DİDƏRGİN ANA
Didərginlik həyatı
yaşayan analara ithaf!
Nədir belə taleyinə yağan yağışlar?
Qəlb içində bu ayrılıq saldı naxışlar,
Yağıları ağ saçların dilsiz qarğışlar,
Sinəmizdə dağdı bu qəm, didərgin ana,
O dərdinə yanar aləm, didərgin ana.
Yurd-yuvanı atıb gəldin, ağladı ürək,
Faciənə matəm geydi, yandı o fələk,
Boşa çıxdı haqqı-sayın çox arzu, dilək…
Sən gəlmisən oban orda, didərgin ana,
Od-ocağın qaldı darda, didərgin ana.
O qabarlı əllərində illər zəhməti,
Yağıların yuva qurdu çirkin niyyəti,
Hər əsrdə kor etdilər pak həqiqəti…
O gözlərin dolan bulud, didərgin ana,
Dilsiz ürək yanıqlı ud, didərgin ana.
Nədir belə içindəki haray, qışqırıq?
Könül sazın susub, fəqət tel qırıq-qırıq…
Sinəndəki o sızıltı, nalə, hıçqırıq,
Kimə qaldı yurd, mahalın, didərgin ana?!
Yurda sığmaz qəmli halın, didərgin ana.
Nədir belə gözlərində bu qədər təlaş?
O solğunca yanağında gilələnib yaş,
O ağrılı sinəndəcə asılıbdı daş,
Ünvanını kimlər pozdu, didərgin ana?
Kök-soyunu yağı yozdu, didərgin ana.
Gün gələr ki, həqiqətin müqəddəs səsi,
Qəfil ox tək dəlib keçər o daş qəfəsi,
Üstünüzdən kəsilməsin haqqın nəfəsi!-
Elinizə yaraq olsun, didərgin ana,
Yolunuza çıraq olsun, didərgin ana.
10.10.1989
Şirin Xanım Kərimbəyli Şadiman