Baş səhifə
 Bədii yaradıcılıq
 Biblioqrafiya
 Kitablar
 Məqalələr
 Şeirlər
 Poemalar
 Dramlar
 Publisistika
 Haqqımdakı kitablar
 Şəkillər
 Qonaq dəftəri
 Əlaqə
   
 

Bağlantılar

 
 

Ziyarətçilər

 
free counters
   
 
   

 

SEVGİ VARA SATILMAZ

4 pərdəli, 8 şəkilli mənzum dram)

 

İştirak edirlər:

Ərqaya-25 yaşında mühəndis
Altunşah-30 yaşında xüsusi dükan sahibi
Narınc xala-Altunşahın anası 60 yaşında
Süsən-18 yaşında gənc bir qız
Süsənin xəyalı-göy libasda
Nazan-22 yaşında pozğun qadın
İnci-17 yaşında pozulmuş qız
Sultan-40 yaşında heç yerdə işləməyən
balıq alveri ilə varlanmış şəxs
Aypara-Sultanın həyat yoldaşı 35 yaşında
Lamiyə-qızı12 yaşında
Qadınlar
Həkimlər
Şəfqət bacıları

I PƏRDƏ

(1-ci şəkil)

Hadisələr Bakıdan bir xeyli kənarda şəhər tipli böyükada
qəsəbəsində cəryan edir. Səhərdir. Ərqaya bir gözdən ibarət
mənzilində çay tədarükü görür. Elə bu zaman yayından çıxmış ox təki telefonun cingiltisi otağa yayıldı.

Ərqaya
(həyacanlı)

Alo, alo, Süsən, danış yandı ürək,
Nə taledir yazdın mənə aman, fələk?
Ah, Allahım, böylə sükut, böylə təlaş,
Sinəm üstdən asılıbdı qara bir daş.
Bilirəm ki, sonu yoxdur bu sevdanın,
Kasıb evin oğulusan çıxsın canın.
Hardan mənim pulum-param cehiz alım?
Ürəyimcə başa varsın qoy vüsalım.
Doğub məni cocuqluqdan atdın, ana,
O gündən də, hənuz suça batdın, ana.
Uşaq evi qucağına aldı məni,
Yad əllərlə, yad dillərlə çaldı məni.
Məşəqqətlə ali məktəb bitirmişəm,
Neft üzrə mühəndisdi indi peşəm.
Bir tərəfdən bahalığın üzü dönük,
Səadətim, sevgim, eşqim, bəxtim tünük.
Sevdiyimi kimdi mənə verən ucuz?
Köksüm yara, yara üstdən tökülür duz.
Yazılıbsa taleyimə bu qızcağaz,
Bir gün mənim ömrümə də gələcək yaz.

O telfonun dəstəyini yerinə qoyur. Dilindən tökülən ah, fəqanlarla Süsənin xəyalı gözünə görünür. Onun canı atəşlərə bürünür.

Süsənin xəyalı

Uyğularda gördüm gecə bir qatarda,
Sənin ilə oturmuşam ağ paltarda.
Sevgimizin zirvəsinə hey yüksəlib,
Əzabların, zülümlərin bağrın dəlib,
Yol gedirik paralardan qurtulmaqçın,
Pak ayrı bir səyyarəyə atılmaqçın.
Nə qardaşım Sultan vardı yanımızda,
Altun duyğu, bəxtəvərlik qanımızda.
Ac-yalavac adətləri qoyub burda,
Həsrət ilə qərib-qərib baxır yurda,
Hey qaçırdıq bu dünyadan, vurhavurdan,
Bir-birilə didişmədən qırhaqırdan…
Ərqaya
(çaşqın)

Ah, sevgilim, yenə gəldin səhər-səhər,
Ah, sevgilim, yenə gəldin sən bir təhər.
Xəyalların qəlbə sitəm, ələm, qəhər,
Zəhər oldu bu məhəbbət mənə, zəhər!
Telefonda pak səsin də xəyalmıdır?
Kölgələrin taleyimə vusalmıdır?
Hünərin yox qapımızı açmağa da,
Alıb səni qərib yerə qaçmağa da.
Xülyalarla sevgimizi böləsiyik,
İkimiz də bu eşq ilə öləsiyik.
Ah, Allahım, al kölgəni apar məndən,
Parçalandı köksüm nar tək oldu dən-dən.

Süsənin xəyalı yox olur. Ərqaya, əsəbi, mühəndis işlədiyi
neftçıxarma idarəsinə gedir.

2-ci şəkil

Dolu öynə, Sultanın qırmızı kərpicdən yapılmış qəsrəbənzər
dəbdəbəli evi. Süsən və Ərqayanın eşqindən xəbər tutan
Sultan bacısını evdə əsir edib heç yerə buraxmır. O Süsəni
özü kimi pullu-paralı adama ərə vermək istəyir. Vaxtsız
ata-anasını itirmiş, Sultan balıq alveri ilə varlanmışdır. Dörd
divar arasında dustaq edilmiş Süsən qardaşı arvadı Aypara
və qızı Lamiyə ilə evdədir.

