Вы просматриваете: Главная > Şeirlər > DÜNYA SEVİNCDƏN DOLDU…

DÜNYA SEVİNCDƏN DOLDU…

DÜNYA, SEVİNCDƏN DOLDU,
YA KƏDƏRDƏN GÖZLƏRİN?

Baxışından min əsrin dərdi-səri tökülür,
Gündüzünün əliylə min bir zülmət sökülür,
Gözlərinə gecənlə, sanki sürmə çəkilir,
O göz yaşın deyilmi çayların, dənizlərin?
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

İdrakla çarpışmada hər yöndəmsiz duyğular,
Pak sinəndən çəkilməz dərdi-sərlər, qayğılar,
Yenə baş alıb gedir çarpışmalar, sayğılar,
Bu həyat meydanında bükülmədi dizlərin…
Dunya, sevincdən doldu, ya kədərdən gözlərin?

Tamah həddin aşanda ağıl gələr haraya,
Bəzən elə olar ki, ağ deyərlər qaraya,
Çox gəlib-gedən oldu bu bəşəri saraya,
Saxladın hafizəndə gedənlərin izlərin,
Dünya sevincdən doldu, ya kədərdən gözlərin?

Əsər çılğın küləklər bağrında sağa, sola,
Min ağrı-acı dolar köksündəki haqq yola,
Atın çapar sinəndə min-min tale dördnala…
Ömrünü başa vurar şahların, kənizlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Başında min bir qovğa əsirlər yola saldın,
Hər günü ötürəndə bir mərhələ qocaldın,
Namərd əlində enib, mərd əlində ucaldın,
Sinəndə köçün sürdü çirkinin, təmizlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

İdrakının əliylə alim verdi kəşfini,
Tamah düşdü araya hey qıcıtdı dişini,
Sən döndərdin düz yola zamanın gərdişini,
Naqislər qulağına çatmayanda sözlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Şadimanın köksündə tükənməzdir məhəbbət,
Haqsız haqqına çatar gec-tez qoynunda əlbət,
Gül açsın sinən üstə xoş məramlar, xoş niyyət,
Çox-çox “mənəm” dedilər, incitdilər özlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?
16-17.03.1986
Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.