TƏNHA QADIN
Sənin bir halına yananın yoxmu?
Ömrünü, gününü ananın yoxmu?
Bu fəna bəxtini qananın yoxmu?
Alnına talesiz yazılıb adın,
Ay gözükölgəli, ay tənha qadın.
Səndən İlahi də çeviribmi üz?
Olurmu fələyin yolları heç düz?
Bu acı məlalın gəl bağrını üz
Göyün nəfəsini kəsib fəryadın,
Ay gözükölgəli, ay tənha qadın.
Niyə bu dynyaya gəlmisən nalan?
Ömür ötür keçir büsbütün talan,
Könlün qan ağlayır, gülüşün yalan…
Duya bildinmi heç həyatın dadın?
Ay gözükölgəli, ay tənha qadın.
Sənin addımına çox göz qoyarlar,
Qəlbinə dəyərlər, könlü oyarlar,
O qara bəxtini nə vaxt duyarlar?
Yetməyir heç kəsə niyə imdadın?
Ay gözükölgəli, ay tənha qadın.
Axır göz yaşları niyə içinə?
Ömrün evdə təkcə necə keçinə?
Qəlb cavab axtarır niyə, neyçinə?
Qapını açırmı yaxının, yadın?
Ay gözükölgəli, ay tənha qadın.
Gecələr sinəndən ahın yüksələr,
Evin divarları üstünə gələr,
Ürəyin hər səsə, hər ünə mələr!
Soyuq bir təsəllin varsa övladın…
Ay gözükölgəli, ay tənha qadın.
Qorxarsan işığı keçirəsən bir,
Eşqin, sevgin, hissin gecənə qəsir,
Xəyalın çin olmaz vüsala əsir,
Bayquşlar bəzəyər yurdun bərbadın,
Ay gözükölgəli, ay tənha qadın.
Sənə hansı qara ləkə yaxılmaz?
Üzünə bir təmiz eşqlə baxılmaz,
Bəxtin bağlı yolu niyə yıxılmaz?
Boğar göz yaşların göyün gurşadın,
Ay gözükölgəli, ay tənha qadın.
Köçüb yaryoldaşın xəyalınamı?
Əllərin yetməyir vüsalınamı?
Bir yanan tapılıb de halınamı?
Qapında nə işi eviabadın?
Ay gözükölgəli, ay tənha qadın.
Fələk taleyinə niyə qəm yazıb?
Bəxtinmi gecikib, yollarmı azıb?
Acı dərdlərinə bir məzar qazıb
Dadasan dünyanın şadlığın, şadın,
Ay gözükölgəli, ay tənha qadın.
Şadiman gözündə görür qəm izi,
Ömrün tufanında solan bənizi,
Ayıq ol! Batırar həyat dənizi…
Yetənə yanmasın qoy könül odun,
Ay gözükölgəli, ay tənha qadın.
Ay gözükölgəli, ay tənha qadın.
14.08.2001
Şirin Xanım Kərimbəyli Şadiman