Süsən
(qəmli-qəmli)

Bəzəkli ev-eşik, bu var, bu dövlət,
Hamı suç, hamısı heyvani qələt.
Ürək sevgi, dostluq, saflıq, oyuncaq,
Haram pul-parayla doludur qucaq.
Kiminin yeməyə çörəyi yoxdur,
Kiminin varı çox ürəyi yoxdur.

Aypara

Masanın üstündə necə yeməklər,
Meyvələr, şirnilər, özün de nələr?
A Süsən, nəyimiz əskikdir, balam?
Kəsilib arada iltifat, salam.
Üzünün çöhrəsi tufandan betər,
Yenə başlamısan, sən Allah yetər!
Bilmirəm kefini nə ilə alam?
Dözürəm hər cəngə, mən Rüstəm-zalam!
Axı tək deyilik bu el içində,
Qonşuların dili niyə,neçində?
Sənin Ərqayayla məhəbbətin car,
Həya yaxşı şeydir el, caamat var.
Qardaşın nə vaxtdı üzümə baxmır,
Məni də heç yerə daha buraxmır.
Nəzir-niyaz ilə bir qızımız var.
Firavan günümü eyləmisən tar.
Sevgi də, eşq də bir quru sözdür.
Axı qonum-qonşu bu evə gözdür.

Lamiyə

Mənim gözəl bibim bir nağıl söylə,
Nədən pərişanlıq bu qədər böylə?
Bu evdə tək sənsən qəlbimə yaxın,
Qüssəni, kədəri buraxma yaxın.

Süsən
(Lamiyənin boynunu qucaqlayır)

Mənim kədərlərim qaynayan çeşmə,
Ürəkdir tab edir keşməkeşimə.
Mən gedən deyiləm o Altunşaha,
Qoy naləm, fəryadım yetsin Allaha.
Onun dükanı var, adamdır demək?
Bəşərin başında pul-para, yemək.
Boğur bu cəh-cəlal, bu sərvət məni,
Bağlanan bəxtimin üzülüb dəni…

Lamiyə
(məsum-məsum)

A bibi, nağılı qoy bir tərəfə,
Nə yazıq taleyin keçib kələfə.
Vallah, o Ərqaya çox sevir səni,
Qov gözəl çöhrəndən çiskini, çəni.
Hər gün pəncərənin önündə durur,
Məktəbdən dönəndə o məndən sorur…
«Salam söylə» dedi dünəndə yazıq.

Aypara
(əsəbəi)

Allahım, nə qədər gör biz dayazıq?
Sus ay qız, nə olub dil-dil ötürsən,
Kitabı əlinə bir dəm götür sən.
Altunşaha verdik onun hərisin,
Atan mən yazığa tökür hirisin.
Bilsə hamımıızı qırar, öldürər,
Bütün el-obanı bizə güldürər.
Sevgi kişilərin fitnə-fəsadı,
Dünyada yaşayar pak qadın adı.

Lamiyə
(sadəlövhcəsinə)

Bibimin günahı nədir ki, ana?
Yazığ qızcağazı yığmısan cana.
Ərqaya yaxşıdır, Altunşah lovğa,
Niyə buraxmırsız onu yovuğa?
Əgər oxuyana qiymət yoxdursa,
Alver edənlərdə para çoxdursa,
Haram yeyənlərdə cəh-cəlal böyük,
Halallar dünyanın boyununa yük,
Elm niyə lazım, deyirsən oxu?
Buraxıb məktəbi indi ki, çoxu.

Süsən
(qəmli)

Qönçəm, qərənfilim, ey saf bulağım,
Yeganə təsəllim, könül dayağım.
Lamiyə, ürəyin bir şəlalədir,
Bəyaz səhərlərdə şehli lalədir.
Bibinin dərdinə çarə bulunmaz,
Zamanım, həyatım, qəlbim ovunmaz.
Zorla Altunşaha verirlər məni,
Böylə bəxt tapmasın dünyada səni.
Ümid əsirgəmə məndən, Allahım,
Yetsin hüzuruna bu qəmli ahım.

Aypara
(əsəbi)

Yenə səhər-səhər başlama qəmə,
Acı fəryadınla çapma aləmə.
Nə var, nə görmüsən o ac gədədə?
Yaralar açılar bomboş mədədə.
Malsız, mülksüz sevgi-bir qədəh zəhər,
Üzəcək ömrünü ehtiyac, qəhər.
Parasız sevginin heç faydası yox,
Barı, Allahından, Tanrından bir qorx.
Şahlıq quşu qonub başına yazıq,
Niyə biz qadınlar belə dayazıq?
Sevgi ər evində, xoş gün-güzəran,
Çıxar Ərqayanı qəlbindən bu an!

pərdə örtülür.

