçibəy.
24.08.2000.
Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.