DÖRDLÜKLƏR
*
Allah, axtarmayaq çarə fələkdə,
Düşmənə hiddəti artır ürəkdə.
Bizim səbrimizi al əlimizdən,
Qisasın havası bitsin diləkdə!…
*
Ürək əzizlənən dilək kimidir,
Qədrini bilməsən kələk kimidir.
Qayğı göstərməsən yolda qoyacaq,
Vətən də döyünən ürək kimidir…
*
Sən ey həkimlikdən yapışıb duran,
Ömürlük düzlüklə qoy olsun aran.
Hər insan yaşamaq eşqiylə yanır,
Olma ömürlərə sən balta vuran!…
*
Hər kəsin bəxtinə düşməz yaxşı dost,
Ömür yollarının gözəl naxşı dost.
Sınaqdan çıxması darda bilinər,
Haqqa gedən yolun düz baxışı dost.
05.03.2016
*
Dünyaya gələndən bir can tapmışam,
Canımın içində hicran tapmışam.
Hər günüm ömrümə kədər püskürüb,
Boğulan canımı ondan qapmışam.
*
Sən ey sevgi deyib qəlbdən yapışan,
Var olan günündən o ki, pərişan.
Can özü dünyada nağıl kimidir,
Bədəndən qopanda verməyir nişan.
06.03.2016
İKİLİKLƏR
*
Dünya da insana çox ağrı imiş,
Ömrü alıb qaçan bir oğru imiş…
*
Hər insan həyatı bir inci kimi,
Var olan gününün sevinci kimi…
Şirin Xanım Kərimbəyli Şadiman