II PƏRDƏ

3-cü şəkil

Nazanın 3 gözdən ibarət mənzili. Nazanın anası işə gedən kimi o, başına qəsəbənin pullularını yığıb kef məclisi qurur. Düz 10 ildir ki, pulluların pulları ilə Nazan bu həyata qurşanıb. Yüngül həyata alışıb, rəfiqəsi İnci də ondan dala qalmır. Yenə də o kef məclislərindən biri Nazanın evində. Sultan, Altunşah, Nazan və İnci bir masada cəm olublar.

Nazan
(kefli və papiros damağında)

Baxtım gətirməyib mənim heç zaman,
Bu qara taleyim edir ah-aman.
Anam ermənidir, atam azəri,
Düz kişi sayılar ailənin əri.
Gözümü açandan hiss elədim mən,
Evimiz içində gəzir duman, çən.
Onlar bir-birinə heç can demədi,
Bir acı sözü də heç kim yemədi.
Qırğın, dava-dalaş artdı günbəgün,
Qırıldı bağlılıq bu toy, bu düyün.
Sonra atam atdı bir gün anamı,
Uçuldu ailənin xoşbaxtlıq damı.
Gəmidə keçirir anam vaxtını,
Dağıtdı tənhalıq könül taxtını.
Bilməm azəriyəm, yoxsa erməni,
Siz deyin kim necə çağırsın məni?
Mən lazım deyiləm ata, anama,
Neylim doğulmuşam dünyaya, amma…

Sultan
(canyanalıqla)
Nazan bu söhbəti yığışdır daha,
Salma kef məclisin naləyə, aha.
Sən özün həm ata, həm də anasan,
Mənimçin nazlı bir ürkək sonasan.
Doldur, ey mələyim, eşqlə beyini,
Sən ki, doğmamısan valideyini.
Əymə qəm, kədərlə belə qəddini,
Qoy onlar çəksinlər sənin dərdini.

Nazan
( qayğılı)

A Sultan, bu yerin kişisi sənsən,
Ağlına, puluna alüdəyəm mən.
Səninlə olduğum anlarım dadlı,
Zamanım, ömürüm, günüm qanadlı.
Atadan, anadan yaralı İnci,
Bugün süfrəmizə verər sevinci.
Fəqət sən mənimsən, rəfiqəm bilir,
Bu dəli eşqimə İnci də gülür…

Sultan
(qəhqəhələrlə)

Kef məclislərimin yaraşığısan,
Görən gözlərimə sən ki, işığısan.
Sənsiz fələklərə sipərdi ahım,
Hər qara gecəmə bəyaz sabahım.
Səni uca tutdu həmişə könlüm,
Bir an ayrılmaram gəlməsə ölüm.
Altunşah İncinin qulluğunda ol,
Bugün süfrəmizdə qədəhlərə yol.
Birinci sağlığı Nazan eşqinə,
Tanrıdan diləyim şükür bu günə.

Altunşah
(nəşəli İncinin belini qucaqlayır)

Əlbəttə, bu xanım incidən inci,
Nəş’əli könlümün odur sevinci.
Şərablı dodağı dodağıma bal,
Gəl kef məclisində ürəyimi al.

İnci
(nazla)

Ah, dostum, nə qədər alovlu sözlər,
Alışır eşq ilə sevgili gözlər.
Bu nahar nəş’ələr bəxş eylə mənə,
Mən də bu könlümü qoy verim sənə.

Nazan
(kefli)

Şərab şüşələri boşalır bir-bir,
Vaxtımız daralır, tükənir səbir.
İndi dönəcəksən yenə evinə,
Sultan, bilsən necə çətindir mənə?
Nə qədər pul-para töksən başıma,
Bunlar əlac olmaz bu göz yaşıma!
Səni qısqanıram öz arvadına,
O mətbəx qarısı, yazıq qadına.

Sultan
(qəzəbli)

Şərabın çox düşdü deysən, Nazan,
Yenə kəllə-çarxa vurdu başda qan.
Eyvah, istəyinə hazır pul-para,
Çox da çərənləmə, bəsdir, avara!
Sənin dilin ki var, başa dərd açar,
İçki məclisindən sevgilər qaçar.
Səni arvadımdan artıq tutmuşam,
Ona istəyimi tam unutmuşam.
Atımmı deyirsən evimi daha?
Son qoy göz yaşına, son qoy bu aha!

Nazan
(qəhqəhələrlə)

Səni çox sevirəm canımdan öncə,
Könül qapısında hər gündüz-gecə,
Xəyallar əl açır dilənçi kimi.
Kimi fəryadıma çağırım, kimi?
İndi gedəcəksən evim bir məzar,
Tənha həyatıma qəm quyu qazar.
Yatağım, otağım boş qalacaq, boş,
Taleyim mənimlə baş-başa sərxoş.

Altunşah
(amiranə)

Yenə tüğyan etdi eşq nağılları,
Qopartdı başlardan saf ağılları.
Nazan qısqanclığa başladı yenə,
Gərək ki, İnci də qoşulsun sənə.
Süsənlə toyumuz tezliklə olar,
İnci də səninlə bir hava çalar.

İnci

Mənmi, ah, mənimçin kişilər birdir
Sevgi təbiətdə açılmaz sirrdir.
Nə qədər könlümü salsa min hala,
Qəlbim sevgiləri buraxmaz qala.
Nazan, qurtar canım cəfəngiyyatı,
Sevgiyə qul etmə azad həyatı.
Bu kef masasında dadlı yeməklər,
İştahı ovlayan ləziz xörəklər.
Çeşmə tək qədəhə süzülən şərab,
Budur, əzizlərim, nəş’əli həyat.
Mən buna deyirəm ən şirin busat,
Ailə də, uşaq da iyrənc bir röya,
Ömrümü ram edər bu qorxunc xülya.

Sultan

Ha, ha, İnci, səndə bu sözlər hardan?
Ağıllı xəlq edib səni Yaradan!

Nazan
(son dərəcə sərxoş)

Ah, Sultan ömürlük mənim olmalı,
Mənimlə bir evdə hər dəm qalmalı.
Ya sona yetirmək bu qeylü-qalı,
Tükənib canımın qüssədən halı.

(şərabla dolu qədəhi Sultanın ayaqları altına atır…)

Sultan
(qəzəblə ayağa qalxır)

Sərvətim, dövlətim bəs etmir sənə,
Əvəzində budur yaxşılıq mənə?
Nə sevgi, məhəbbət ağılsız qadın?
Soyumda çatmayır o pozğun adın?
Qadınlar heç zaman bilməz yaxşılıq,
Bircə anlıq kefi, ya bir xoş qılıq…
Sevginin adına yazar o saat,
Budur, aman Allah, qadınlı həyat!..

pərdə örtülür.

4-cü şəkil

Xeyli zamandır Süsən Altunşaha nişanlanıb. Bir azdan Altunşahla Süsənin restoranda toyu gözlənilir. Toydan qabaq Süsənə qardaşı Sultanın evində oğlan evindən gələn qadınlar gətirdikləri gəlinlik paltarını geyindirməklə və bəzək-düzəklə məşğuldurlar. Süsən qadınlardan icazə alıb kədərli halda ayrı otağa keçir.

Süsən
( son dərəcə kədərli)

Allah, çəkdiklərim nədir dünyada?
Öz doğma qardaşım çevrilib yada.
Gözüm görə-görə könlə dağ çəkir,
Qəlbində hardandır bu hiylə məkir?
Məni sevmədiyim adama verir,
Könlümü əzabla, ağrıyla gərir.
Bu dərdin çarəsi yalnız intihar,
Qardaşım Sultana qoy bu olsun ar.
Bilirəm özünə qəsd etmək günah,
Fəqət Altunşahla günüm olar ah.
Ahlarla çarpışan ömür vay keçər,
Bəbəyin yaşları qəlbdən su içər.
Bu çayda boğular bütün diləklər,
Bir-birin sevmirsə, əgər ürəklər.
Sinəmdə bir başqa məhəbbətim var,
Bir başqa biriylə can ülfətim var.

Ərqayanın eşqi könlümə yardır,
Onsuz dünyam mənə büsbütün dardır.

Bu zaman Sultanın arvadı Aypara otağa daxil olur.

Aypara
(acıqlı)

Ay qız, niyə belə dərdə batmısan?
Özünü dərd, qəmə, vaya atmısan.
Səni bənzəndirir oğlan adamı,
Qoyma sinələrdə, sən Allah kamı.
Analar bəsləyir eşqlə balanı,
Bir düşün, ay balam, Narınc xalanı.
O da Altun şahı kamla saxlayıb,
Xalqdan, caamatdan ayıbdır, ayıb.
Söylə nə edirsən bu tək otaqda,
Dərdə salıb canı qoyma yataqda.

Süsən
(əsəbi)

Sən məni güdürsən, vallah, ay gəlin,
Mənimçin hər zaman zəhərdir dilin.
Az qalıb arzuya yetərsiz daha,
Siz məni batırdız büsbütün aha.
İndisə izləmə məni hər addım,
Mən sənə bu evdə həmişə yaddım.
Qardaşın arvadı baldızı sevməz,
Baldız da heç zaman yad qızı sevməz!
Bunu eşitməkçin gəldin sən bura,
Bəsdir, ürəyimi etdiyin yara.
Keçdim bu otağa bir az dincəlim,
Gəlmədim dilinlə solum, incəlim.

Aypara
(məyus)

Nə dedim dilindən töküldü zəhər,
Zəhər danışana bəxt verməz bəhər.
Ağlını başına yığ, ay biçarə,
Bir azdan toyundur arama çarə.
Üzünün gülüşün qaçırtma belə,
Salma öz adını ağıza, dilə.
Mənim deycəyim sözlərim budu,
Evimizi yıxar bu dedi-qodu.
Qadınlar oturan otaqda otur,
Elin söz-söhbəti aləmi qatır.
Gedirəm, sən də gəl tez yanımıza,
Salma ağrı-acı bu canımıza.

Aypara son dərəcə hirsli otağı tərk edir.

Süsən
(həyacanlı)
Allahım bu dərdin əlacı dərman,
Doldursam mədəmə el eyləməz man.
Onsuz da bir azdan gedirik toya,
Mənim əzablarım qoy dönsün vaya.
Başağrı dərmanı çatar dadıma,
Yetişər əzablı can fəryadıma.

Bir ovuc dərmanı qoynuna qoyub qadınların yanına keçir.Pərdə enir.

 

III PƏRDƏ

5-ci şəkil

Gəlini aparmağa gələn maşın həyətdə gözləyir. Qadınlar Süsənin üst-başına və üz gözünə axırıncı dəfə fikir verirlər.

Qadınlar
(bir səslə)

Qızlar, gözünüz aydın,
Deyin Süsənin adın.
Bəxtiniz qoy açılsın,
Qüssə, qəmdən qaçılsın,
Qızın bəxti ər evi,
Qadın edər zər evi.
Gəlin evə din-iman,
Onsuz ev boş dəyirman.
Ay qızlar, xoşbaxt olun,
Baxın, səadət yolun-
Açarı Süsəndədir,
O hamıdan öndədir.

Aypara
(üzünə təbəssüm verərək)

Ay qadınlar, sağ olun,
Daima xoşçağ olun.
Toy hər qıza büsatdı,
Bu bir xoşbaxt saatdı.

Qadınlar
(yenidən bir səslə)

Ay Aypara, mübarək,
Coşub-daşsın qoy dilək.
Sən qardaş arvadısan,
Süsənin imdadısan.
Sən ona ana oldun,
Çox məğrur sona oldun.
Hər subaya bu gündən,
Bu toydan, bu düyündən,
Qismət olsun inşallah,
Hər işdə böyük Allah,
Qoy bizlərə yar olsun,
Millətimiz var olsun.
Toy evlər yaraşığı,
Hər evin gur işığı
O, hər qapını açar,
Heç kim olmasın naçar.

Lamiyə
(dolmuş halda bibisi Süsənə yaxınlaşır)

Bibi, gözüm işığı,
Evimiz yaraşığı.
Mən sənsiz nə edəcəm?
Vallah, gəlib-gedəcəm,
Unutmaram mən səni,
Ayrılıq, həsrət çəni
Gözlərinə dolmasın,
Gözəl üzün solmasın.
Sənin qardaşın qızı,
Salar könlünə yazı.
Bibi qadanı alım,
Səni qəlbimə salım,
Orda könlümü bəzə,
Gəlməyəsən heç gözə.

Süsəni qucaqlayır.

Süsən
(pıçıldayır)
Bu evdə tək sevincim,
Mənim dürdanəm, incim.
Sən əzizdən əzizsən,
Çeşmələr tək təmizsən.
Candan sevirəm səni,
Səndə unutma məni!
Mənə su gətirsənə…

Lamiyə bibisinə su gətirir.

Lamiyə
(həyacanlı)

Al iç, bibi, bu suyu,
Fikir dərin bir quyu.
Kim düşsə heç çıxmayır,
De o kimi yıxmayır?
Sevin, şadlan, ay bibi,
Ahdır həyatın dibi.
Hamıya quyu qazır,
Kitablar belə yazır…

Süsən
(qürurlu)
Kədərlərin yuxlasın,
Allah səni saxlasın.
Ata evinə işıq,
Bəxtimizə yaraşıq.

Lamiyəni öpüb su ilə dolu stəkanı ondan alır.Bu vaxt həyətdən gəlin üçün gələn maşınların səsi eşidilir.Baş qarışır, Süsən qarşıqlıqdan istifadə edib qoynunda gizlətdiyi
başağrısında işlədilən analgin dərmanından bir xeyli qəbul edir. Lamiyənin gətirdiyi suyu içir. Süsəni gəlinlik paltarında otağdan çıxarıb maşina aparırlar. Hamı evi tərk edir, yaxınlıqda toy olacaq restorana tələsir. Pərdə örtülür.

                                                  6-cı şəkil

Toy keçiriləcək restoran. Bəylə gəlin başda əyləşib. İçdiyi dərmandan Süsənin əhvalı pisdir.Toy qələbəlikdi. Toya yalnız amerka pulu dollar salınır. Süsən son dərəcə ağır psixoloji durumda…

Altunşah
(fərəhlə)

Ay ana, toy gərək Böyükadada,
Çatsın ən şərəfli, böyük bir ada.
Yeməklər, şərablar bir çeşmə olsun,
Durub, dayanmadan süfrəyə dolsun.

Narınc
(sevincdən titrək halda)

Allah, bu gün necə mən bəxtiyaram,
Ürəyim, könlüm tapmayır aram.

pıçıltıyla

Süsəndən nigaran yalnız ürəyim,
Rəbbim, qoyma qalsın qəlbdə diləyim,
Toyu təmtaraqla bir başa vuraq,
Biz dostdan, tanışdan ucada duraq.
Heç bir arzu deyil daha gərəyim.

Süsən
(halı son dərəcə qarışıq halda)

Aman, ya Rəbbim, imdad fələyim,
Qızıllar, altunlar barmaqlar bəzər,
Ürək Ərqayanın sevgisin gəzər.
Sevgilim yəqin ki, indi qüssəli,
Eyvah, əllərimə yetməyir əli.
Bu mənim toyumdur, bu şan, bu şöhrət,
Qara taleyimi alıb fəlakət.
Bu gecə özgəyə yar olmalıyam,
Saralıb çiçək tək mən solmalıyam.
Altunşah bilmir ki, içdiyim dərman,
Bu gün ölümümə verəcək fərman.
Artıq ürəyimdə bulanmalar var,
Başıma olubdu dünya tamam dar.

Altunşah

Ah, Süsən, sevgilim, bu təmtəraqlar,
Xoşbəxt səadəti sevgi varaqlar.
Mən səni qızıla tutacam, yarım,
Ömürlük sənindir sərvətim, varım.

Süsən
(xəstəhal)

Ah, yenə var-dövlət, yenə pul-para,
Min il, milyon ildi bəşər avara!

Bu zaman Altunşah Süsənin əlindən tutub ortaya çəkir.
Süsən qol götürüb oynayanda Ərqayanın xəyalı gözləri
önündə canlanır və bayılır. Ara qarışır, toyda cəh-cəlal
pozulur…

Narınıc xala
(ağlar)

Məni eşitmədi Altunşah, Allah,
Qız ölsə nə deyər xalq mənə sabah?
Gəlin başqasının eşqiylə yanır,
Mənim harın oğlum sevgi nə qanır?!
Qızlar tükənibmi bu məmləkətdən?
Mən necə qurtulum bu fəlakətdən?

Süsən camaatın gözü qarşısında axır anlarını yaşayır. Acqarına içdiyi dərmanlar artıq qanına zəhərlənmə vermişdi.

Süsən
(can üstə)

Aman, ulu Tanrım, axır ki ölüm,
Bitdi bu əzablar, bitdi bu zülüm.
Yetiş imdadıma, yetiş Ərqaya,
Allah, özü məni tuş etdi vaya,
Mənim səadətim məzarda başlar,
Boğmasın Lamiyə gözünü yaşlar…

Lamiyə
(hönkürtüylə)

Bibi, yazıq bibi yumma gözünü,
Qoy bircə anlıq da görüm üzünü.

Aypara
(çaşqın)

Yox, yox, ola bilməz bu bir yuxudur,
Qalx, Süsən, şaşqınlıq, bəlkə qorxudur.

Altunşah
(diz çökür)

Aman, ay Allahım, səbr ver mənə,
Əzəlki həyata qayıdım yenə.
Bəlkə zəhərlədin sən öz-özünü,
Mən aça bilmədim o kor gözünü.
Süsən, ölmə, Süsən, gözlərini aç!
Ölümün əzazil pəncəsindən qaç.
Mən ki, heç vüsala yetişmədim ah,
Daha açılmasın bu gündən sabah…

Süsən
(bənizi saralmış)
Altunşah eyləmə cəfanı cana,
Məni Allah özü salıb divana.
Dərdimə dərmanı eyləmək becə,
Bir azdan həyatım olacaq gecə…

Altunşah
(çaşmış halda)

Bəlkə dərman içib hamıdan gizli,
İlahi, bu dünya, cahan min üzlü.
Elədim bir qızı zorla nişanlı,
Adım el ağzında qalacaq qanlı.
Əlimlə məhv etdim, Rəbbim, Süsəni,
Daha cəhənnəm də götürməz məni!
Aman, ah İlahi, neyləyim indi?
Toyum vaya döndü, bu necə gündü?

Sultan
(qəzəbli)

Axmaq qız, qalx daha bu oyun yetər,
Bitər bu çaşqınlıq, çılğınlıq yetər.

Süsən
(son nəfəsdə)

Son vida, son nəfəs bir quru səsdir,
Onsuz da bu dünya mənə qəfəsdir.
Ruhum Ərqayaya qovuşacaqdır,
Bu həsrət, bu hicran sovuşacaqdır.
Ah, əziz qardaşım, daha əlvida,
Gəl, öp alınımdan bu ki, son vida.

ölür…
Yeganə bacısının ölümündən dəhşətə gələn
Sultan nalə çəkir. Toy yasa çevrilir.

Sultan
(sarsılmış)

Ya Rəbb, bu nə sitəm, bu nə fəlakət?
Bugündən qoy gülsün mənə məmləkət.
Məhv etdim bacımı öz əllərimlə,
O rəzil, o çirkin əməllərimlə.
Qoy Tanrı, qoy Allah qəhr etsin məni,
Qaytarmaq çətindir, ey Süsən, səni.
Gəlinlik paltarı, qızıl, pul-para,
Çəkdi ürəyini min yerdən dara.
Bacımın bəxtinə yazıldı qara.

Başını əlləri ilə tutur və Süsənin meydinin üstünə yıxılır.
Toyu gizli seyr edən Ərqaya Süsənin onun üçün naməlum olan ölümündən dəhşətə gəlir. O dəli qəhqəhələrlə sevgilisinin meydi üstündə fəryad edir…

Ərqaya
(dəhşət içində hönkürür)

Dünya ağlar ölümlərdən, Allahım, imdad vaxtıdır,
Cana gəldim zülümlərdən, zəmanədən dad vaxtıdır.
Çəkilibdi qəlb içinə dağ-düyünün hesabı yox,
Bu naqəfil ölümlərdən ürəklərin heç tabı yox.
Sevgim, hissim, eşqim öldu zalımların sitəmindən,
Uçulub könül sarayım dillərin acı təmindən.
Yandım, külə döndüm, Allah, can bədənin dustağıdır,
Bu cahillik ilan təki zəhərləyən qəm tağıdır.
İnsanlar, gülməyin eşqə, ürəklərin sultanı o,
Suçu məndə aramayın bəxtimin ən xoş anı o.
Bir deyən yox, ey Ərqaya, niyə gəldin bu cahana?
Süsən düşüb torpaqlara nə qəsd etdi şirin cana…

(cibində gizlətdiyi bıçağı öz ürəyinə yeridir. Ərqaya alqana
bürünür, o qan içində Süsənin meydini qucaqlayır və ölür... Bu mənzərədən dəhşətə gələn camaat kimi meyidlərin üstünə qaçır, kimi isə restoranı tərk etməyə başlayır.

IV PƏRDƏ

7-ci şəkil

Süsənlə Ərqaya neçə gündür məzarlıqda uyuyur. Sultan üzütüklü Nazanın evində. Altunşah da onunla bir yerdədir. Sultan son dərəcə kefli…

Sultan

Ah, Nazan, bilirsən yaslı da olsam,
Tufan buludu tək boşalıb dolsam,
Səninlə təsəlli tapıram, ancaq,
Bu mənzil ömrümə son dayanacaq.

Nazan
(siqarı siqara calayır)

Bilsəydin nə qədər sevirəm səni?
Heç kişi ovutmaz dünyada məni.
Səni qısqanıram günə, aya da,
Naləmdən fəqanə gəlir qaya da.

İnci
Yenə də başladı qızda dəlilik,
Min yol söyləmisən bunu bilirik.

Altunşah
( kədərli)

Bəlkə doğrudan da sevir Sultanı,
Onun da cismindən çıxacaq canı.
Daha anlamayır sevgi ölümdür,
Ürəklər bu hissdən bölüm-bölümdü.
Ərqayayla Süsən görün ki, necə?
Ölümə tuş oldu özləri becə!

Sultan
(həyacanlı)

Sus, dostum, Süsəni gətirmə dilə,
Məhv etdim bacımı mən bilə-bilə.
Demə, pak sevgilər varmış həyatda,
Təmiz ürəklərdə ən dərin qatda.
Onun taleyinə mən qara yaxdım…

Nazan
(kefli)

Sultan, mən də sənə bu eşqlə baxdım,
Ya mən, ya arvadın birimizi seç,
Sevginin yolunda balandan da keç.

(bu zaman Sultan qəzəblə sillələrə Nazanın üzünü
qərq edir …)

Sultan
(nifrətlə bağırır)

Ah, pozğun, ifritə, küçə qadını,
Mənimlə bir yerdə çəkmə adını.
Hərzə danışma gəl eşqidən mənə,
Bunu milyon kərə söylədim sənə!

(Nazan ağlaya-ağlaya mətbəxə qaçır…)

Nazan
(mətbəxdən)

Sən öz sözlərinçin cavabı ara,
Sənin ürəyinə vuracam yara.

Sultan
(sakit görkəm alaraq)

Bəsdir, axıtma gəl göz yaşlarını,
Şərabda tapmısan sirdaşlarını.
Çoxdan itirmisən namusu, arı,
İçgidə axtarıb tapmısan yarı.
Min Sultan bəs etməz bir gündə sənə,
Fikrin kəf gəlməkdir indi də mənə.
Sevgidən, eşqidən oxudun, bəsdir,
Məni qamarlamaq hiylən əbəsdir.
Şərab tək qədəhə süzüb adını,
Kef üçün çox içdim sən tək qadını…

Birdən Nazan əlində bıçaq mətbəxdən gəlir, bir əliylə Sultanı
arxadan qucaqlayır, bir əliylə qoltuğu altda gizlətdiyi bıçağı onun boynuna çəkir. Arteryal qan damarına düşən bıçaq yerə düşür.Və qan çılçırağın və oturacaqların üstünə fışqırır.
Altunşah Sultanın üstünə yüyürür. Nazan dəli kimi dişarıya atılır və qonşudan təcili yardıma zəng edir.

Sultan
(qan içində)

Ah, Allah, ah, Tanrı, bu düşgün qadın,
Batırdı bir nəslin, bir soyun adın.
Bacım elə öldü mən isə belə,
Verdim həyatımı, İlahi, yelə.

Təcili yardım gəlir. Sultanı xeyli qan itirmiş halda xəstəxanaya aparırlar.
pərdə örtülür.

8-cı şəkil

Gecədir. Xəstəxana. Çoxlu qan itirmiş Sultan ağır vəziyyətdə cərahi əməliyyat altında. Ərinin sağ qalacağına ümidini itirmiş Aypara dəhliz boyu hönkür-hönkür ağlayıür. Yuxusuzluqdan və dəhşətdən Lamiyənin ay üzü qaralıb.

Lamiyə
(ağlar)

Ana zülümlərdən üzüldü ürək,
Bizə xoş həyatı çox gördü fələk.

Aypara
(ümidsiz)

Ay Allah, bircə yol rəhm eylə mənə,
Dərgahında əlim, dərvişəm sənə.
Sultana şəfa qıl qalxsın ayağa,
Qıyma şirin cana, qıyma növrağa.

Şəfqət bacısı
(qapını açır və dəhşətlə)

Doktorlar saxlaya bilmədi qanın,
Yaralı xəstəniz tapşırdı canın…

Aypara
(içəri yüyürür və ərinin meyidi üstünə sərilir.)

Sultanım, ömrünün taxtı çevrildi,
Yeganə qızımın baxtı çevrildi.
Dost-düşmən içində xəcil olduq ah,
Mənə də rəhm eylə öldür, ay Allah.
Dağıtdı evimi şərəfsiz qadın,
Ləkəyə batırdı bir soyun adın.
Ay Allah, of, Tanrı, zülmünə bir bax!
Partladı bağırım, ax ürəyim, ax,
Yanır cismi-canım, odlarım sönməz,
Sultanım bir daha ocağa dönməz.
Nazan tutulubdu polisdə yatır,
Əxlaqsız qızının cinisi qatır.
Küçə qadınına verib parasın,
Atdı yetimliyə ciyərparasın.
Mənim fəğanımdan inləsin bəşər,
Şeytan insanlıqdı, iblis ürək şər.
Bir-birinə qənim kəsildikcə biz,
Gecələr yarasa, gündüzlər iblis.
Bir üz görmədim ki, olmasın donsuz,
Tanrı hüzurunda gunahlar sonsuz.
Süsənin göz yaşı boğdu bizi də,
Uddu tənimizi ah dənizi də.
Öldür, qoy mənim də qurtarsın canım,
Sağ qalsam sabahdan başlar divanım.
İzin ver zülümlə ölmüş, Sultanım,
Axar qanlarına qarışsın qanım.
Bu adla yaşamaq vallah zülümdü,
Hər rusvayçılığı örtən ölümdü…

Qoynunda gizlətdiyi bıçağı bağrına soxur. Aypara canından
artıq sevdiyi Sultanın meyidi üstündə can verir. Həkimlər tökülüşüb gəlir. Onu xilas etmək mümkün olmur.

Lamiyə
(dəhşətlə)

Kimə tapşıraraq gedirsən məni?

Aypara
(can üstə)

Mən ki, çox sevirdim dünyada səni…
Sultan belə öldü, yaşamaq çətin.
Allah amanatı, mətin ol, mətin.
Bağışla böyüklük etmədik sənə,
Aman, rəhmət dilə, qızım, ölənə…

Ölür. Həkimlər və şəfqət bacıları bu faciədən
dəhşətə gəlirlər. Hamı donmuş halda bir-birinə baxır.

Lamiyə
(ata və anasının meydi üstündə ağlar)

Altunlar, paralar dağ çəkdi bizə,
Fəlakət gətirdi, var ailəmizə…
Rahatlıq tapmadı əlindən cahan,
Dünyanın köksündə dərya olub qan.
Savaş gün vermədi heç bir millətə,
Atdı ölkələri altun zillətə.
Baş kəsən də bizik, baş kəsdirən də,
Göyləri yerlərdən hey küsdürən də.
Halıma yanmasın bir qətrə Allah,
Günahdan doğulduq, ömrümüz günah.
Ehey, ulu Tanrım, çaxsın şimşəklər,
Ağlasın zəhmindən qorxunc ürəklər.
Çirkaba batıbdı insanlıq yenə,
Məhəl qoyulmayır Allaha, dinə.
Onun əzabıdır sinəmiz ağlar,
Odur ki, Rəbbimiz qapılar bağlar.

(Lamiyə meyidlərin üstünə yıxılır…)

pərdə çökür.
Son.

23.02.1994
Neft Daşları

Yuxarı
© Tanınmış şairə Şirin xanım Kərimbəyli Şadiman. Bütün hüquqlar qorunur.2011.